Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (31.05.2005)

Azərbaycan Respublikasında son illər həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkənin sosial-iqtisadi inkişafı sürətlənmiş, regionların və sahibkarlığın inkişafında ciddi uğurlar qazanılmış, iqtisadiyyata investisiya qoyuluşunun həcmi əhəmiyyətli dərəcədə artmış, qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılmasında, əhalinin gəlirlərinin artmasında və yoxsulluğun səviyyəsinin azaldılmasında nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Bununla yanaşı, keçən ilin son aylarından başlayaraq, ölkədə iqtisadi sahədə əldə olunmuş nailiyyətlərin möhkəmlənməsinə və əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edən istehlak qiymətlərinin artımı müşahidə olunur. İnflyasiya səviyyəsinin gözlənilən həddən yüksək olması əsasən dünya bazarlarında xam neftin qiymətinin artmasının istehsal xərclərinə təsiri nəticəsində idxal mallarının bahalaşması, dövriyyədə olan pul kütləsi həcminin artması və izafi pul kütləsinin müxtəlif maliyyə alətlərinə cəlbolunma mexanizminin kifayət qədər inkişaf etməməsi, iqtisadiyyata yönəldilən investisiyaların strukturunun təkmil olmaması, istehsalda, ticarətdə və idxal-ixrac əməliyyatlarında inhisarçılığa qarşı mübarizənin yetərli olmaması və s. səbəblərlə bağlıdır.

Bu gün inflyasiya səviyyəsini artıran amillərin sosial-iqtisadi həyata mənfi təsirini məhdudlaşdırmaq üçün dövriyyədə pul kütləsinin artmasına və dövlət büdcəsi xərclərinə nəzarətin gücləndirilməsi, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkənin getdikcə artan maliyyə ehtiyatlarının daha səmərəli idarə olunması, iqtisadiyyatda sağlam rəqabət mühitinin formalaşması ilə bağlı bir sıra vacib tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır.

Azərbaycanda iqtisadi inkişafın yeni mərhələyə daxil olduğu şəraitdə makroiqtisadi sabitliyi qoruyub saxlamaq, maliyyə ehtiyatlarını səfərbər etmək və onlardan istifadənin səmərəliliyini artırmaq, mövcud əlverişli işgüzar mühiti və investisiya fəallığını, habelə həyata keçirilən islahatların sosial əhəmiyyətini və əhalinin gəlirlərini inflyasiya təzyiqindən qorumaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

1.1. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə daxil olan vəsaiti yalnız həmin Fondun hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli layihələrin icrasına yönəltsin;
1.2. maliyyə bazarının konyukturunu və inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət istiqraz vərəqələrinin, dövlət daxili uduşlu istiqraz vərəqələrinin və digər qiymətli kağızların buraxılışını təşkil etsin. Cari ilin sonunadək dövlət qiymətli kağızlarının həcminin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. 2006-cı il və növbəti illər üçün dövlət büdcəsinin tərtibi zamanı xərclərin strukturunun təkmilləşdirilməsinə, inzibati xərclərin azaldılmasına və icmal büdcədə qeyri-neft kəsirinin artırılmamasına yönəldilmiş tədbirlər həyata keçirsin;
1.4. növbəti il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsində istehsal infrastrukturu layihələrinin maliyyələşdirilməsinə, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun maliyyə resurslarının və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən vəsaitin həcminin artırılmasını təmin etsin.

Azərbaycan Respublikasının Milli Bankı:

2.1. dövriyyədə pul kütləsinin həcmini tənzimləmək, qiymətli kağızlar bazarını genişləndirmək və ona məxsus notların satışını artırmaq məqsədi ilə əlavə tədbirlər görsün;
2.2. manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin müəyyənləşdirilməsi mexanizminin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçirsin;
2.3. əhalinin mənzil şəraitini yaxşılaşdırmaq və sərbəst pul kütləsini daşınmaz əmlak bazarına yönəltmək məqsədi ilə ipoteka krediti sisteminin yaradılması və inkişafı üzrə Dövlət Proqramının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. ölkədə həyata keçirilən alqı-satqı əməliyyatlarında, o cümlədən ticarət şəbəkələrində xarici valyutalarla hesablaşmaların qarşısını almaq məqsədi ilə hüquqi, inzibati və təşkilati tədbirlərin görülməsi barədə təkliflərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

3.1. ölkədə inhisarçılığa qarşı mübarizə və sağlam rəqabət mühitinin formalaşması ilə bağlı fəaliyyətini gücləndirsin, bu sahədə qanunvericiliyi pozanlara qarşı ciddi tədbirlər həyata keçirsin;
3.2. qeyri-neft sektorunun sürətli inkişafını, ixracın diversifikasiyasını və əhalinin tələbatının yerli istehsal hesabına daha dolğun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" çərçivəsində rəqabət qabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsullarının istehsalını stimullaşdıran tədbirlər həyata keçirsin və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. istehlak bazarında qiymətlərin artmasına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının (kartel bağlaşmalarının) qarşısını almaq məqsədi ilə hər bir əmtəə bazarı üzrə monitorinqlər aparsın, qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görsün və bu barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birlikdə ölkəyə gətirilən istehlak mallarının idxal, topdansatış və pərakəndə satış qiymətlərinin monitorinqini aparsın və onun nəticələrini ümumiləşdirərək rübdə bir dəfə mətbuatda dərc etdirsin;
3.5. aidiyyatı dövlət orqanları ilə birlikdə 2006-cı və növbəti üç il üçün investisiya proqramları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan mühüm infrastruktur layihələrini və onların maliyyələşdirilməsi mənbələrini (o cümlədən Azərbaycan Respublikasının Neft Fondunun vəsaiti hesabına) üç ay müddətində müəyyənləşdirsin və baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.6. özəlləşdirmə prosesində dövlət əmlakının bazar prinsipləri əsasında obyektiv qiymətləndirilməsini təmin etmək və bu sahədən dövlət büdcəsinə daxilolmaları daha da artırmaq məqsədi ilə müvafiq tədbirlər görsün və bununla bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərman dərc edilən günədək ixrac olunan neftin satış qiyməti ilə büdcə hesablamaları üçün nəzərdə tutulan qiymət arasında fərq hesabına dövlət büdcəsinə daxil olmuş və xəzinədarlığın xüsusi hesabında toplanmış vəsaitin səmərəli idarə olunması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısını dəqiqləşdirib təsdiq etsin. Tarif Şurasının çevik fəaliyyətini təmin etmək məqsədi ilə onun haqqında Əsasnamənin yeni layihəsini iki ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. ölkədə sahibkarlığın inkişafını sürətləndirmək məqsədi ilə bu fəaliyyəti həyata keçirmək üçün yaradılan hüquqi şəxslərin dövlət qeydiyyatının sadələşdirilməsi və bunun üçün tələb olunan müddətin qısaldılması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi barədə təkliflərini iki həftə müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə iqtisadiyyatın bütün sahələrində həyata keçirilən alqı-satqı əməliyyatlarında nağdsız hesablaşmaların geniş tətbiqi üçün zəruri tədbirlər görsün, gömrük vergilərinin, rüsumlarının və digər gömrük ödənişlərinin hüquqi və fiziki şəxslər tərəfindən yalnız bank strukturları vasitəsilə ödənilməsini təmin etmək məqsədi ilə müvafiq qaydaları bir ay müddətində hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.5. idxal mallarına münasibətdə gömrük-tarif mexanizminin təkmilləşdirilməsi məqsədi ilə lüzumsuz tarif güzəştlərinin ləğvini və güzəştlərin konkret sahəni və dövrü əhatə etməklə verilməsini təmin etmək üçün təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.6. büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, dövlət xidmətlərinə görə ödənilən dövlət rüsumunun və digər haqların dövlət büdcəsi ilə büdcə təşkilatı arasında vahid prinsiplər əsasında bölgüsünü təmin etmək məqsədi ilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.7. dövriyyədə olan artıq pul kütləsinin ölkədə qiymət artımına təsirini azaltmaq məqsədi ilə müvafiq investisiya layihələrinin daxili maliyyə mənbələri hesabına həyata keçirilməsi barədə təkliflərini və "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.8. vergidən azadolma hallarının daha da məhdudlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.9. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.10. əlaqədar dövlət orqanları ilə birlikdə ölkədə davamlı makroiqtisadi sabitliyi təmin etmək, büdcə parametrlərini makroiqtisadi göstəricilərlə uzlaşdırmaq və çevik maliyyə siyasəti həyata keçirmək məqsədi ilə 2006-cı il üçün büdcə-vergi siyasətinin, iqtisadiyyatda struktur siyasətinin və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə pul-kredit siyasətinin əsas istiqamətləri barədə təkliflərini 2005-ci il iyulun 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.11. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və digər iri vergi ödəyicilərinin maliyyə hesabatlarında şəffaflığın artırılması və vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmək məqsədi ilə onların xərclərinin restrukturizasiyası və digər dövlət qurumlarına təqdim etdikləri dolayı subsidiyaların dövlət büdcəsi hesabına həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.12. müvafiq normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.13. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi digər əlaqədar dövlət orqanları ilə birlikdə ölkənin iqtisadi və sosial inkişaf göstəriciləri ilə dövlət büdcəsi arasında sıx əlaqəni təmin etmək məqsədi ilə büdcənin məqsədli proqramlar əsasında tərtibinə nail olmaq üçün zəruri tədbirlər görsünlər, büdcənin icrası prosesində bu proqramlarda müəyyən olunmuş hədəflərin (məqsədlərin) yerinə yetirilməsinə nəzarət etmək və büdcənin icrası barədə hesabata həmin proqramların icrası barədə hesabatlarla birgə baxılması haqqında təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, əhalinin sərbəst pul vəsaitlərinin qiymətli kağızlar vasitəsilə dövlət əhəmiyyətli layihələrin, səhmdar cəmiyyətlərinin maliyyələşdirilməsinə cəlb edilməsi məqsədi ilə təkliflərini müvafiq dövlət orqanları ilə birlikdə iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, mal satışı və xidmət göstərilməsinə görə ödənişlərin qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alınmasını təmin etsin və əmək müqaviləsi olmadan fiziki şəxslərin işə götürülməsinə nəzarəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə gücləndirsin.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, vergidən və gömrük ödəmələrindən yayınmalara qarşı mübarizəni gücləndirsinlər və bununla bağlı səlahiyyətləri daxilində zəruri tədbirlər görsünlər.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsində avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi, gömrük ödənişlərinin ödəniş kartları vasitəsilə alınması, brokerlik institutunun tətbiqi yolu ilə idxal-ixrac əməliyyatlarında şəffaflığı təmin etsin və bu sahədə görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, sosial sığorta və pensiya təminatı sahəsində fərdi uçota əsaslanan yığım sisteminə keçidi sürətləndirsin və aidiyyatı dövlət orqanları ilə birlikdə hər bir sığortaolunan üçün ödənilən sosial sığorta haqları ilə onun pensiya təminatı arasında birbaşa əlaqəni təmin edəcək pensiya sisteminin yaradılması və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bakı, Gəncə, Sumqayıt və ölkənin digər iri şəhərlərinin icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, sağlam rəqabət mühiti formalaşdırmaq məqsədi ilə müvafiq bələdiyyələrlə birlikdə həftədə bir dəfə şəhərin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının və gündəlik tələbat mallarının səyyar satışı üzrə yarmarkaların keçirilməsini təşkil etsinlər.

Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 31 may 2005-ci il.