Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (30/09/2010)

Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilən qaçqın və məcburi köçkünlərin sosial-məişət məsələləri və məskunlaşması ilə bağlı tədbirlərin, habelə Samur-Abşeron suvarma sisteminin yenidənqurulması ilə bağlı layihənin vaxtında icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 204 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 992; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 307 nömrəli Fərmanı) 3-cü bəndində verilmiş cədvəlin 1-ci sırasında "80 000,0" rəqəmləri "105 000,0" rəqəmləri ilə, 4-cü sırasında "110 000,0" rəqəmləri "131 000,0 " rəqəmləri ilə, 5-ci sırasında "80 000,0" rəqəmləri "34 000,0" rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2010-cu il.