1994-cü ildən etibarən Azərbaycan Respublikasında həyata keçirilən ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu neft strategiyası çərçivəsində xarici sərmayəçilərlə ölkəmizin neft-qaz ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan bir sıra sazişlər imzalanmışdır. Bu sazişlərin həyata keçirilməsindən ilk gəlirlərin əldə edilməyə başlaması onların səmərəli istifadəsi məsələsini gündəmə gətirmişdir. Məhz belə bir mexanizmin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Dövlət Neft Fondu təsis edilmişdir.
Neft Fondunun fəaliyyəti neft və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan vəsaitin toplanması və səmərəli idarə edilməsi vasitəsi ilə ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəlmişdir:
- birincisi, böyük həcmdə daxil olan xarici valyuta gəlirləri şəraitində ölkədə makroiqtisadi sabitliyin qorunması və maliyyə-vergi intizamının təmin edilməsi, eyni zamanda, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;
- ikincisi, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitinin toplanması;
- və nəhayət, üçüncüsü, ölkəmizin sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm ümummilli layihələrin maliyyələşdirilməsi.