|
İctimaiyyətlə əlaqələr
Azərbaycan Respublikası Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyəti ictimaiyyətin bütün nümayəndələri ilə münasibətlərin düzgün koordinasiya edilməsinə və onların Fond haqqında informasiya ehtiyaclarının ödənilməsini təmin etməyə yönəldilmişdir. Dövlət Neft Fondu ictimaiyyət nümayəndələrinin suallarını cavablandırmaqda hər zaman maraqlıdır. Fonda hər gün daxil olan müxtəlif şifahi və yazılı sorğular “İnformasiya əldə etmək” haqqında Qanunda nəzərdə tutulmuş vaxt çərçivəsində və sahibi olduğumuz informasiyanın təmin edilməsi şərtilə cavablandırılır. 2007-ci ilin aprel ayında Fondun “İnformasiya siyasəti” təsdiq edilib. Neft Fondunun informasiya siyasəti onun şəffaf dövlət təşkilatı imicinin qorunmasına və inkişaf etdirilməsinə xidmət edir. İnformasiya siyasətinin əsas prinsipləri aşağıdakılardır: • Azərbaycan Respublikasının qanunlarının tələblərinə, məlumat azadlığını tənzimləyən müəyyən olunmuş norma və qaydalara ciddi əməl edilməsi; • Fondun şəffaflığı təmin etmək maraqlarının qorunması; • informasiyanın ictimaiyyətə müntəzəm və kütləvi informasiya vasitələrinə münasibətdə ədalət prinsipinin qorunması şərti ilə çatdırılması; • açıqlanan informasiyanın dəqiqliyinin təmin olunması; • Fondun sahibi olmadığı informasiyanın konfidensiallığının qorunması. Bu gün bir çox KİV-lər Neft Fondunu onların sorğularını vaxtında və ətraflı cavablandıran dövlət qurumu kimi qiymətləndirirlər. Bu il Neft Fondunun yenilənmiş İnternet saytında mövcud olan avto-sorğu funksiyasından istifadə edən hər kəsin sorğusu Fondun İctimaiyyətlə Əlaqələr şöbəsinin elektron poçtuna daxil olur və sualların qısa bir zaman ərzində cavablandırılması təmin edilir. Sualların vaxtında cavablandırılması ilə yanaşı, bu həm Fondun, həm də sorğu göndərənin işini asanlaşdıran bir prosesdir. Bu funksiyadan istifadə edən sorğu göndərənin Fonda məktubla müraciət etməsinə ehtiyac qalmır və sual əhatə dairəsindən asılı olaraq verilən gün ərzində cavablandırılır.
|