Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (28/12/2005)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na uyğun olaraq, habelə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2006-cı il üçün icmal büdcəsinə daxil edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlir və xərclərinin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildiyini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsinin gəlirləri 807 842,6 min manat, xərcləri 954 287,7 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006–cı il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 № Gəlir mənbələri Gəlirlərin məbləği (min manat)

1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 684 000,0

2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 7 434,0

3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 13 500,0

4. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) 67 500,0

5. Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə edilməsindən əldə edilən gəlirlər 35 318,6

6. Digər gəlirlər və daxilolmalar 90,0

Cəmi 807 842,6

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

№ Xərc istiqamətləri Xərclərin məbləği (min manat)

 1. Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 110 311,0

 2. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər 38 000,0

3. Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinə transfert 585 000,0 

4. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi 90 000,0

5. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 37 000,0

6. Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılması 90 000,0

7. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 3 976,7
 

Cəmi 954 287,7

4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 dekabr 2005-ci il.