Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Təşkilatlarla əməkdaşlıq

Neft Fondunun iqtisadi siyasət və iqtisadi tərəfdaşlıq fəaliyyətini aşağıdakı kimi qruplaşdırmaq olar: 

  • Dünya Bankı ilə əməkdaşlıq;
  • Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq;
  • Amerika Ticarət və İnkişaf Agentliyi ilə əməkdaşlıq;
  • Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq;
  • Suveren Fondların Beynəlxalq Forumu çərçivəsində əməkdaşlıq;
  • Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü çərçivəsində əməkdaşlıq.

 

Dünya Bankı ilə əməkdaşlıq

Dünya Bankı (DB) ilə iqtisadi sahədə əməkdaşlığın əsası 2001-ci ildən qoyulmuşdur. DB neft ehtiyatlarını məqsədli idarə etmək, dövlətin institusional imkanlarını artırmaq məqsədilə Azərbaycan hökuməti ilə işləməyə başlamışdır. Bu nüfuzlu təşkilat Neft Fondunun fəaliyyətini, o cümlədən Fondun vəsaitlərinin idarə olunması və illik büdcəsinin tərtibi və icrası qaydalarını tənzimləyən normativ aktların icrası qaydalarının beynəlxalq standartlara uyğunluğuna dair ekspertiza keçirmiş və müsbət qiymətləndirmişdir.
 
Bu qurumla sıx iqtisadi əməkdaşlığın və Fondun durmadan artan valyuta ehtiyatlarının düzgün idarə olunmasını koordinasiya etmək məqsədilə 2006-cı ildə Dünya Bankının nümayəndələri müntəzəm olaraq Neft Fonduna səfərlər etmişlər və bu birgə yeni iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaratmışdır. DB-nin bir çox sahələrdə keçirdiyi seminar və treninqlərdə Neft Fondunun əməkdaşları da iştirak etmişlər.
 
Dünya Bankı ilə Neft Fondu arasında rəsmi əməkdaşlığın əsası 2006-cı ilin dekabr ayının 6-da imzalanmış “Vəsaitlərin idarə olunması və konsaltinq razılaşması” müqaviləsindən sonra qoyulmuşdur. Bu müqavilənin imzalanmasından sonra 2007-ci ilin 31 yanvar tarixindən etibarən Neft Fondu 100 milyon ABŞ dolları məbləğində vəsaiti xarici menecer kimi Dünya Bankına etibarlı idarə etməyə vermişdir.
 
İmzalanmış bu razılaşma çərçivəsində 2007-ci ilin əvvəlindən başlayaraq Neft Fondunun əməkdaşları DB tərəfindən təşkil olunan seminarlarda iştirak etmişdir. Bu isə öz növbəsində Neft Fondunun əməkdaşlarının yüksək bilik və bacarıqlarının artırılmasına, peşəkar təcrübənin əldə olunmasına kömək etmişdir. Dünya Bankı tərəfindən keçirilən seminarlar əsasən bir neçə sahəni: İdarəetmə və investisiya siyasəti, sabit gəlirli portfelin idarə olunması, portfelin analizi və risklərin idarə olunması, investisiyaların idarə olunması və s. əhatə edir.
 
Eyni zamanda, Dünya Bankı uzun müddət ərzində əldə etdiyi böyük iş təcrübəsini Neft Fondunun əməkdaşları ilə bölüşmək məqsədilə mütəmadi olaraq onlarla görüşlər keçirir.
 
 

 
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq 

Beynəlxalq Valyuta Fondu (BVF) ilə iqtisadi münasibətlərin əsası 2001-ci ildən etibarən qoyulmuşdur. BVF Azərbaycanda bir sıra sahələrdə, o cümlədən dövlət xərclərinin idarə olunması, vergi-gömrük siyasəti və idarə olunması, bank nəzarəti, mərkəzi bankçılıq, pul siyasəti və statistika sahələrində texniki yardım göstərmişdir. Əsasən uzunmüddətli neft strategiyasının nəticələrinin təhlili sahəsində əməkdaşlıq aparılır. Həmçinin BVF ölkənin iqtisadi artım tempi barədə rəy verir, büdcəni proqnozlaşdırır, Neft Fondunun aktivlərinin gələcək illərdə nə qədər artım tempinə malik olması barədə məlumat verir. 2009-cu ilin sonunda dünya iqtisadi böhranı demək olar ki, əksər ölkələrin iqtisadiyyatını dondurduğu bir zamanda BVF-nin nəticələrinə əsasən Neft Fondu öz aktivlərinin idarə edilməsindən gəlir əldə edən yeganə suveren fond olmuşdur.
 
BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Oemes Neft Fondunun 2008 - 2009-cu il iqtisadi siyasətini ideal adlandırmış və çox yüksək qiymətləndirmişdir. O qeyd etmişdir: “Biz Neft Fondunun aktivlərini idarə etmək fəaliyyətini yüksək qiymətləndiririk və onun iqtisadi siyasətinin effektivliyini alqışlayırıq. Neft Fondunun bu cür fəaliyyətinə heç bir şərhimiz və tövsiyəmiz yoxdur.”
 



Amerika Ticarət və İnkişaf Agentliyi ilə əməkdaşlıq 

Amerika Ticarət və İnkişaf Agentliyi (TİA) ilə əlaqələr Amerika Ticarət Palatasının nümayəndələrinin Neft Fondu ilə 2002-ci ildə yaxından tanışlığından sonra başlamışdır. 
2004-cü il mayın 19-da TİA ilə Neft Fondu arasında Neft Fondunun İnstitusional Quruculuğunun təkmilləşdirilməsi layihəsinin birinci mərhələsinin həyata keçirilməsi məqsədilə 1 091 840 ABŞ dolları məbləğində texniki yardım barədə qrant sazişi imzalanmışdır. Qrant sazişini Neft Fondunun İcraçı Direktoru S.Şərifov və ABŞ-ın Azərbaycandakı səfiri R.Harniş imzalamışlar. Qrant sazişinə əsasən texniki yardım Fondun valyuta vəsaitlərinin yerləşdirilməsi işinin təkmilləşdirilməsini, bununla bağlı müvafiq risklərin qiymətləndirilməsini, xarici menecerlərin seçilməsi meyarlarının müəyyən edilməsini və onların iş göstəricilərinin monitorinqini və dəyərləndirilməsini, aktivlərin qeydiyyatı və uçotu üzrə ixtisaslaşdırılmış proqram təminatının alınması üçün tələblərin müəyyənləşdirilməsini nəzərdə tuturdu. Texniki yardım həm də Fondun struktur bölmələri arasında beynəlxalq standartlara uyğun vəzifə bölgüsünə və qarşılıqlı hesabatlılığa dair təkliflərin təqdim edilməsi, habelə Fondun əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətlərini əhatə etmişdir. Layihəni həyata keçirmək üçün ABŞ-ın “Overture Financial Services LLC” şirkəti cəlb edilmişdir.
 
2007-ci il fevralın 7-də TİA ilə Neft Fondu arasında Neft Fondunun İnstitusional Quruculuğunun təkmilləşdirilməsi layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi məqsədilə 855 075 ABŞ dolları məbləğində texniki yardım barədə qrant sazişi imzalanıb. Qrant sazişini Neft Fondunun İcraçı Direktoru Ş.Mövsümov və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin Avropa ölkələri üzrə Direktoru D.Stayn imzalayıb. ABŞ-ın “Overture Financial Services LLC” şirkəti tərəfindən həyata keçirilmiş layihənin ikinci mərhələsi investisiya portfelinin idarə olunması sisteminin gəlirliliyinin qiymətləndirilməsi sisteminin və təkmilləşdirilmiş mühasibatlıq sisteminin seçilməsi və qurulması üçün Neft Fonduna məsləhətçi xidmətlərin göstərilməsini, quraşdırılmış sistemlərin inteqrasiyasını, həmçinin Fondun valyuta vəsaitlərinin idarə edilməsi üzrə fonddaxili prosedurlar barədə təlimatın yenilənmiş variantının hazırlanmasını nəzərdə tuturdu.
 
2009-cu il sentyabrın 28-də TİA ilə Neft Fondu arasında Neft Fondunun İnstitusional Quruculuğunun təkmilləşdirilməsi layihəsinin üçüncü mərhələsi üzrə texniki yardım üçün mal və xidmət xərclərinin qismən maliyyələşdirilməsinə dair 250 000 ABŞ dolları məbləğində qrant sazişi imzalanıb. Qrant sazişini Neft Fondunun İcraçı Direktoru Ş.Mövsümov və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin Avropa və Avrasiya ölkələri üzrə Direktoru S.Qrinit imzalayıb. Üçüncü mərhələ Neft Fondunda risklərin idarə edilməsi sisteminin və Fondun mütəxəssisləri üçün treninq idarəetmə sisteminin qurulması üzrə məsləhətçi xidmətlərin göstərilməsini nəzərdə tutur. Layihəni həyata keçirmək üçün əvvəlki mərhələlərdə olduğu kimi ABŞ-ın “Overture Financial Services LLC” şirkəti cəlb edilmişdir.
 

 
 

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq

2010-cu ildə Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən özəl investisiya fondu Afrika, Latın Amerikası və Karib Fondu yaradılmışdır. Özəl investisiya fondları alternativ investisiyalar sinfinə daxildir və adi investisiya alətlərindən (məsələn bank depozitləri, istiqrazlar, iri şirkətlərin səhmləri və s.) bir sıra xüsusiyyətlərinə görə fərqlənir. İlk növbədə uğurlu özəl investisiya fondlarının gəlirliliyi adi investisiya alətlərinin gəlirliliyindən xeyli artıq olur. Bunun əsas səbəbi ondan ibarətdir ki, özəl investisiya fondları yeni yaradılan, kiçik və ya orta miqyaslı və həmçinin ilk mərhələdə kapital bazarına adekvat çıxışı olmayan şirkətlərə vəsait yatırır, belə şirkətlərin gəlir gətirmə potensialı isə çox yüksək olur. Özəl investisiya fondlarının başqa bir səciyyəvi xüsusiyyəti də onların uzun müddətli, qeyri-likvid investisiya aləti olmasıdır. Özəl investisiya fondlarına vəsaitlər bir qayda olaraq 10 il müddətinə və ya daha artıq müddətə yatırılır. Bu, özəl investisiya fondlarının mahiyyətindən irəli gələn bir xüsusiyyətdir.
 
BMK-nın Afrika, Latın Amerikası və Karib Fondunda 1 milyard ABŞ dolları həcmində vəsaitin toplanması nəzərdə tutulur və bu vəsait BMK-nın Aktivlərin İdarəedilməsi Şirkəti tərəfindən idarə ediləcəkdir. Bu isə öz növbəsində ilk dəfə olaraq BMK ilə birgə suveren və təqaüd fondları kimi investorlara özəl səhm şəklində sərmayə yatırmaqla inkişaf edən ölkə bazarlarında imkanların artırılmasına şərait yaradacaqdır.
 
İlkin tranşda BMK-nın Afrika, Latın Amerikası və Karib Fondu 600 milyon ABŞ dolları məbləğində vəsaiti idarə edəcək ki, bu vəsaitin də 100 mln. ABŞ dollarının Neft Fondu tərəfindən ayrılması nəzərdə tutulur.
 
BMK ilə əməkdaşlıq inkişaf edən ölkələrə zəngin əməli təcrübə gətirir və bu bazarlarda investisiya keyfiyyətinin təsirli şəkildə yüksəldilməsinə imkan yaradır.
 
Bu Neft Fondunun beynəlxalq iqtisadi əlaqələrində çox mühüm addımdır, çünki Fond tarixində ilk dəfə digər beynəlxalq maliyyə qurumları və suveren fondlarla əməkdaşlığa başlamışdır.
 


 

Suveren Fondların Beynəlxalq Forumu çərçivəsində əməkdaşlıq

Suveren Sərvət Fondları - maliyyə ehtiyatlarını istiqrazlar, əmlak, qiymətli metallar və ya digər maliyyə alətləri təşkil edən, təbii sərvətlərdən əldə edilən gəlir hesabına formalaşan dövlət maliyyə fondlarıdır. Bu termin ilk dəfə 2005-ci ildə işlədilmişdir. 
 
2009-cu il aprelin 5-6-da Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilmiş Suveren Fondların Beynəlxalq İşçi Qrupunun iclasında Suveren Fondların Beynəlxalq Forumunun yaradılması haqqında qərar qəbul edilmişdir. Neft Fondu bu Beynəlxalq Forumun üzvüdür. 
 
Dövlət Neft Fondu Suveren Fondların Beynəlxalq Forumu (SFBF) vasitəsi ilə digər Suveren Fondlar (SF) ilə əməkdaşlığını davam etdirir. SF-nin könüllülük prinsipi əsasında yaradılmış qrupu olan SFBF-nin üzvləri onların ümumi maraqlarına uyğun olan məsələlərin müzakirəsi ilə əlaqədar mütəmadi olaraq görüşür və fikir mübadiləsi edir, habelə SF-nin fəaliyyəti və Santyaqo Prinsiplərinin (SP) anlaşılmasına yardım edir. SFBF-nin ilk görüşü 2009-cu ilin 8-9 oktyabr tarixlərində Azərbaycan hökuməti və Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir. SP-nin 24-cü prinsipinə əsasən, ARDNF SP-nin tətbiqi ilə bağlı ilk hesabatını hazırlamışdır və onun illik əsasda nəzərdən keçirilməsi planlaşdırılır.
  
 
 
 
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü çərçivəsində əməkdaşlıq

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü(MHŞT) xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir. (daha ətraflı məlumat üçün bax: www.eiti.az)