Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramının hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20.06.2005)

Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədi vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində bu istiqamətdə bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın bütün sahələrində, o cümlədən regionların inkişafı məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yüz minlərlə yeni iş yerləri açılmış, əmək haqları və əhalinin gəlirləri artmış, insanların yaşayış səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır.

Lakin, görülən işlərə baxmayaraq, hələlik ölkədə işsizlik problemini tam həll etmək mümkün olmamış və dünyanın çox ölkəsində olduğu kimi Azərbaycanda da əhalinin bir hissəsi yoxsul vəziyyətdə yaşayır. Məhz yoxsulluq probleminin dünyada geniş yayıldığını nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndə 2015-ci ilədək yoxsulluğun səviyyəsinin yarıyadək azaldılmasını əsas məqsəd kimi müəyyən etmişdir. Azərbaycan Respublikası da bu təşəbbüsə qoşularaq qarşıdakı illərdə əhalinin əsas ehtiyaclarının daha dolğun ödənilməsi üçün zəruri tədbirlərin görülməsini nəzərdə tutur.

Ölkənin iqtisadi və sosial həyatında müşahidə olunan müsbət meylləri daha da möhkəmləndirmək, əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın hazırlanması üçün aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri:

  • Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın sədr müavini:

  • Fərhad Əliyev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri    

Komissiyanın üzvləri:

  • Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri
  • Əvəz Ələkbərov - Azərbaycan Respublikasının maliyyə naziri
  • Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri
  • Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
  • Əli Nağıyev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
  • Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri
  • Əli İnsanov - Azərbaycan Respublikasının səhiyyə naziri
  • Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri
  • Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
  • Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri
  • İsmət Abbasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
  • Məcid Kərimov - Azərbaycan Respublikasının sənaye və energetika naziri
  • Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
  • Arif Vəliyev - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
  • Kəmaləddin Heydərov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
  • Zəhra Quliyeva - Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri
  • Elman Rüstəmov - Azərbaycan Respublikası Milli Bankının idarə heyətinin sədri
  • Səlim Müslümov - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri
  • Samir Şərifov - Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru
  • Sahib Rəhimov - Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə

 

Dövlət Komitəsi sədrinin müavini

  • Səttar Mehbalıyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri


2. Dövlət Komissiyasına tapşırılsın ki, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının, elmi müəssisələrin, qeyri-hökumət təşkilatların və ictimai birliklərin nümayəndələrini və ekspertlərini cəlb edərək "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Dövlət Proqramının hazırlanması zamanı nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 20  iyun 2005-ci il.