Follow us
      AZ  |  EN  |  Home page         

 

 
Budget_system-1_AZ.pdfBüdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu (02/07/2002)

2003-cü il 13 may tarixli 452-IIQD nömrəli, 2004-cü il 3 dekabr tarixli 791-IIQD nömrəli, 2005-ci il 5 aprel tarixli 876-IIQD nömrəli, 2005-ci il 23 dekabr tarixli 36-IIIQD nömrəli və 2007-ci il 30 noyabr tarixli 488-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunlarına əsasən edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla

 
I FƏSIL
Ümumi müddəalar
 
Bu Qanun Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüqüqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edir.
 
Maddə 1. Qanunda istifadə olunan əsas anlayışlar
Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
1.1.1. büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi;
1.1.2. büdcə təsnifatı – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, təşkilati və digər prinsiplər əsasında qruplaşdırılması;
1.1.3. büdcə ili – yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövr;
1.1.4. təsdiq olunan büdcə ayırmaları – qanunvericiliklə təsdiq olunan və dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə maddələr üzrə xərclənə biləcək vəsaitin yuxarı həddi;
1.1.5. büdcədənkənar dövlət fondları – qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondları;
1.1.6. büdcədənkənar əməliyyatlar – müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən kənarda əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatları;
1.1.7. icmal büdcə – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi;
1.1.8. büdcə kəsiri (defisit) – büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləği;
1.1.9. büdcə artıqlığı (profisit) – büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği;
1.1.10. dövlət büdcəsinin kassa icrası – büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi;
1.1.11. büdcə gəlirləri – Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar;
1.1.12. büdcə xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait;
1.1.12-1. mərkəzləşdirilmiş gəlir – dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir;
1.1.12-2. mərkəzləşdirilmiş xərc – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələ
şdirilməsi ilə bağlı xərclər;
1.1.12-3. yerli gəlir – dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir;
1.1.12-4. yerli xərc – büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər;
1.1.13. büdcə ssudaları – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti;
1.1.14. dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaiti;
qrant – daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı;
subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti;
subsidiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti;
məqsədli büdcə fondları – dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti;
sekvestr – dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı;
1.1.20. müdafiə olunan xərc maddələri – büdcə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləri;
1.1.21. dövlət borcu – müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında alınan və müəyyən olunmuş müddətlərdə qaytarılmasına öhtəlik götürülən maliyyə vəsaiti;
1.1.22. toplu maliyyə balansı - konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədi.
1.1.23. büdcə təşkilatı – maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar;
1.1.24. büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar – mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda bələdiyyələr.
 
Maddə 2. Büdcə sistemi haqqında qanunvericilik
2.1. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, bu Qanuna müvafiq olaraq hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanundan, digər qanunlardan və normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Bu Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, hər ilin dövlət büdcəsi, onun icrası və ona dəyişikliklərin edilməsi, dövlət borcu haqqında qanunlar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarına dövlət büdcəsi hesabına maliyyə təminatı ilə bağlı müddəaların daxil edilməsinə yol verilmir.
 
 Maddə 3. Büdcə sistemi
3.1. Azərbaycan Respublikasında büdcə sistemini Azərbaycan Respublikasının dövlət büdcəsi (bundan sonra - dövlət büdcəsi), Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr təşkil edir.
3.2. Büdcə sistemi bu sistemə daxil olan büdcələrin vahid prinsiplər əsasında fəaliyyətinə və onların müstəqilliyinə əsaslanır.
3.3. Büdcə sisteminin vahidliyi tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını müxtəlif səviyyəli büdcələr arasında bölüşdürmək vasitəsilə büdcələrin qarşılıqlı əlaqəsinə əsaslanır.
Büdcə sisteminin vahidliyi eyni büdcə təsnifatı, büdcə sənədləri və formalarından istifadə olunması, büdcələrin icrasına dair müntəzəm hesabatın və icmal büdcə hesabatının hazırlanması və qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edilməsi yolu ilə təmin edilir.
3.4. Büdcələrin müstəqilliyi mövcud qanunvericiliyə uyğun olaraq mədaxil mənbələrinin və vahid büdcə təsnifatı çərçivəsində xərclərinin istiqamətlərini müəyyənləşdirmək hüququnun olması ilə təmin edilir.
Maddə 4. Büdcə təsnifatı
4.1. Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının (o cümlədən büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının) müqayisəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında vahid büdcə təsnifatı tətbiq olunur.
4.2. Büdcə təsnifatı büdcə gəlirlərinin təsnifatından, büdcə xərclərinin funksional, iqtisadi, təşkilati və sair prinsiplər əsasında tərtib olunmuş təsnifatından ibarətdir. Büdcə təsnifatının gəlirlər, funksional, iqtisadi, təşkilati və sair üzrə tərkibi qanunvericiliklə müəyyən edilir.
 
Maddə 5. Məqsədli büdcə fondları
5.1. Məqsədli büdcə fondları dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin və yerli büdcələrin tərkib hissəsi kimi yaradıla bilər. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola bilərlər.
5.2. Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vəsaitəsilə həyata keçirilir.
5.3. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir”.
5.4. Məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan vəsait onların növbəti ildə gəlirlərinə daxil edilir.
5.5. Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc hissəsində əks etdirilir. Ilin sonuna fondların hesablarında qalan istifadə olunmamış vəsait maliyyələşdirmə mənbəyinə qaytarılır.
 
Maddə 6. Ehtiyat fondları
6.1. Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, təbii fəlakət, digər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün məbləği müəyyən edilən ehtiyat fondu yaradılır.
6.2. Ehtiyat fondunda vəsaitin həcmi növbəti büdcə ilinin gəlirinin 5 faizindən artıq olmamaqla və əvvəlki illərdə bu xərcin faktiki icrası baş verən fövqaladə halların və 6.1-ci maddədə nəzərdə tutulan digər tədbirlərin statistikası nəzərə alınmaqla müəyyən edilir.
6.3. Ehtiyat fondunun vəsaitinin istifadə müddəti büdcə ilinin sonunda başa çatır.
6.4. Ehtiyat fondunun vəsaitindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən təsdiq edilir.
6.5. Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən, lakin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayan tədbirlər üçün dövlət büdcəsində məbləği büdcə xərclərinin 2 faizindən çox olmamaqla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu yaradılır.
6.6. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti yalnız müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.
6.7. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti ölkədə seçkilərin və refendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.
 
Maddə 7. Müdafiə olunan xərc maddələri
7.1. Büdcəyə daxiolmaların vəziyyətindən asılı olmayaraq iqtisadi təsnifatın aşağıdakı maddələri üzrə xərclər müdafiə olunan xərc maddələri hesab edilir və onlara sekvestr tətbiq olunmur:
7.1.1. əmək haqqı;
7.1.2. əmək haqqına üstəlik;
7.1.3. pensiya, başqa sosial müavinətlər və ödənişlər;
7.1.4. dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər;
7.1.5. hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər.
 
II FƏSIL 
Dövlət büdcəsi
 
Maddə 8. Dövlət büdcəsinin məqsədi
1. Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.
2. Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən, yerli gəlir və xərclərdən ibarətdir.
 
Maddə 9. Dövlət büdcəsinin gəlirləri
9.1. Dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir:
9.1.1. dövlət vergiləri;
9.1.2. qrantlar;
9.1.3. digər gəlirlər;
9.2. Dövlət büdcəsi gəlirlərinin yığımı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Gəlirlərin məbləğinin yuxarı həddi dövlət büdcəsinin qanunla təsdiq olunmuş göstəriciləri ilə məhdudlaşmır.
9.3. Qanunvericiliklə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir.
 
Maddə 10. Dövlət büdcəsinin xərcləri
10.1. Dövlət büdcəsinin xərclərinə aşağıdakılar daxildir:
10.1.1. cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr;
10.1.2. əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital qoyuluşları və sahmlərin alınması;
10.1.3. kreditlər üzrə borclara, faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı.
10.2. Büdcə xərcləri müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq olunmuş büdcə ayırmaları həddində cari, investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsinə yönəldilir.
10.3. Hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək səviyyəsini göstərir. Il ərzində faktiki xərclər bu məbləğdən çox ola bilməz.
10.4. Hər ilin dövlət büdcəsi üzrə təsdiq edilmiş ayırmaların icra müddəti büdcə ilinin sonunda başa çatır.
 
Maddə 11. Dövlət büdcəsi layihəsinin
tərtibi prosesi və büdcə təqvimi
11.1. Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.
11.2. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədli proqramlar, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə – təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır.
11.3. Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü on günlüyü ərzində müvafiq icra hakimiyyəti orqanının mətbuatda dərc olunan qərarı ilə başlanılır. Bu qərara uyğun olaraq fevral ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş ölkənin orta müddəti iqtisadi və sosial inkişaf proqramı dəqiqləşdirilir.
11.4. Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqramına müvafiq olaraq, cari ilin mart ayında növbəti il üçün ilkin ortamüddətli büdcə proqnozu (gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və investisiya proqramı tərtib edilir.
11.5. Cari ilin aprel ayının 15-dək dövlət büdcəsinin və investisiya proqramının ilkin layihəsi hazırlanaraq büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu ilə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.
11.6. Cari ilin may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibındə iştirak edən təşkilatlara göndərilir. Bu təlimatda aidiyyatı məlumatlarla yanaşı təşkilatlar və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təklifinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumatlar verilir.
11.7. Büdcə təşkilatlarının xərcləri müəyyən edilərkən onların büdcədənkənar vəsaitləri nəzərə alınır.
11.8. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihəsini cari ilin iyul ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
11.9. Bu Qanunun 11.8.-ci maddəsinə əsasən təqdim olunmuş büdcə layihələrində aşağıdakılar əks etdirilir:
11.9.1. funksional və iqtisadi təsnifatların paraqrafları üzrə keçən ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə xərclərinin məbləği, Naxçıvan Muxtar Respublikası, ölkənin şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği, hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləği, büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı;
11.9.2. funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə keçən ildə əldə edilmiş büdcədənkənar gəlirlərin və xərclərin məbləği, gəlirlərlərin və xərclərin keçən ilin sonuna qalığı, cari ildə və növbəti büdcə ilində büdcədənkənar gəlirlərin və xərclərin məbləğləri;
11.9.3. funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə növbəti il üçün təklif olunan büdcə gəlirlərinin və xərclərinin həcmi, ödənilməli olan verginin və ödənişlərin məbləği, büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər;
11.9.4. iqtisadi və funksional təsnifat, Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə sonrakı üç il üçün gəlirlərin və xərclərin qiymətləndirilməsi;
11.9.5. maliyyələşdirmə mənbəyi göstərilməklə növbəti il və sonrakı üç il üçün iqtisadi və funksional təsnifatın paraqrafları üzrə investisiya proqramları üzrə xərclərin həcmi.
11.10. Avqust ayının 1-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla növbəti il üzrə və orta müddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları dəqiqləşdirilir.
11.11. Müvafiq icra hakimiyyəti orqanı makroiqtisadi göstəricilərin dəqiqləşdirilmiş proqnozuna və hazırlanmış proqramlara əsasən dövlət büdcəsinin layihəsində gəlirləri və xərcləri yenidən hesablayır.
11.12. Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanı iyul-avqust aylarında dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlarla və büdcə təşkilatları, həmçinin Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları ilə, zərurət olduqda bələdiyyələrlə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış büdcə layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir.
11.13. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin tərtibi üçün lazım olan əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən maliyyələşdirilən büdcə təşkilatlarından, zəruriət yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından tələb oluna bilər.
11.14. Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin may ayının 1-dək aşağıdakı sənədləri və məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər:
11.14.1. cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;
11.14.2. növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması;
11.14.3. ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi;
11.14.4. müvafiq icra hakimiyyəti orqanının sorğusuna görə digər materiallar.
11.15. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
11.16. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və bu Qanunla müəyyən edilən digər sənədlərlə birlikdə sentyabr ayının 25-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
11.17. Növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar tərəfindən qanunvericiliklə müəyyən edilən sənədlərin vaxtında müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi büdcənin tərtibi prosesinin pozulmasına səbəb olarsa, həmin təşkilatların vəzifəli şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
 
Maddə 12. Dövlət büdcəsinin layihəsi ilə birlikdə
hazırlanan və təqdim olunan sənədlər
12.1. Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:
12.1.1. növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;
12.1.2. Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;
12.1.3. büdcə-vergi siyasətinin əsas istiqamətləri;
12.1.4. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar;
12.1.5. büdcə gəlirləri təsnifatının funksional, iqtisadi və təşkilati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;
12.1.6. dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat;
12.1.7. növbəti il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində layihəsi;
12.1.8. növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramlarının layihələri;
12.1.9 Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;
12.1.10. qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri;
12.1.11. növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin funksional, iqtisadi və təşkilati təsnifatının paraqrafları səviyyəsində) müqayisəsi;
12.1.12. cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;
12.1.13. büdcədənkənar əməliyyatlara dair icmal hesabat;
12.1.14. keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat;
12.1.15. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.
 
Maddə 13. Növbəti büdcə ili üzrə dövlət büdcəsinə dair
sənədlərin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir.
 
Maddə 14. Dövlət büdcəsi haqqında qanun
layihəsinin dərc edilməsi
Növbəti il üçün dövlət büdcəsinin layihəsi bu Qanunun 12.1.1 – 12.1.10-cu maddələrində göstərilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc edilir.

 
Maddə 15. Növbəti büdcə ili üzrə dövlət
büdcəsi layihəsinin müzakirəsi və təsdiqi
15.1. Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.
15.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının Milli Məclisinin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir.
15.3. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.
15.4. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc maddələri üzrə tam) maliyyələşmənin aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir. Eyni qayda büdcədənkənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir.
 
 
Maddə 16. Növbəti büdcə ili üzrə dövlət büdcəsi
haqqında qanunla təsdiq olunan əsas göstəricilər
16.1. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla aşağıdakı əsas göstəricilər təsdiq olunur:
16.1.1. gəlirlərin və xərclərin ümumi məbləği;
16.1.2. vergilərin dərəcələri;
16.1.3. mədaxil mənbələri üzrə gəlirlərin məbləği;
16.1.4. mənbələr üzrə qrantlar və transfertlər;
16.1.5. ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları;
16.1.6. funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği;
16.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən qrantların, dotasiyaların, subsidiyaların və subvensiyaların məbləği;
16.1.8. büdcə ssudalarının ümumi məbləği və istiqamətləri;
16.1.9. daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğlərı üzrə ödənişlər;
16.1.10. dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi;
16.1.11. sair beynəlxalq öhdəliklərin məbləği;
16.1.12. ehtiyat fondlarının məbləği;
16.1.13. Azərbaycan Respublikasının daxili və xarici borclanmasının (il ərzində götürülə biləcək dövlət borcunun, o cümlədən dövlət istiqrazları hesabına cəlb ediləcək vəsaitin məbləği) və büdcə ili ərzində veriləcək maliyyə zəmanətləri üzrə məbləğin yuxarı həddi;
16.1.14. xərclərin maliyyələşdirilmə ardıcılığı;
16.1.15. dövlət büdcəsinin müdafiə olunan xərc maddələri;
16.1.16. dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləği;
16.1.17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcə kəsirinin yuxarı həddinin məbləği;
16.1.18. icmal büdcənin xərclərinin yuxarı həddinin məbləği;
16.1.19. təsdiq olunması zəruri hesab edilən digər göstəricilər.
16.2. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği qanunla təsdiq olunmuş xərc maddələri çərçivəsində təşkilati təsnifata uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
16.3. Növbəti büdcə ili üzrə dövlət büdcəsi təsdiq edildikdən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada imzalandıqdan sonra mətbuatda dərc olunur.

 
Maddə 17. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərinin büdcə təşkilatlarına çatdırılması
17.1. Müvafiq icra hakimiyyəti orqanı növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən edir.
17.2. Təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ay müddətində büdcə təşkilatlarına çatdırılır.
17.3. Dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmasına görə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
 
 
Maddə 18. Dövlət büdcəsinin icrası
18.1. Dövlət büdcəsi müvafiq icra hakimiyyəti orqanları, onların tabeliyindəki təşkilatlar tərəfındən dövlət xəzinədarlığı vasitəsilə icra edilir.
18.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli şəxsləri tabeliyində olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına və müvafiq maliyyə qaydalarına riayət etmələrinə görə məsuliyyət daşıyırlar. Bu qaydalara riayət etməyən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair məlumatı təqdim etməyən, həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilər.
18.3. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar müəyyən edilmiş formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər:
18.3.1. Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
18.4. Zərurət yarandıqda müvafiq icra hakimiyyəti orqanları təsdiq olunmuş bübcə ayırmaları həddində, bölmələrin xərc maddələri və funksional təsnifatın paraqrafları səviyyəsində iqtisadi təsnifatın yarımmaddələri arasında müvafiq dəyişikliklər edə bilər.
 
Maddə 19. Dövlət büdcəsinin kassa icrası
19.1. Dövlət büdcəsinin kassa icrası dövlət xəzinadarlığı vasitəsilə həyata keçirilir. Dövlət xəzinadarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatların müvafiq uçot qaydalarına uyğun uçotunu aparır.
19.2. Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla) dövlət büdcəsinin kəsirinin bağlanması üçün dövlət təminatı ilə alınmış kreditlər üzrə əməliyyatlar və digər dövlət maliyyə əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir.
19.3. Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.
19.4. Dövlət büdcəsinin icrası prosesində qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Belə öhdəliklər üzrə ödəmələr növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.
19.5. Ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür və həmin vəsait növbəti ilin aidiyyatı büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilə bilər.
19.6. Azərbaycan Respublkası Vergi Məcəlləsinin 22.2-ci maddəsində nəzərdə tutulan vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fonduna vəsaitin ayrılması həmin ilin vergi daxilolmalarının azaldılması hesabına həyata keçirilir.
19.7. Dövlət xəzinədarlığının öhdəsində olan nəğd pul vəsaiti onun vahid hesabında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.
19.8. Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsinin müstəsna səlahiyyəti dövlət xəzinədarlığına məxsusdur. Dövlət xəzinədarlığının razılığı olmadan bu hesabdan hər hansı formada vəsaitin köçürülməsi və ya götürülməsi qadağandır.
19.9 Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürməlidirlər.
19.10. Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi və icmal hesabat müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.
19.11. Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
19.12. Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlar dövlət xəzinədarlığının yazılı icazəsi olmadan bank hesabı aça və ya belə hesabdan istifadə edə bilməzlər. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət xəzinədarlığı əvvəllər verdiyi icazəni geri çağıra bilər.
 
Maddə 20. Dövlət büdcəsinin icrası barədə hesabat
20.1. Dövlət büdcəsinin icrası barədə aylıq hesabat hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir. Hesabatda dövlət büdcəsinin icrası funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan yekunla əks etdirilir.
20.2. Dövlət büdcəsinin icrası barədə rüblük hesabat növbəti rübün birinci ayının sonunadək Azərbaycan Respublikasının Milli Məclisinə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur. Hesabat mətbuatda dərc edilir. Rüblük hesabatda başqa göstəricilərlə yanaşı, gəlir və xərclərin icrasının müqayisəli təhlili verilir. Xərclərin maliyyələşdirilməsində faktiki göstəricilərlə təsdiq olunmuş rəqəmlər arasında fərq yarandıqda, hesabatda bu fərqlə bağlı izahat və dövlət əhəmiyyətli layihələrə dair məlumatlar da əks olunur.
20.3. Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. Hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülən borclar və verilən dövlət təminatları, buraxılmış dövlət istiqrazları və ehtiyat fondundan il ərzində istifadə haqqında məlumatları da əks etdirir.
20.4. Dövlət büdcəsinin gəlirlərinin icrası barədə hesabat dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında hazırlanır.
20.5. Azərbaycan Respublikası Hesablama Palatası öz nizamnaməsinə uyğun olaraq dövlət büdcəsinin icrası barədə hesabatlara və müvafiq qanun layihələrinə dair rəy verir.
20.6. Azərbaycan Respublikasının Milli Məclisi təqdim olunmuş sənədləri müzakirə edir və müvafiq hesabat ili üzrə dövlət büdcəsinin icrası barədə qanunu təsdiq edir.
20.7. Icmal büdcənin icrası barədə rüblük və illik hesabatlar (büdcənin gəlirləri, xərcləri, dövlət borcunun məbləği, kreditlər və s. məlumatlar da daxil olmaqla) mətbuatda dərc edilir.
 
Maddə 21. Dövlət büdcəsinin icrasına nəzarət
21.1. Dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirir.
21.2. Dövlət büdcəsinin icrasına nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
21.3. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılması və vəsaitin təyinatı üzrə istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
21.4. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduqda müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirir.
 
Maddə 22. Dövlət büdcəsinin və icmal büdcənin auditi
Dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır.
 
Maddə 23. Dövlət büdcəsinə yenidən baxılma və
xərclərə sekvester tətbiq olunması
23.1. Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının mühüm şərtidir.
23.2. Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda müvafiq icra hakimiyyəti orqanının təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında dövlət büdcəsinə yenidən baxılması barədə məsələ qaldırıla bilər. Bu zaman dövlət büdcəsinin icrasının vəziyyəti barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi olmalıdır.
23.3. Dövlət büdcəsinin icrası prosesində gəlirlər təsdiq olunmuş məbləğdən az daxil olduqda funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, təşkilati təsnifat üzrə xərclər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada azaldılır.
23.4. Dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin hesabatlar Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komissiyalarında müzakirə edilir.
23.5. Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəriclərdən 30 faiz az olduğu halda, müdafiə olunmuş xərc maddələrinin maliyyələşdirilməsi üçün vəsait çatmadıqda, büdcə kəsirinin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni keçdikdə və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmış təklif olmadıqda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Milli Məclisi qarşısında büdcədə dəqiqləşdirmə aparılması barədə oktyabr ayının 1-dən gec olmayaraq məsələ qaldırır. Cari ilin dəqiqləşdirilmiş dövlət büdcəsi haqqında qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisi oktyabr ayının 15-dən gec olmayaraq təsdiq edir.
 
Maddə 24. Dövlət büdcəsinin kəsiri
24.1. Dövlət büdcəsi kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilir.
24.2. Büdcə kəsirinin maliyyələşməsi dövlət borcu, kredit və digər mənbələr hesabına həyata keçirilir.
 
Maddə 25. Dövlət borcu və ona xidmət göstərilməsi
25.1. Ölkənin sosial və iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin təminatı əsasında borc alına bilər.
25.2. Dövlətin adından borc almaq və onu idarə etmək hüququ müvafiq icra hakimiyyəti orqanına məxsusdur.
25.3. Büdcə ili ərzində alınan dövlət borcunun məbləği, onun istifadəsi və dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir.
25.4. Büdcə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq dövlət borcu üzrə xidmətlər (əsas borc, faiz) tam və vaxtında həyata keçirilməlidir.
Faizlər və borclar kredit müqaviləsinə yaxud dövlət qiymətli kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir.
25.5. Daxili və xarici dövlət borclarının yuxarı həddi müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunla müəyyənləşdirilir.
25.6. Müvafiq icra hakimiyyəti orqanı dövlət borcları üzrə sənədlərin əslinə uyğun olaraq borcların uçotunu aparır və hər rüb onlar haqqında məlumatları mətbuatda dərc etdirir.
 
Maddə 26. Dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respubli-kasının büdcəsi və yerli büdcələr arasında qarşılıqlı əlaqə
Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrlə dövlət büdcəsinin qarşılıqlı əlaqəsi gəlir mənbələrinin, gəlirlərin dotasiya, subvensiya və büdcə ssudaları şəkilində bölüşdürülməsi vəsitəsilə həyata keçirilir.
 
Maddə 27. Dövlət büdcəsi ilə büdcədənkənar
dövlət fondları arasında qarşılıqlı əlaqə
27.1. Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanı və büdcədənkənar dövlət fondları tərəfindən birgə hazırlanmış və təsdiq olunmuş tədbirlər planı vasitəsilə həyata keçirilir. Tədbirlər planı mətbuatda dərc edilir.
27..2. Büdcədənkənar dövlət fondlarının bütün xərcləri (Azərbaycan Respublikası Dövlət Neft Fondunun əməliyyat xərcləri və benəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla) icmal büdcənin xərclərinə daxil edilir. Onların əsaslı xərcləri yalnız Dövlət İnvestisiya Proqramına daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldilir.
27.3. Yerli büdcəyə daxil edilən layihələrin maliyyələşdirilməsi üçün büdcədənkənar dövlət fondlarından ayrılan vəsait müvafiq yerli büdcə vasitəsilə istifadə olunur.
27.4. Büdcədənkənar dövlət fondları ölkədaxili kommersiya fəaliyyətinə sərmayələr qoymur, kreditlər və borc zəmanətləri vermirlər. Azərbaycan Respublikasının Dövlət Neft Fondu səhmlərin alınmasını yalnız beynəlxalq bazarlarda yüksək reytinqli peşəkar menecerlər vasitəsilə həyata keçirir.
27.5. Büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Azərbaycan Respublikası Hesablama Palatasının və büdcədənkənar dövlət fondlarının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Büdcədənkənar dövlət fondları bu hesabatları müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edirlər və rübdə bir dəfə mətbuatda dərc etdirirlər.

 
III FƏSIL
Naxçıvan Muxtar Respublikasının büdcəsinin
tərtibi, təsdiqi, icrası və icrasına nəzarət
 
 Maddə 28. Naxçıvan Muxtar Respublikasının büdcəsi
28.1. Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları ilə, bu Qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir.
28.2. Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş dövlət vergiləri, digər ödənişlər, həmin vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar, habelə digər daxilolmalar hesabına formalaşır.
28.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti Muxtar Respublikasının sosial və iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istifadə edilir.
 
Maddə 29. Naxçıvan Muxtar Respublikasının
büdcəsinin tərtibi, təsdiqi, icrası və icrasına nəzarət
29.1. Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsi bu Qanunla müəyyən edilmiş dövlət büdcəsinin təqviminə və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib olunur.
29.2. Növbəti il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsdiq edilir və Naxçıvan Muxtar Respublikasının mətbuatında dərc olunur.
29.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrası bu Qanuna və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
29.4. Naxçıvan Muxtar Respublikasının büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.
29.5. Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.