Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Qızıl

Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilmiş, bu qaydalara uyğun olaraq yeni investisiya siyasəti qəbul edilmişdir. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.

1 fevral 2012-ci il tarixindən etibarən Fond London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının (LQMBİA) market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlamışdır. 1987-ci ildən fəaliyyət göstərən LQMBİA Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan qızılın ümumi miqdarının mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılmışdır.

1 aprel 2014-cü il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir.

Fond tərəfindən alınmış qızılın müvəqqəti saxlanılması üçün bu sahədəki müsbət təcrübələri və saxlama xərcləri nəzərə alınaraq JP Morgan Bankının London anbarı seçilmişdir.

11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızıl Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən Azərbaycana gətirilməyə başlanılmışdır və 30 169 kq ölkəyə gətirilmişdir. Gətirilmiş qızıl müvəqqəti saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına  yerləşdirilmişdir.

Neft Fondunun yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün xəzinə inşa edilmişdir. Müvəqqəti saxlanılma üçün Mərkəzi Banka yerləşdirilmiş qızılın burada saxlanılması planlaşdırılır. 

Neft Fondu aldığı qızılı Azərbaycana gətirməyə başlamışdır