Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Sual – cavab

 

Neft Fondu nədir?
 
Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarəedilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur.
 
Neft Fondunun vəsaitləri nəyin hesabına formalaşır?
 
Neft Fondunun vəsaiti:
 
1. hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər,
2.  bonuslar,
3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən ödənilən akrhesabı ödənişlər,
4.  dividendlər, 
5.  neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər,
6.  sərmayəçilər tərəfindən təhvil verilən aktivlərdən əldə edilən gəlirlər,
7.  Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər,
8.  qrantlar və digər təmənnasız yardımlar,
9.  qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar hesabına formalaşır.
 
Neft Fondunun vəsaitləri nəyə xərclənir?
 
Neft Fondunun Əsasnaməsinə uyğun olaraq, Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına və bərpasına istifadə oluna bilər.
 
Bundan başqa, Neft Fondu dövlət büdcəsinə transferlər edir. Fondun xərclərinin müəyyən hissəsi isə onun idarə edilməsinə yönəldilir.
 
Neft Fondunun əməliyyat və idarəedilməsi ilə bağlı xərcləri istisna olmaqla, bütün xərcləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığı vasitəsilə həyata keçirilir.
 
Neft Fondu hansı layihələri maliyyələşdirir?
 

Neft Fondu aşağıdakı ümummilli əhəmiyyətə malik layihələrin maliyyələşdirilməsini həyata keçirir:

1)  Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (tamamlanıb);

2) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli layihəsi;

3) Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsi (tamamlanıb);

4)  Samur-Abşeron kanalının rekonstruksiya edilməsi;

5) Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi (tamamlanıb);

6)  “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsi;

7) “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.

2013-cü ildən etibarən Fond  aşağıdakı yeni layihələrin maliyyələşdirilməsini həyata keçirməyə başlamışdır:

Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;

- Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (tamamlanıb);

- "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi;

- Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.

 
Neft Fondu öz büdcəsində nəzərdə tutulmamış xərcləri həyata keçirə bilərmi?
 
Xeyr. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2001-ci il tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»na əsasən Neft Fondunun vəsaiti hesabına Neft Fondunun büdcəsindən kənar hər hansı xərclərin Neft Fondu tərəfindən həyata keçirilməsi yolverilməzdir.

“Büdcə Sistemi haqqında” Qanunda nəzərdə tutulduğu kimi, Neft Fondunun xərcləri icmal dövlət büdcəsinin, yəni dövlət büdcəsinə daxil olan və dövlət büdcəsindən kənar fondların birgə büdcəsinin tərkib hissəsidir. İcmal dövlət büdcəsinin xərcləri isə hər il ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir. Beləliklə hər bir vətəndaş öz seçdiyi millət vəkili vasitəsilə Neft Fondunun büdcəsinin müzakirəsində iştirak edir. Bu Qanuna uyğun olaraq, Fond yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə bilər.
 
Neft Fondu Prezident yanında bir qurumdur?
 
Neft Fondu Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq yaradılmış hüquqi şəxsdir. Neft Fondu Azərbaycan Respublikasının qanunvericiliyi, Fond haqqında Əsasnamə və digər normativ-hüquqi sənədlərlə müəyyən edilən səlahiyyətləri həyata keçirərək müstəqil fəaliyyət göstərir. Neft Fondu Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır. Fond eləcə də, özünün nəzarətedici orqanı olan Müşahidə Şurasına və Milli Məclis tərəfindən yaradılmış Hesablama Palatasına hesabat verir.
 
Fondun yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həyata keçirilir.
 
Neft Fondu necə idarə edilir?
 
Neft Fondunun fəaliyyətinə ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının başlıca vəzifəsi Neft Fondunun İcraçı Direktoru tərəfindən hazırlanan illik büdcə layihəsinə və büdcənin icrası barədə hesabatlara, illik hesabatlara, maliyyə fəaliyyətinin auditinin nəticələrinə rəy verməkdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 73 nömrəli  sərəncamı  ilə Müşahidə Şurasının  6  nəfərdən  ibarət  tərkibi  təsdiq edilmişdir.
 
Neft Fonduna Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən İcraçı Direktor rəhbərlik edir. Neft Fondunun İcraçı Direktoruna Fondu qanuni olaraq təmsil etmək, işçiləri vəzifəyə təyin və vəzifədən azad etmək, Fondun işini təşkil etmək, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq Fondun vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək səlahiyyətləri verilmişdir. İcraçı Direktor Neft Fondunun illik büdcəsini, Fondun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir.
 
Neft Fondunun büdcəsinin icrası Müşahidə Şurası tərəfindən verilmiş rəy əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş Neft Fondunun büdcəsinə, o cümlədən vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramına) və illik xərclər smetasına uyğun olaraq həyata keçirilir.
 
Neft Fondunun valyuta vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalara» uyğun olaraq həyata keçirilir.
 
Neft Fondunun gündəlik idarəedilməsi, habelə vəsaitlərinin yerləşdirilməsi üçün Fondun vəzifəli şəxslərindən ibarət icraedici komitə və investisiya şurası yaradılıb.
 
Neft Fondu Parlamentin nəzarətindən kənardırmı?
 
Neft Fondunun Parlamentin nəzarətindən kənarda olması barədə cəmiyyətdə əsassız fikirlər dolaşmaqdadır. Azərbaycan Respublikasının “Büdcə Sistemi haqqında” Qanununa uyğun olaraq, Neft Fondunun gəlir və xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsi olaraq hər il ölkə parlamenti tərəfindən dövlət büdcəsi layihəsi ilə birlikdə müzakirə edilir və təsdiq edilir. Dövlət büdcəsi layihəsinin təsdiqi prosesində icmal büdcənin kəsirinin (icmal büdcənin gəlir və xərcləri arasındakı fərq), habelə icmal büdcənin xərclərinin yuxarı həddinin məbləğlərinə baxılır və bütün bu göstəricilər dövlət büdcə layihəsi ilə bərabər təsdiq edilir. Neft Fondunun xərcləri isə yalnız Fondun təsdiq olunmuş büdcəsi çərçivəsində həyata keçirilə bilər. Digər tərəfdən “Büdcə Sistemi Haqqında” Qanuna uyğun olaraq, birbaşa Parlamentin nəzarətində olan və ona hesabat verən Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Neft Fondu audit oluna bilər.
 
Eyni zamanda Neft Fondunun fəaliyyətinə ümumi nəzarət yüksək səviyyəli hökumət və parlament nümayəndələrindən ibarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.
 
Bütün bu faktlar Neft Fondunun Parlamentin nəzarətindən kənarda olması barədə iddiaların əsassız olduğunu sübut edir.
 
Neft Fondunun vəsaitləri harada saxlanılır?
 
Neft Fondunun vəsaitlərinin idarə edilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş investisiya qaydaları əsasında həyata keçirilir. Neft Fondunun vəsaiti nüfuzlu və beynəlxalq miqyasda tanınmış maliyyə qurumlarının hesablarında saxlanılır, yüksək reytinqli qiymətli kağızlarda yerləşdirilir.
 
Hal-hazırda Fondun vəsaitləri:
·        inkişaf etmiş xarici ölkələrin dövlət istiqrazlarında,
·        borc kağızlarında,
·        depozitlərdə,
·        pul bazarı alətlərində,
·        daşınmaz əmlakda,
·        və qızılda yerləşdirilmişdir,
 
 
 
Neft gəlirlərindən necə istifadə olunacaq?
 
Neft Fondunda toplanmış neft gəlirlərindən əldə edilən vəsaitlərin səmərəli istifadə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2004-cü il Fərmanı ilə “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya” təsdiq edilmişdir. Bu strategiyada vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrinin geniş miqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, «insan kapitalının» inkişafında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulur.
 
Neft Fondu və Şəffaflıq
 
Neft Fondu fəaliyyətində daim şəffaflıq sahəsinə xüsusi diqqət göstərir. Neft Fondunun hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Neft Fondunun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir.
 
Neft Fondu təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunması üçün gəlir və xərcləri haqqında rüblük, Neft Fondunun fəaliyyəti barədə illik hesabatları mətbuatda və Neft Fondunun rəsmi internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir.
 
Neft Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media nümayəndələri üçün vaxtaşırı mətbuat konfransları təşkil edilir.
 
Neft Fondu Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fəal iştirak edir. Azərbaycan bu təşəbbüsə 2003-cü ildən qoşulmuşdur.
 
Dövlət Neft Fondunun İcraçı Direktoru Azərbaycan hökumətinin 2003-cü ilin noyabr ayında yaratdığı MHŞT üzrə Komissiyanın sədridir. MHŞT-nin Azərbaycanda tətbiqi mexanizmi Komissiya tərəfindən hazırlanıb və bu mexanizmə uyğun olaraq Azərbaycan hökuməti müntəzəm olaraq Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Azərbaycan MHŞT üzrə dünyada ilk hesabatı açıqlayan ölkədir.
 
2007-ci ilin mayında Neft Fondu MHŞT-nin tətbiqinə görə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir.
 
2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş MHŞT üzrə 4-cü beynəlxalq konfransda Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi, Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusu təsdiq edildi. Bununla da Azərbaycan MHŞT-ni tətbiq edən və namizəd statusu almış ölkələr arasında tamhüquqlu üzv satusunu almış ilk ölkə oldu. Kofransda Azərbaycana MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə “2009-cu il MHŞT mükafatı” təqdim edilmişdir.
 
Neft Fondunun rəsmi  internet səhifəsindən hansı məlumatları əldə etmək olar?
 
Neft Fondunun rəsmi internet səhifəsi müntəzəm olaraq yenilənir. Saytda Neft Fondunun tarixi, məqsəd və fəlsəfəsi, onun idarəetmə strukturu, beynəlxalq əlaqələri, maliyyələşdirdiyi layihələr, vəsaitlərinin idarə edilməsi haqqında məlumatı, eləcə də Neft Fondunun fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədləri oxumaq mümkündür. Saytda Fondun vəsaitlərinin xərclənməsi istiqamətləri, gəlir və xərclər barədə rüblük hesabatları, Fondun büdcəsi ilə əlaqədar məlumatları, Fondun fəaliyyəti barədə illik hesabatları, müxtəlif mühüm tədbirlərdə təqdim olunmuş Fondun fəaliyyətinə dair təqdimatları əldə etmək olar. İnternet səhifədə mətbuat guşəsi mövcuddur ki, burada da Neft Fondunun ictimaiyyətlə əlaqələri, informasiya siyasəti, xəbərlər, mətbuatda Neft Fondu barədə dərc edilən materiallar və s. yerləşdirilmişdir.
 
Neft Fondunun internet səhifəsi ilə bağlı təklif və mülahizələrinizi  pr@oilfund.az ünvanına göndərə bilərsiniz.