Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

 

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2009-cu il tarixli 492 nömrəli Sərəncamına əsasən ölkədə yeni Neft, Qaz emalı və Neft-kimya Kompleksinin inşası ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya yaradılmışdır. Nəticədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən hazırlanmış təkliflər paketi hökumətə təqdim olunmuş və aidiyyəti dövlət qurumları ilə razılaşdırılmışdır.

2018-2020-ci illərdə istifadəyə veriləcək yeni Kompleks Qaradağ və Abşeron rayonlarının sərhədində inşa olunacaqdır. Kompleksin tərkibinə Qaz Emalı Zavodu (ildə 10 mlrd. kubmetr istehsal gücü), Neft Emalı Zavodu (ildə 10 mln. ton istehsal gücü), Neft Kimya Zavodu (ildə 1,8 mln. ton hazır məhsul), Enerji Bloku və s. yardımçı infrastruktur daxil olacaqdır. Təmizlənmiş qaz və neft-emalı məhsulları əsasən daxili tələbatın ödənilməsinə yönəldiləcəkdir. Yüksək əlavə dəyər yaradan neft-kimya məhsullarının böyük hissəsinin ixrac olunması planlaşdırılır. Kompleksin istismara verilməsi ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən qaz emalı, neft emalı və neft-kimya sahələri üzrə köhnə istehsal güclərinin istismardan çıxarılması və demontajı mümkün olacaqdır.
 
Kompleksin maliyyələşdirilməsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun da iştirakı planlaşdırılır. Layihənin maliyyələşdirilməsinin 30%-nin səhm kapitalı və 70%-nin borc kapitalı hesabına aparılması nəzərdə tutulur. Səhm kapitalının 90%-nin Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur ki, 2014-cü ildə layihənin maliyyələşdirilməsi üçün 285 milyon manat məbləğində vəsaitin Neft Fondu tərəfindən ödənilməsi nəzərdə tutulur.