|
Müşahidə Şurası
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin toplanması və xərclənməsi sahəsindəki fəaliyyətinə Müşahidə Şurası nəzarət edir. Şura Fondun illik büdcə layihəsini, illik hesabat və maliyyə hesabatını, auditor rəyi ilə birlikdə nəzərdən keçirir və rəy verir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Müşahidə Şurasının üzvləri dövlət orqanlarını və ictimai təşkilatları təmsil edirlər.
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 73 nömrəli sərəncamına uyğun olaraq müşahidə şurasının 7 üzvü təyin edilmişdir.
Müşahidə Şurasının üzvləri
Müşahidə Şurasının iclasları zərurət olduqca lakin rübdə bir dəfədən az olmayaraq keçirilir.
İdarəetmə: İcraçı Direktor
ARDNF-nin idarə edilməsinə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilən və ona hesabat verməli olan İcraçı Direktor rəhbərlik edir. ARDNF-nin İcraçı Direktoruna Fondu qanuni olaraq təmsil etmək, işçiləri təyin və azad etmək, Fondun işini təşkil etmək, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq Fondun vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək səlahiyyətləri verilmişdir. İcraçı Direktor ARDNF-nin illik büdcəsini, Fondun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Azərbaycan Respublikası Prezidentinin 15 may, 2006-cı il tarixli Sərəncamı ilə cənab Şahmar Mövsümov Fondun İcraçı Direktoru vəzifəsinə təyin edilmişdir.
Mövsümov Şahmar Arif oğlu
![icraci [AZ] icraci [AZ]](http://www.oilfund.az/pub/tiny_upload/shahmar_movsumov.jpg)
2006-cı il mayın 15-də Şahmar Mövsümov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifəsinə təyin edilmişdir.
O, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. Harvard Universitetinin Con Kennedi adına hökumət məktəbində dövlət maliyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin dissertantıdır. ABŞ və Avropada bir çox treninqlər keçib. 1995-ci ildən Azərbaycan Respublikası Milli Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, department direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb. ARDNF-nin icraçı direktoru vəzifəsinə təyin olunanadək o, Milli Bankın Baş direktoru vəzifəsində işləyib. O, ipoteka kreditləşməsinin Azərbaycan modelinin yaradıcısıdır və bu model əsasında 2005-ci ildə İpoteka kreditləşməsi konsepsiyası və müvafiq qanunvericilik paketi yaradılmışdır.
2006-cı il 30 noyabr tarixindən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə hökumət Komissiyasının sədridir.
İngilis, Fransız, Rus, Türk dillərində danışır.
Evlidir, üç övladı var.
|