|
Kadr siyasəti
Dövlət Neft Fondunun fəaliyyətində mühüm əhəmiyyət kəsb edən və daim diqqət mərkəzində olan məsələlərdən biri effektiv kadr siyasətinin həyata keçirilməsidir. Dövlət Neft Fondunun kadr siyasəti Fondda yüksək ixtisaslı və peşəkar kadr potensialının formalaşdırılmasına yönəldilmişdir.
Neft Fonduna işə qəbul ilk əvvəl Fondun rəsmi veb saytında vakant iş yerləri üçün müsabiqə elanının yerləşdirilməsi ilə həyata keçirilir. Bundan sonra Fonda öz CV-lərini göndərmiş şəxslərlə onların şəxsi keyfiyyətlərinin müəyyən edilməsi üçün şifahi müsahibə aparılır. Həmin şəxslərin peşəkarlıq səviyyəsini müəyyənləşdirmək üçün xüsusi yazılı test üsulundan istifadə edilir. Fonda işə qəbul zamanı namizədlərdə həmin vəzifəni yerinə yetirmək üçün xüsusi potensialın olması mühüm faktordur.
Neft Fondunda dünyanın bir çox ölkələrinin – ABŞ, İngiltərə, Fransa, İtaliya, Türkiyənin məhşur universitetlərində təhsil almış şəxslər çalışır.
Ümumilikdə Fondda 80 nəfər çalışır.
Neft Fondunun vəsaitlərinin həcminin artması və əməliyyatlarının genişlənməsi Fondun vəsaitlərinin idarə edilməsinə cəlb edilmiş personalın kəmiyyət və keyfiyyət etibarı ilə inkişafı zərurətini şərtləndirən amillərdir. Bu baxımdan Neft Fondunun kadr resurslarının inkişafı üzrə mütəmadi tədbirlər həyata keçirilir.
Hər il Neft Fondunun aidiyyatı bölmələrinin işçiləri Fondun əməkdaşlıq etdiyi investisiya banklarının, habelə beynəlxalq maliyyə institutlarının təşkil etdiyi çoxsaylı tədris seminarlarında və kurslarında iştirak edirlər.
|