Sual-cavab
Neft Fondu (ARDNF) nədir? Neft Fondunun vəsaiti nəyin hesabına formalaşır? Neft Fondunun vəsaitləri nəyə xərclənir? Neft Fondu hansı layihələri maliyyələşdirir? Neft Fondu öz büdcəsində nəzərdə tutulmamış xərcləri həyata keçirə bilərmi? Neft Fondu Prezident yanında bir qurumdur? Neft Fondu necə idarə olunur? Neft Fondu Parlamentin nəzarətindən kənardırmı? ARDNF-in vəsaiti harada saxlanılır? Neft gəlirlərindən necə istifadə olunacaq? Neft Fondu və Şəffaflıq ARDNF-in Internet saytından hansı məlumatları əldə etmək olar?
Neft Fondu nədir?
Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin:
• toplanmasını,
• səmərəli idarəedilməsini,
• gələcək nəsillər üçün saxlanmasını
təmin edən xüsusi qurumdur.
Neft Fondunun büdcəsi hər il təsdiq edilən və il ərzində Neft Fondunun gəlir və xərclərini müəyyən edən sənəddir. Neft Fondunun büdcəsi dövlətin icmal büdcəsinin hissəsidir.
Fondun vəsaitləri nəyin hesabına formalaşır?
Neft Fondunun vəsaiti:
1. hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər,
2. bonuslar,
3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayeçilər tərəfindən ödənilən akrhesabı ödənişlər,
4. dividendlər,
5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər,
6. sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər,
7. Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər,
8. qrantlar və digər təmənnasız yardımlar,
9. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxil olmalar hesabına formalaşır.
Neft Fondunun vəsaitləri nəyə xərclənir?
Dövlət Neft Fondunun Əsasnaməsinə uyğun olaraq, Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına və bərpasına istifadə oluna bilər.
Bundan başqa, Neft Fondu dövlət büdcəsinə transfertlər edir. Fondun xərclərinin müəyyən hissəsi isə onun idarə edilməsinə yönəldilir.
Fondun əməliyyat və idarəedilməsi ilə bağlı xərcləri istisna olmaqla, bütün xərcləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığı vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının “Büdcə Sistemi haqqında” Qanununa uyğun olaraq, Neft Fondunun xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsidir və hər il dövlət büdcəsi ilə birlikdə ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir. Qanunda nəzərdə tutulduğu kimi, Neft Fondu yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə bilər.
Neft Fondu hansı layihələri maliyyələşdirir?
Dövlət Neft Fondu aşağıdakı ümummilli əhəmiyyətə malik layihələrin maliyyələşdirilməsini həyata keçirir:
1) Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
2) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli layihəsi;
3) Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsi;
4) Samur-Abşeron kanalının rekonstruksiya edilməsi;
5) Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi;
6) “Bakı-Tibilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsi;
7) “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi
Neft Fondu öz büdcəsində nəzərdə tutulmamış xərcləri həyata keçirə bilərmi?
Xeyr. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2001-ci il tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»na əsasən Neft Fondunun vəsaiti hesabına Neft Fondunun büdcəsindən kənar hər hansı xərclərin Neft Fondu tərəfindən həyata keçirilməsi yolverilməzdir.
“Büdcə Sistemi haqqında” Qanunda nəzərdə tutulduğu kimi, Fondun xərcləri icmal dövlət büdcəsinin, yəni dövlət büdcəsinə daxil olan və dövlət büdcəsindən kənar fondların birgə büdcəsinin tərkib hissəsidir. İcmal dövlət büdcəsinin xərcləri isə hər il ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir. Bu Qanuna uğun olaraq, Fond yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə bilər.
Neft Fondu Prezident yanında bir qurumdur?
Dövlət Neft Fondu Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq yaradılmış bir hüquqi şəxsdir. Neft Fondu Azərbaycan Respublikasının qanunvericiliyi, Fond haqqında Əsasnamə və digər normativ-hüquqi sənədlərlə müəyyən edilən səlahiyyətləri həyata keçirərək müstəqil fəaliyyət göstərir. Fond Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır. Fond eləcə də, özünün nəzarətedici orqanı olan Müşahidə Şurasına və Milli Məclis tərəfindən yaradılmış Hesablama Palatasına hesabat verir.
Fondun yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həyata keçirilir.
Neft Fondu necə idarə edilir?
Neft Fondunun fəaliyyətinə ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının başlıca vəzifəsi:
• Neft Fondunun İcraçı Direktoru tərəfindən hazırlanan illik büdcə layihəsinə və büdcənin icrası barədə hesabatlara,
• illik hesabatlara,
• maliyyə fəaliyyətinin auditinin nəticələrinə
rəy verməkdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 73 nömrəli sərəncamı ilə Müşahidə Şurasının 7 nəfərdən ibarət tərkibi təsdiq edilmişdir.
Neft Fonduna Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən İcraçı Direktor rəhbərlik edir.
ARDNF-nin İcraçı Direktoruna:
• Fondu qanuni olaraq təmsil etmək,
• işçiləri təyin və azad etmək,
• Fondun işini təşkil etmək,
• Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq Fondun vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək
səlahiyyətləri verilmişdir. İcraçı Direktor ARDNF-nin illik büdcəsini, Fondun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir.
Neft Fondunun büdcəsinin icrası Müşahidə Şurası tərəfindən verilmiş rəy əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş Neft Fondunun büdcəsinə, o cümlədən vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramına) və illik xərclər smetasına uyğun olaraq həyata keçirilir.
Neft Fondunun valyuta vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalara» uyğun olaraq həyata keçirilir.
Fondun gündəlik idarəedilməsi, habelə vəsaitlərin yerləşdirilməsi üçün Fondun vəzifəli şəxslərindən ibarət icraedici komitə və investisiya şurası yaradılıb.
Neft Fondu Parlamentin nəzarətindən kənardırmı?
Neft Fondunun Parlamentin nəzarətindən kənarda olması barədə cəmiyyətdə əsassız fikirlər dolaşmaqdadır. Azərbaycan Respublikasının “Büdcə Sistemi haqqında” Qanununa uyğun olaraq, Neft Fondunun gəlir və xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsi olaraq hər il ölkə parlamenti tərəfindən dövlət büdcəsi layihəsi ilə birlikdə müzakirə edilir və təsdiq edilir. Dövlət büdcəsi layihəsinin təsdiqi prosesində icmal büdcənin kəsirinin (icmal büdcənin gəlir və xərcləri arasındakı fərq), habelə icmal büdcənin xərclərinin yuxarı həddinin məbləğlərinə baxılır və bütün bu göstəricilər dövlət büdcə layihəsi ilə bərabər təsdiq edilir. Neft Fondunun xərcləri isə yalnız Fondun təsdiq olunmuş büdcəsi çərçivəsində həyata keçirilə bilər. Digər tərəfdən “Büdcə Sistemi Haqqında” Qanuna uyğun olaraq, birbaşa Parlamentin nəzarətində olan və ona hesabat verən Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Neft Fondu audit oluna bilər.
Eyni zamanda Neft Fondunun fəaliyyətinə ümumi nəzarət yüksək səviyyəli hökumət və parlament nümayəndələrindən ibarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.
Bütün bu faktlar Neft Fondunun Parlamentin nəzarətindən kənarda olması barədə iddiaların əsassız olduğunu sübut edir.
Neft Fondunun vəsaitləri harada saxlanılır?
Neft Fondunun vəsaitlərinin idarə edilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş investisiya qaydaları əsasında həyata keçirilir. Fondun vəsaiti nüfuzlu və beynəlxalq miqyasda tanınmış maliyyə qurumlarının hesablarında saxlanılır, yüksək reytinqli qiymətli kağızlarda yerləşdirilir.
Hal-hazırda Fondun vəsaitləri:
• inkişaf etmiş xarici ölkələrin dövlət istiqrazlarında,
• borc kağızlarında,
• depozitlərdə,
• və pul bazarı alətlərində
yerləşdirilmişdir.
Neft gəlirlərindən necə istifadə olunacaq?
Neft Fondunda toplanmış neft gəlirlərindən əldə edilən vəsaitlərin səmərəli istifadə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2004-cü il Fərmanı ilə “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya” təsdiq edilmişdir. Bu strategiyada vəsaitlərin aktiv şəkildə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrin geniş miqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, «insan kapitalının» inkişafına, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulur.
Neft Fondu və Şəffaflıq
Dövlət Neft Fondu fəaliyyətində daim şəffaflıq sahəsinə xüsusi diqqət göstərir. Neft Fondunun hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Neft Fondunun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir.
Neft Fondu təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunması üçün gəlir və xərcləri haqqında rüblük, ARDNF-in fəaliyyəti barədə illik hesabatları mətbuatda və Neft Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir.
Neft Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media nümayəndələri üçün vaxtaşırı mətbuat konfransları təşkil edilir.
Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fəal iştirak edir. Azərbaycan bu təşəbbüsə 2003-cü ildən qoşulmuşdur.
Dövlət Neft Fondunun İcraçı Direktoru Azərbaycan hökumətinin 2003-cü ilin noyabr ayında yaratdığı MHŞT üzrə Komissiyanın sədridir. MHŞT-nin Azərbaycanda tətbiqi mexanizmi Komissiya tərəfindən hazırlanıb və bu mexanizmə uyğun olaraq Azərbaycan hökuməti müntəzəm olaraq Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Azərbaycan MHŞT üzrə dünyada ilk hesabatı açıqlayan ölkədir.
2006-cı il oktyabrın 14-16-da Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş MHŞT üzrə 3-cü Beynəlxalq Konfransda Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması və Təşəbbüsün fəaliyyətinin koordinasiya edilməsi məqsədilə İdarə Heyətinin yaradılması qərara alınmışdır.
Azərbaycan Təşəbbüsün həyata keçirilməsində lider ölkə kimi İdarə Heyətinə üzv qəbul olunmuşdur. 2007-ci ilin mayında Dövlət Neft Fondu MHŞT-nin tətbiqinə görə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir.
ARDNF-nin internet saytından hansı məlumatları əldə etmək olar?
ARDNF-nin İnternet saytı müntəzəm olaraq yenilənir. Saytda ARDNF-nin tarixi, onun idarəetmə strukturu, formalaşması mənbələri haqqında ümumi məlumatı, eləcə də Fondun fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədləri oxumaq mümkündür. Saytda Fondun vəsaitlərinin xərclənməsi istiqamətləri, gəlir və xərclər barədə rüblük hesabatları, Fondun büdcəsi ilə əlaqədar məlumatları, Fondun fəaliyyəti barədə illik hesabatları, müxtəlif mühüm tədbirlərdə təqdim olunmuş Fondun fəaliyyətinə dair təqdimatları əldə etmək olar.
ARDNF-nin İnternet saytında MHŞT ilə bağlı xüsusi bölmə vardır ki, burada Təşəbbüsün Azərbaycanda həyata keçirilməsinə dair ən son xəbərləri oxumaq olar. Bundan başqa saytda, Neft Fondu, eləcə də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi ilə əlaqədar proseslər barədə yerli və xarici mətbuatın dərc etdirdiyi yazılarla tanış olmaq mümkündür.
Dövlət Neft Fondunun İnternet səhifəsi ilə bağlı təklif və mülahizələrinizi office@oilfund.az ünvanına göndərə bilərsiniz.
Çap üçün versiya
|