Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (22/07/2010)

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir. Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq, qərara alıram: 

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin icrası gəlirlər 8 176 692,0 min manat, xərclər 5 294 496,6 min manat və ya Dövlət Neft Fondunun 2009-cu il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 97,8%, xərclər üzrə 99,5% səviyyəsində olmaqla aşağıdakı kimi təsdiq edilsin:  

 

Sıra N-si Göstəricilər Min manatla
        Gəlirlər 8 176 692,0
1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 7 702 634,6
2. Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) 156 822,6
3. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər   1 064,0  
4. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 8 908,6
5. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) 804,1
6. Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 305 889,5
7. Digər gəlirlər və daxilolmalar 568,6
Xərclər 5 294 496,6
1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 89 883,0
2.   Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinə transfert 4 915 000,0
3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi 119 956,5
4. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 129 999,6
5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi 22 117,2
6. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi 7 912,1
7. Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 9 628,2

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2010-cu il.