Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri

 

 BTC-nin tarixi

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1767 kilometrdir, onun 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir. Kəmərin istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti ildə 10 milyon barel nəzərdə tutulub. 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti BTC layihəsində iştirak etmək məqsədi ilə AzBTC Co. törəmə şirkətini yaratmış və bu şirkət layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış BTC Company şirkətində 25%-lik paya malikdir. AzBTC Co. şirkəti daxil olmaqla, layihənin bütün iştirakçıları layihənin dəyərinin 30%-lik hissəsini öz vəsaitləri hesabına, qalan 70%-lik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirirlər. Azərbaycan dövləti adından Azərbaycan BTC Co. şirkətindəki 80%-lik payın təmsilçisi kimi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (İİN) çıxış edir, bu payın maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən həyata keçirilmişdir. BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər "Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru Kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2002-ci il tarixli Fərmanı ilə tənzimlənir.

2002-ci ildən 1 fevral 2007-ci il tarixinədək olan dövr ərzində ümumilikdə 298 mln. AZN məbləğində vəsait Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir.