Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılması

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2006-cı il büdcəsindən 90 milyon manat Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına yönəldilmişdir. 

Şirkətin investisiya fəaliyyətinin məqsədinə əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir.
 
İnvestisiya şirkətinin fəaliyyətə başlaması nəticəsində ölkəmizdə yeni və qabaqcıl prinsiplərə cavab verən müasir investisiya mexanizminin tətbiqinə start verildi. Yeni sayılan bu mexanizmin tətbiqi sayəsində dövlət investisiyalarını müəssisələrin nizamnamə kapitalındakı paylarının alınmasına yönəltməklə bir tərəfdən bu müəssisələrin fəaliyyətinin canlanmasına nail olunur, qeyri-neft sahələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən investisiya siyasəti öz tətbiqini tapır, digər tərəfdən dövlət və özəl sektorların mülkiyyət bazaları arasındakı mütənasibliyin qorunması təmin edilir. Şirkətin səhm və istiqrazların buraxılması ilə bağlı fəaliyyəti isə ölkəmizdə qiymətli kağızlar bazarında canlanmanın yaranması, habelə korporativ idarəetmə formalarının inkişaf etməsi üçün əhəmiyyətli təkan ola bilər. Şirkətin müəssisələrdəki səhmlərindən əldə olunan dividentlər isə dövlətin, yəni Dövlət Neft Fondunun hesabına mədaxil olacaqdır ki, bu isə Fondun əlavə daxilolma mənbəyinin yaranması və vəsaitinin artırılması deməkdir.
 
Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinə dair ətraflı məlumatları Şirkətin www.aic.az İnternet ünvanında yerləşən saytından əldə etmək mümkündür.