|
Dövlət Neft Fondunun vəsaitlərinin idarəedilməsi
Fondun vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilən, 2001-ci il 21 dekabr tarixli 607 nömrəli Fərmanı və 2005-ci il 1 mart tarixli 202 nömrəli Fərmanı ilə dəyişdirilən "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a (İnvestisiya təlimatı) əsasən idarə olunur.
Neft Fondunun valyuta vəsaitlərinin bu qaydalara uyğun olaraq idarə edilməsi Fondun valyuta vəsaitlərinin təhlükəsiz saxlanılması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır.
Azərbaycan Respublikasında Neft Fondunun valyuta vəsaitləri üzrə hesablaşma hesabları yalnız Azərbaycan Respublikasının Milli Bankında açılır. Respublika hüdudlarından kənarda isə Fondun vəsaitləri beynəlxalq reytinq agentlikləri Standard ənd Purz "AA-" , Mudiz "Aa3" və Fiç "AA-" uzunmüddətli öhdəliklər üzrə kredit reytinqindən aşağı olmayan reytinqə malik olan banklarda açıla bilər.
Fondun beynəlxalq maliyyə bazarlarında tərəf müqabili uzunmüddətli öhdəliklər üzrə investisiya dərəcəli kredit reytinqindən (Standard ənd Purz "BBB", Fiç "BBB" və ya Mudiz "Baa") aşağı olmayan reytinqə malik olan maliyyə qurumları ola bilər.
Bir maliyyə qurumunun (mərkəzi banklar, depozitari banklar və eyni maliyyə qurumunun xarici menecer kimi çıxış etməsi halları istisna olmaqla) və ya bir investisiya aktivinin İnvestisiya portfelindəki maksimal xüsusi çəkisi ümumi investisiya portfelinin məcmu dəyərinin 15% -i həddində müəyyən edilmişdir.
İnvestisiya portfelinin valyuta tərkibi
Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50%-i ABŞ dollarında ifadə olunan aktivlərə; 40%-i AVRO-da ifadə olunan aktivlərə; 5%-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; digər 5%-i isə dünya bazarlarındakı vəziyyətdən asılı olaraq aşağıda göstərilən istiqamətlər üzrə yerləşdirilə bilər:
- "A" (Standart and Purz, Fiç)və ya "A2" (Mudiz) kredit reytinqindən aşağı olmayan uzunmüddətli ölkə (suveren borc) reytinqinə malik olan ölkələrin valyutalarına,
- ABŞ dollarında və ya xüsusi çəkidəki mütənasiblik əsasında bölüşdürülərək ABŞ dolları, AVRO və İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə.
Xarici menecerlər
Fondun vəsaitlərinin bir hissəsinin idarə edilməsi xarici menecerlərə həvalə edilə bilər. İnvestisiya portfelinin xarici menecerlərin idarə edilməsinə verilən vəsaitinin həcmi aşağıdakı kimi müəyyən edilmişdir:
- Xarici menecerlərə idarəetməyə verilən investisiya portfelinin həcmi Fondun investisiya portfelinin məcmu dəyərinin 60%-dən artıq ola bilməz,
- Tək bir xarici menecerə idarəetməyə verilən investisiya portfelinin minimal həcmi 30 milyon ABŞ dollarından az, maksimal həcmi isə investisiya portfelinin cari məcmu dəyərinin 15%-dən artıq ola bilməz.
Törəmə maliyyə alətləri
Dövlət Neft Fondunun investisiya portfelinə valyuta arbitrajı, svoplar, forvard və fyuçers əqdləri spekulyasiya məqsədləri üçün daxil edilə bilməz. Qiymətli metal və daşlar, habelə daşınmaz əmlak sahələrində investisiyalara da yol verilmir.
Neft Fondunun investisiya siyasəti barədə Fondda hər rüb keçirilən mətbuat konfranslarında ictimaiyyətə ətraflı məlumat verilir.
|