1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalandı. Sonralar ''Əsrin müqaviləsi'' adı ilə tanınan bu saziş Azərbaycanda yeni neft sazişlərinin imzalanması üçün geniş yol açdı. Neft strategiyasının reallaşması sayəsində Azərbaycanın enerji təhlükəsizliyi, dünya birliyində etibarlı ölkə və etibarlı tərəfdaş kimi təqdim olunması təmin olundu.
Ümummilli liderimiz Heydər Əliyev artan neft gəlirlərini ölkə iqtisadiyyatına düzgün istiqamətləndirmək məqsədilə uzunmüddətli neft strategiyası proqramını hazırlamışdır. Uzunmüddətli inkişaf proqramı olaraq həyata keçirilən neft strategiyasının əsas məqsədini ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsi təşkil edir. Milli Neft Strategiyasının əsasını xarici sərmayənin və təcrübənin cəlb olunması, çoxvariantlı ixrac sisteminin yaradılması və əldə olunmuş gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunması təşkil edir.
Neft strategiyasının növbəti mərhələsində ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi. Bu məqsədlə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilmişdir. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Neft ilə zəngin olan ölkələrdə neft fondlarının, suveren sərvət fondlarının və yaxud digər bu kimi qurumların təsis edilməsi bu dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Hazırda Neft Fondu institusional cəhətdən çox yüksək formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan bir quruma çevrilmişdir.
Bir sıra dünya dövlətlərində Neft Fondu ilə oxşar cəhətləri olan analoji fondlar fəaliyyət göstərməkdədir. Neft Fondu yaradılarkən bu fondların təcrübəsinə istinad etməklə yanaşı, yerli xüsusiyyətlər və mövcud ehtiyaclar nəzərə alınmış və neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan bir model seçilmişdir.
Yaradıldığı gündən şəffaflıq Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən biridir. Neft Fondu institusional cəhətdən və şəffaflığın təmin edilməsi baxımından çox yüksək səviyyədə inkişaf edib, müasir standartlara cavab verən, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına xidmət edən bir çox nailiyyətlər əldə edib.