Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Daşınmaz əmlak

Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a edilmiş dəyişikliklərə uyğun olaraq, qəbul edilmiş yeni investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər.

Fondun daşınmaz əmlaka investisiya strategiyasının əsas məqsədi bu sahədə kifayət qədər inkişaf etmiş, yüksək şəffaflıq və likvidliklə səciyyələnən, müvafiq qanunverici bazaya və uzunmüddətli icarə ənənəsinə malik ölkələrin əsas mərkəz-biznes ərazilərinə birbaşa investisiyaların həyata keçirilməsindən ibarətdir. İlkin mərhələdə investisiyalar əsasən müxtəlif təyinatlı ofis tipli daşınmaz əmlaka yönəldilmişdir. ARDNF 2012-ci ildən etibarən Avropanın London, Moskva, Paris, Milan kimi bir sıra önəmli şəhərlərində, eləcə də Asiyada yerləşən müvafiq ofis və ticarət komplekslərinə investisiyalar yatırmaqdadır. Fond Asiyada ilk daşınmaz əmlaka investisiya yatırımını Cənubi Koreyanın Seul şəhərində gerçəkləşdirmişdir. 

  • Londonun Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 İngilis funt sterlinqi (285 550 000 ABŞ dolları) təşkil edən ofis kompleksi (investisiya prosesi 2012-ci ilin dekabr ayında başa çatdırılmışdır);
  • Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 000 000 ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi (investisiya prosesi 2012-ci ilin dekabr ayında başa çatdırılmışdır);
  • Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 000 000 avro (180 000 000 ABŞ dolları) təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksi (investisiya prosesi 2013-cü ilin mart ayında başa çatdırılmışdır);
  • Seul şəhərinin 203 Euljiro2-ga, Jung-gu ünvanında yerləşən və dəyəri 447 000 000 ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksi;
  • Tokio şəhərinin Ginza rayonunda, Çou avenyuda yerləşən və dəyəri 52,3 milyard yapon yeni (432 073 855 ABŞ dolları) təşkil edən Kirarito Ginza ticarət obyekti;
  • Milan şəhərinin tarixi biznes mərkəzində Via Meravikli 7 ünvanında yerləşən və dəyəri 97 milyon avro təşkil edən Palazzo Turati ofis binası.

 

Bu əmlaklara investisiyalar Fondun daşınmaz əmlak üzrə investisiya strategiyasının həyata keçirilməsində uğurlu addım olmuşdur. Dünyanın önəmli şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarının güclü fundamental əsasları, eləcə də gələcək illər ərzində əldə ediləcək yüksək sabit gəlirlilik Fondun daşınmaz əmlak investisiyalarında kifayət qədər önəmə sahib amillərdir.

 

78 Seynt Ceyms, Vest End, London, Böyük Britaniya: Ofis kompleksi

  

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk investisiyasını Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 funt sterlinq təşkil edən ofis kompleksini almaqla həyata keçirmişdir. Binanın alqı-satqı prosesində satıcı qismində “Deutsche Bank”-ın Vəsaitlərin idarə edilməsi bölməsinin  daşınmaz əmlak investisiyaları ilə məşğul olan şirkəti  RREEF Real Esteyt (RREEF Real Estate) çıxış etmişdir.

Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir ki, Seynt Ceyms küçəsi 78 ünvanında olan bu görkəmli tikili qeyd edilən ərazinin ən məşhur hissələrindən birində yerləşir. 1845-ci ildə tikilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 2003-cü ildə yenidən təmir olunmuş və “A” tipli ofis binaları sinfinə tamamilə uyğunlaşdırılmışdır. Ümumi sahəsi 11 018 kv. metr təşkil edən bu bina 2023-cü ilə qədər HSBC bankına icarəyə verilmişdir.

“Tverskaya 16”, Moskva, Rusiya: “Qalereya Aktyor” ofis-ticarət mərkəzi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor”ofis-ticarət mərkəzini satın almışdır. Binanın alqı-satqı prosesində satıcı qismində VTB Qrupa daxil olan “Metropoliten İnşurəns Qrup” (Metropolitan Insurance Group) şirkəti çıxış etmişdir.

“Qalereya Aktyor” Moskva şəhərinin  tarixi mərkəzində yerləşir. “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin təmərküzləşdiyi ərazidir. Bina “Tverskaya” küçəsi və “Strastnoy” bulvarın kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir. 1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunmuşdur. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir. Əmlak müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilmişdir. Binanın yerləşdiyi ərazinin müstəsnalığı, eləcə də Moskva ofis daşınmaz əmlak bazarının güclü fundamental əsasları bu investisiyadan daimi gəlirliliyin əldə edilməsinə şərait yaradan amillərdəndir ki, binanın ticarət obyektlərinə  icarəyə verilən hissəsi üçün nəzərdə tutulan yeniliklər nəticəsində gələcəkdə bu gəlirliliyin daha da artırılması planlaşdırılır.

Vandom meydanı, Paris, Fransa: Ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksi
 

  

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin satın alınmasına dair razılıq əldə etmişdir. Daşınmaz əmlak obyektinin satıcısı qismində daşınmaz əmlak üzrə investisiya meneceri kimi fəaliyyət göstərən “AXA Real Estate Investment Managers” şirkəti çıxış etmişdir. 

Bu investisiya Fondun daşınmaz əmlak portfelinin diversifikasiya edilməsi üzrə investisiya strategiyasına uyğun olaraq həyata keçirilmişdir. Paris şəhərinin Avropanın ən böyük ofis daşınmaz əmlak bazarına malik olması ARDNF-nin ilkin daşınmaz əmlak investisiyalarından birinin məhz bu şəhərdə həyata keçirilməsində mühüm rol oynamışdır.  

Vandom meydanı Parisin ən görkəmli yerlərindən biri olub, şəhərin əsas mərkəz-biznes ərazisi hesab olunur. Yüksək biznes profilinə malik şirkətlərin ofislərinin və lüks mağazaların təmərküzləşdiyi bu ərazi həm daxili, həm də xarici investorlar tərəfindən ciddi maraqla qarşılanır və yüksək icarə haqqları ilə səciyyələnir. Özünəməxsus və zəngin memarlıq üslubuna malik olan bu meydan fransız klassikasının önəmli arxitekturalarından biri hesab olunur.

Bina XVIII əsrdə inşa edilmiş və hal-hazırda əsasən ofis, eləcə də ticarət və yaşayış məqsədlərilə istifadə edilən görkəmli tikilidən, eləcə də 1950-ci illərdə tikilmiş ofis binasından ibarətdir. 1712-ci ildə klassik fransız barokko üslubunda tikilmiş bina Kral XIV Luinin şərəfinə inşa edilmiş məşhur Vandom meydanının bir hissəsidir. Binanın ümumi sahəsi 5400 kv. metr olub, ofis, ticarət və yaşayış sahələri kimi bir sıra nüfuzlu şirkətlərə, o cümlədən bir sıra maliyyə və hüquq xidməti şirkətlərinə, eləcə də zərgərlik məmulatları istehsal edən məhşur şirkətlərə icarəyə verilmişdir.

 

Seul, Cənubi Koreya: “Payn Avenyu A qülləsi” ofis kompleksi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 477 504 000 000 Koreya vonu təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksini satın almışdır. Daşınmaz əmlakın alınması prosesi kompleksin dörd sahibinin adından (NongHyup Bank, NongHyup Həyat sığorta şirkəti, Vuri Bank və KDB Həyat sığorta şirkəti) çıxış edən Miraye Vəsaitlərin İdarə edilməsi şirkəti tərəfindən təşkil edilən auksion vasitəsilə həyata keçirilmişdir.

Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır. Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən ən cəlbedici investisiya regionlarından biridir. Bu, güclü inkişaf etmiş daxili iqtisadiyyata və yüksək kapitallı maliyyə sektorunun mövcudluğuna əsaslanır.

“Payn Avenyu A qülləsi” Seulun biznes mərkəzində - aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılmışdır və son dövrlər ərzində Seul biznes mərkəzində yerləşən ən cəlbedici investisiya aktivlərindən biridir. 

Əmlakın A klass sinfinə aid olması icarədarların bütün tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin artmasına zəmin yaradır.

Binanın ümumi ərazisi təqribən 65 000 kvadrat metr təşkil edir və bütünlüklə Cənubi Koreyanın ən böyük şirkətlərindən olan “S&K Qrup” tərəfindən icarəyə götürülmüşdür.

 

 

Tokio, Yaponiya: Kirarito Ginza ticarət obyekti

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və dəyəri 52,3 milyard yapon yeni təşkil edən Kirarito Ginza ticarət obyektini satın almışdır. Bu əmlak “GK John” törəmə şirkətindən alınmışdır və ARDNF-nin Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Binanın idarə edilməsi “Mitsubishi UFJ Trust and Banking Corporation” şirkəti tərəfindən həyata keçirilir.

Kirarito Ginza ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılmışdır və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadrat metr təşkil edir və 47 şirkət tərəfindən icarəyə götürülmüşdür. 

 

 

Milan, İtaliya: Palazzo Turati

                  

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 milyon avro təşkil edən Palazzo Turati ofis binasının satın alınmasına dair razılıq əldə etmişdir. Palazzo Turati ofis binası ARDNF-nin İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Bu investisiya Fondun daşınmaz əmlak portfelinin diversifikasiyası üçün investisiya strategiyasına uyğun olaraq həyata keçirilmişdir.

Palazzo Turati Milanın tarixi mərkəzində yerləşən Piazza Cordusio və Piazza Affarinin tam yaxınlığında və Duomo kilsəsindən 500 m məsafədə Via Meragvili 7 ünvanında yerləşir. Binanın birinci mərtəbəsində sərgi salonu və digər 6 mərtəbəsində ofislər yerləşir və ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir. 1880-ci ildə tikilmiş və Milan tarixi irsinin bir parçası sayılan Palazzo Turati yenicə əsaslı təmir olunmuşdur. Palazzo Turati ofis binası 2021-ci ilədək dövlət qurumu olan Milan Ticarət Palatası tərəfindən icarəyə götürülmüşdür. Binanın satıcısı qismində Texnoholdinq S.P.A. çıxış edir.