|
Bakı – Tbilisi – Qars yeni dəmir yolu
2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Gürcüstanın Prezidenti cənab Mixail Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli Saziş (bundan sonra üçtərəfli Saziş) və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında ikitərəfli Saziş (bundan sonra ikitərəfli Saziş), habelə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” (bundan sonra Kredit Müqaviləsi) imzalanmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq. 2011-ci il mayın 18-də Bakı şəhərində ikitərəfli Sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə Protokol imzalanmışdır. Bu dəyişikliklər əsasında 01 iyul 2011-ci il tarixində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında yeni şərtlər çərçivəsində yeni Kredit Müqaviləsi imzalanmışdır. Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası Türkiyə tərəfinin maliyyə vəsaiti hesabına həyata keçiriləcəkdir. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 29 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 160 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının Azərbaycan Respublikası tərəfindən illik dərəcəsi 1% olmaqla, uzadılma imkanı ilə 25 il müddətinə ayrılmış 200 milyon ABŞ dolları həcmində kredit (Tranş A üzrə) və illik dərəcəsi 5% olmaqla, uzadılma imkanı ilə 25 il müddətinə ayrılmış 575 milyon ABŞ dolları həcmində kredit (Tranş B üzrə) hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan – Əlaqələndirici Şura yaradılmışdır. Azərbaycan Respublikası tərəfindən Şuranın həmsədri Nəqliyyat Naziri Ziya Məmmədov, üzvləri isə Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovdur. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2007-ci il 1974 nömrəli Fərmanına uyğun olaraq, “Bakı – Tbilisi - Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Azərbaycan Respublikası Dövlət Neft Fondu həyata keçirir. Bu Fərmana müvafiq olaraq, Azərbaycan Respublikası Hökuməti adından kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2007-ci il tarixli 2222 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Hökuməti tərəfindən ikitərəfli Saziş üzrə səlahiyyətli orqan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi müəyyən edilmişdir. Layihələrin maliyyələşdirilməsinə başlayandan etibarən 01.04.2012 tarixə qədər Dövlət Neft Fondu tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat Nazirliyinə ümumilikdə 286,00 milyon ABŞ dolları, o cümlədən 2012-ci ilin yanvar-mart ayları üzrə 6,1 milyon ABŞ dolları vəsait ayrılmışdır. Bu vəsait Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Gürcüstan və Azərbaycan hökümətləri arasında imzalanmış ikitərəfli sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üçün yaradılmış “Marabda – Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülmüşdür. |









