|
Ümumi məlumat
Fondun vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilən, 2001-ci il 21 dekabr tarixli 607 nömrəli, 2005-ci il 1 mart tarixli 202 nömrəli, 2010-cu il 10 fevral tarixli 216 nömrəli və 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanlarına əsasən edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə illik əsasda təsdiq olunan "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti"nə əsasən idarə olunur. Neft Fondunun valyuta vəsaitlərinin bu qaydalara uyğun olaraq idarə edilməsi Neft Fondunun valyuta vəsaitlərinin təhlükəsiz saxlanılması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır. Neft Fondunun valyuta vəsaiti üzrə hesabları beynəlxalq reytinq agentlikləri Standard ənd Purz "AA-" , Mudiz "Aa3" və Fiç "AA-" uzunmüddətli öhdəliklər üzrə kredit reytinqindən aşağı olmayan reytinqə malik olan banklarda açıla bilər. Neft Fondunun beynəlxalq maliyyə bazarlarında tərəf müqabili uzunmüddətli öhdəliklər üzrə investisiya dərəcəli kredit reytinqindən (Standard ənd Purz və ya Fiç və ya Mudiz) aşağı olmayan reytinqə malik olan kommersiya bankları və digər maliyyə təsisatları ola bilər. Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri mərkəzi banklar və "AA-" (Standard ənd Purz, Fiç) və ya "Aa3" (Mudiz) uzunmüddətli öhdəliklər üzrə kredit reytinqindən aşağı olmayan reytinqə malik olan kommersiya bankları və digər maliyyə təsisatları tərəfindən göstərilə bilər. Neft Fondunun investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər. Digər ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə Neft Fondunun investisiya portfelinin vəsaiti yalnız həmin valyutaların ABŞ dollarına qarşı məzənnə dəyişkənliyi riskinin minimuma endirilməsi (hecinq) şərtilə yerləşdirilə bilər. Valyutaların investisiya portfelində müvafiq xüsusi çəkiləri Neft Fondunun investisiya siyasəti ilə müəyyən edilir. Neft Fondunun investisiya portfelinə aşağıdakı aktivlər daxil ola bilər:
Neft Fondunun valyuta vəsaiti idarə edilərkən svop, forvard, fyüçers tipli əməliyyatlar yalnız valyuta bazarlarında əməliyyatların aparılması zamanı qiymətin, yaxud məzənnənin dəyişməsi ilə əlaqədar mümkün riskin minimuma endirilməsi (hecinq) və ya investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədilə həyata keçirilə bilər. |








