AZ  |  EN  |  Ana səhifə         

 

 
Təcrübə proqramı

Azərbaycan Respublikası Dövlət Neft Fondu insan kapitalına yüksək önəm verdiyindən yeni mütəxəssisləri mütəmadi öz strukturuna qatmaqdadır. Xüsusən gənc kadrların potensialını yüksək dəyərləndirən Fond xüsusi istedadlı gənclərin burada çalışması üçün çox əlverişli iş mühiti yaratmışdır. Universiteti yeni bitirmiş və ya təhsilini hələ də davam etdirən tələbələr üçün ARDNF təcrübə imkanı təklif edir. Təcrübə proqramının məqsədi tələbələrin aldıqları təhsil sahəsinə uyğun iş prinsipləri ilə yaxından tanış olmaq, fəal iş həyatına qatılaraq biliklərini təkmilləşdirmək və peşəkar karyeralarında önəmli təcrübə qazanmalarına kömək etməkdən ibarətdir. 

Təcrübə proqramı həmçinin universitet məzunlarının ARDNF-də işə qəbul edilməsi üçün əlverişli şərait yaradır. Təcrübə müddəti ərzində öz bacarıq və diqqəti ilə digər namizədlərdən fərqlənən, öyrənmək bacarığı çox yüksək, gördüyü işin keyfiyəti Fondun işçiləri tərəfindən bəyənilən təcrübəçilərə peşəkar həyatlarını ARDNF-də davam etdirmək təklif oluna bilər.
 
ARDNF-də Təcrübə proqramın müddəti 3 ay nəzərdə tutulmuşdur. Hər təcrübəçi 3 ay ərzində müxtəlif departamentlərdə və şöbələrdə təcrübə keçir. Bu müddət ərzində təcrübəçinin işi qavramaq, komanda ilə işləmək, tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmək bacarıqları yoxlanılır, gördüyü işin keyfiyyəti dəyərləndirilir. Hər təcrübəçiyə departamentin/şöbənin gördüyü işlə bağlı ətraflı məlumat verilir, lazımi biliklərə yiyələnməsi üçün yol göstərilir və işin gedişatında müxtəlif tapşırıqlar vermək yolu ilə onun iş bacarığı  qiymətləndirilir.
 
Bundan əlavə təcrübəçilərə Fondda təcrübə keçdiyi müddətə tamamlamalı olduğu layihə tapşırığı verilir və onun nəticələri ilə bağlı təqdimatı dinlənilir. Təcrübə müddətində xüsusi bacarıqları ilə digərlərindən fərqlənən təcrübəçilərə idarə heyəti tərəfindən xasiyyətnamə də verilir.