AZ  |  EN  |  Ana səhifə         

 

 
Məqsəd və fəlsəfə

Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu uzunmüddətli neft strategiyası çərçivəsində xarici sərmayəçilərlə ölkəmizin neft-qaz ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan bir sıra sazişlər imzalanmışdır. Bu sazişlərin həyata keçirilməsi onlardan əldə edilən gəlirlərin səmərəli istifadə məsələsini gündəmə gətirmişdir. Məhz bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilmişdir.

Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft Fondunun təsis edilməsinin əsas məqsədiölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir.


Azərbaycanda Neft Fondunun fərqləndirici xüsusiyyətlərindən biri onun Mərkəzi Bankda xüsusi hesab formasında deyil, ayrıca idarəetmə strukturuna malik hüquqi şəxs qismində yaradılmasıdır. Neft Fondunun gəlir və xərclərinin dövlət büdcəsi ilə əlaqəsi yalnız dövlət idarəetmə sektorunun ümumiləşdirilmiş gəlir və xərcləri çərçivəsində qurulub və ölkədə vahid makroiqtisadi siyasətin yürüdülməsi məqsədini güdür. Fondun vəsaitləri dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət təşkilatlarına borc verilməsinə, eləcə də hər hansı bir subyektin öhdəliklərinin təminatı qismində istifadə oluna bilməz.