Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsində dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (11/07/2008)

Cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatin pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, eyni zamanda 2008-ci il üçün dövlət büdcəsində  dəyişikliklər edilməsi ilə əlaqədar Dövlət Neft Fondunun büdcəsində dəyişikliklər edilməsi zərurətini nəzərə alaraq qərara alıram

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1.-ci və 5.4.2.-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2008-ci il büdcəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 687 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 

1.1. Fərmanın    1-ci bəndində    "gəlirləri 3 609 361,0   min   manat"   sözləri   "gəlirləri  10 144 743,2 min manat" sözləri ilə, "xərcləri 1 680 853,6   min   manat"   sözləri   "xərcləri 4 380 853,6  min manat" sözləri ilə əvəz edilsin. 

1.2. Fərmanın 2-ci bəndində verilmiş cədvəl aşağıdakı redaksiyada verilsin:

 

 

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat) 

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

9 819 516,0

2.

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

104 806,0

3.

Xam neftin ixrac qiyməti üzrə Dövlət Neft Fonduna köçürülən yığımlar

70 623,1

4.

Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər

148 898,1

5.

Digər gəlirlər və daxilolmalar

900,0

 

Cəmi

10 144 743,2

1.3. Fərmanının 3-cü bəndində verilmiş cədvəlin 2-ci sırasında "1 100 000,0" rəqəmləri "3 800 000,0" rəqəmləri ilə əvəz edilsin və xərclərin məbləğinin cəmi göstərilən sırada "1 680 853,6" rəqəmləri "4 380 853,6 " rəqəmləri ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin. 

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, «11» iyul 2008-ci il