Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin maliyyələşdirilməsi

2010-cu ilin 28 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Dövlət Neft Fondunun 2011-ci il büdcəsinə əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi layihəsinin maliyyələşdirilməsinə 33 446,0 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su ehtiyatlarından istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində içməli suyun nəql olunması, əhaliyə yüksək keyfiyyətli suyun çatdırılması və Bakı şəhərinin içməli su təchizatının etibarlı və dayanıqlı olmasını təmin etməkdir. Bunun üçün təxminən 150 metr dərinlikdə 78 istismar quyusu tikilmişdir.
 
"Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsinin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42s nömrəli Sərancamına əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edilmişdir. 
 
30 dekabr 2011-ci il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə müqavilələr üzrə ümumilikdə 779,6 milyon manat,  o cümlədən 2011-ci il ərzində 32,6  milyon manat vəsait istifadə olunmuşdur.
 
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrası "Azərsu" ASC-nin sifarişi əsasında  aşağıdakı işlər çərçivəsində həyata keçirilmişdir:  
 
1. Texniki-iqtisadi əsaslandırma və məsləhətçi xidmətlərinin həyata keçirilməsi.
 
1.1. Texniki-iqtisadi əsaslandırma. Su kəməri layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair Almaniyanın "CES Consulting Engineers" şirkəti ilə 6 yanvar 2006-cı il tarixində 2,1 milyon avro məbləğində müqavilə imzalanmış və bu vəsait tam olaraq istifadə olunmuşdur.
 

1.2. Məsləhətçi xidmətlərinin həyata keçirilməsi. Layihə üçün idarəetmə və texniki nəzarət üzrə məsləhətçi xidmətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq qanunvericiliyə uyğun olaraq satınalma proseduru həyata keçirilmiş və "CES Consulting Engineers" şirkəti ilə 24 noyabr 2006-cı il tarixində 12,0 milyon avro məbləğində müqavilə imzalanmışdır. 02 mart 2009-cu ildə müqaviləyə 1 saylı düzəliş imzalanmış və müqavilənin dəyəri 19,9 milyon avroya qalxmışdır. Müqavilə üzrə ümumilikdə 21,8 milyon manat vəsait istifadə olunmuşdur. Lakin sonradan "CES Consulting Engineers" şirkətinin fəaliyyəti qənaətbəxş hesab edilmədiyindən müqaviləyə xitam verilmiş və xitam verilən tarixə qədər "CES Consulting Engineers" şirkəti tərəfindən görülmüş işlərin dəyəri "Azərsu" ASC ilə "CES Consulting Engineers" şirkəti arasında imzalanmış son razılaşmaya əsasən son ödəniş olaraq 2011-ci ilin sonunda "Azərsu" ASC-yə ödənilmişdir. Qeyd olunan işlərin davam etdirilməsi üçün ixtisaslaşmış şirkətlər araşdırılaraq 09 iyun 2011-ci il tarixində Kaspian Menecment Konsaltinq MMC şirkəti ilə 420 000 manat dəyərində yeni müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 2011-ci ildə 420 min manat vəsait istifadə olunmuşdur, o cümlədən 98,4 min manat qalıq vəsait 2011-ci ilin sonunda "Azərsu" ASC-yə ödənilmişdir.  Layihənin idarə edilməsi və texniki nəzarət üzrə məsləhətçi xidmətlərinin 2012-ci ildə davam etdirilməsinə zərurət yarandığından müqavilənin uzadılması üçün nəzərdə tutulmuş 400,0 min manat vəsait 2011-ci ilin sonunda "Azərsu" ASC-yə ödənilmişdir. 

2. Şüşəlifli poliestr boru və boru məmulatlarının təchizatı.

 
2.1. Şüşəlifli poliestr boru və boru məmulatlarının təchizatı. Şüşəlifli poliestr boru, dirsək və üçlüklərin satınalınması üçün müvafiq qanunvericiliyə uyğun olaraq keçirilmiş tender nəticəsində 266 km uzunluqda şüşəlifli poliestr boruların və boru məmulatlarının satınalınması üçün "Azkompozit" firması ilə 229,4 milyon manat məbləğində müqavilə imzalanmışdır. Sonradan su kəmərinin müəyyən hissəsində şüşəlifli poliestr borularının polad borularla əvəz edilməsinə yaranmış zərurətlə əlaqədar 53,2 km uzunluğunda şüşəlifli borular və boru məmulatlarının müqavilənin dəyərindən çıxarılması nəticəsində müqavilənin dəyəri 188,8 milyon manata qədər azaldılmışdır. Bundan başqa, enerji daşıyıcılarının qiymətinin artması ilə bağlı bu müqavilə üzrə 42,3 milyon manat dəyərində qiymət artımı hesablanmışdır ki, bunun 18,9 milyon manatı 11 noyabr 2008-ci il tarixli  2 nömrəli düzəlişlə  və 23,4 milyon manatı isə 16 mart 2010-cu il tarixli 4 nömrəli düzəlişlə müqavilənin dəyərinə əlavə olunmuşdur. Yekun müqavilə dəyəri 230,6 milyon manat təşkil edir. Bu müqavilə üzrə ümumilikdə 230,6 milyon manat vəsait ayrılmış, o cümlədən 709,5 min manat qalıq vəsait son ödəniş olaraq 2011-ci ilin sonunda "Azərsu" ASC-yə ödənilmişdir.

2.2. Sugötürücülər üçün şüşəlifli boru və boru məmulatlarının təchizatı. Sugötürücülər üçün şüşəlifli poliestr boru, dirsək və üçlüklərin istehsalına dair müvafiq qanunvericiliyə uyğun olaraq satınalma proseduru həyata keçirilmiş və "Azkompozit" firması ilə 05 avqust 2009-cu il tarixli 15,8 milyon manat məbləğində müqavilə imzalanmışdır.  Sonradan müqavilənin iş həcmlərində dəyişiklik baş vermiş və 08 iyul 2010-cu il tarixli 1 saylı düzəlişlə müqavilə dəyəri 22,2 milyon manata qədər artmış və bu vəsait tam olaraq istifadə edilmişdir
 
3. Layihələndirmə, tikinti və polad boruların təchizatı.
 
3.1. Layihələndirmə, tikinti və polad boruların təchizatı. Su kəmərinin layihələndirilməsi və tikintisi üzrə müvafiq qanunvericiliyə uyğun olaraq satınalma proseduru həyata keçirilmiş və Türkiyənin "Turan Hazinadaroğlu İnşaat və Ticarət" Anonim şirkəti ilə 167,7 milyon ABŞ dolları məbləğində müqavilə imzalanmışdır. Sonradan su kəmərinin müəyyən hissəsində şüşəlifli poliestr boruların polad borularla əvəz edilməsinə yaranmış zərurətlə əlaqədar "Turan Hazinadaroğlu İnşaat və Ticarət" Anonim Şirkəti tərəfindən 20,2 km uzunluqda polad boru təchizatı (0,5 km ehtiyat üçün nəzərdə tutulur) və ümumilikdə 47,7 km uzunluqda polad boruların quraşdırılmasının müqavilənin dəyərinə əlavə olunması nəticəsində müqavilə qiyməti 264,9 milyon ABŞ dollarına qədər artmışdır. Bundan başqa, enerji daşıyıcılarının qiymətinin artması ilə bağlı müqavilənin dəyəri 291,4 milyon ABŞ dollarına və əlavə iş həcmlərinə görə 362,1 milyon ABŞ dollarına qədər artırılmışdır. Bu müqavilə üzrə ümumilikdə 295,7 milyon manat ayrılmış, o cümlədən 16,8 milyon manat qalıq vəsait son ödəniş olaraq 2011-ci ilin sonunda "Azərsu" ASC-yə ödənilmişdir
 
3.2. Polad boru və boru məmulatlarının təchizatı. Əlavə polad borulara yaranmış zərurətlə əlaqədar polad boruların yerdə qalan hissəsinin (28 km uzunluğunda) təchizatına dair müvafiq qanunvericiliyə uyğun olaraq satınalma proseduru həyata keçirilmiş və Türkiyənin "Han Teknolojik İmalat Montaj Taahhüt San və  TİC." Anonim şirkəti ilə 91,9 milyon ABŞ dolları məbləğində müqavilə imzalanmışdır. Müqavilə çərçivəsində 91,9 milyon ABŞ dolları, eləcə də bank komissiya xərcləri və gömrük rəsmiləşdirilməsi zamanı yaranmış məzənnə fərqinə görə əlavə olaraq 0,4 milyon manat istifadə olunmuşdur.
 
4. Quyuların qazılması və tikintisi.
 
Quyuların qazılması və tikintisinə dair müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş satınalma proseduru nəticəsində "Arsan Arıtma" şirkəti ilə 44,9 milyon ABŞ dolları məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə çərçivəsində ümumilikdə 24,3 milyon manat vəsait istifadə olunmuşdur. Hazırda bu müqaviləyə xitam verildiyindən quyuların qazılması işləri üç podratçı təşkilat tərəfindən həyata keçirilir.
 
4.1. Müvafiq qanunvericiliyə uyğun şəkildə satınalma proseduru həyata keçirilmiş və 25 iyun 2010-cu il tarixdə "Transvell Naxçıvan" MMC ilə 10,6 milyon manat dəyərində müqavilə imzalanmışdır. Müqaviləyə edilmiş düzəlişə əsasən müqavilə dəyəri 3,7 milyon manata qədər azaldılmışdır. Müqavilə üzrə ümumilikdə 3,7 milyon manat vəsait ayrılmış, o cümlədən 528,2 min manat qalıq vəsait son ödəniş olaraq 2011-ci ilin sonunda "Azərsu" ASC-yə ödənilmişdir
 
4.2. Müvafiq satınalma proseduruna uyğun olaraq 25 iyun 2010-cu il tarixdə "Qalf Drillinq Saplay Fze" şirkəti ilə 7,6 milyon manat dəyərində müqavilə imzalanmışdır. Müqaviləyə edilmiş düzəlişə əsasən müqavilə dəyəri 9,2 milyon manata qədər artırılmışdır. Müqavilə üzrə ümumilikdə 2011-ci ilin sonuna 9,0 milyon manat ayrılmış, o cümlədən 450,7 min manat qalıq vəsait son ödəniş olaraq 2011-ci ilin sonunda "Azərsu" ASC-yə ödənilmişdir

4.3. Müvafiq satınalma proseduruna uyğun olaraq 17 dekabr 2010-cu tarixdə "A+B Oyl Services" MMC ilə 1,3 milyon manat məbləğində müqavilə imzalanmışdır. Müqavilə üzrə ümumilikdə 2011-ci ilin sonuna 1,3 milyon manat vəsait ayrılmış, o cümlədən 61,6 min manat qalıq vəsait son ödəniş olaraq 2011-ci ilin sonunda "Azərsu" ASC-yə ödənilmişdir.
 

5. Elektrik şəbəkəsinin tikintisi.

5.1. Elektrik şəbəkəsinin tikintisi. Su kəməri layihəsi çərçivəsində sugötürücü qovşağın tikintisi üçün elektrik şəbəkəsinin tikintisinə dair  müvafiq qanunvericiliyə uyğun şəkildə satınalma proseduru həyata keçirilmiş və "Sumqayıt Elektrik Dəstləşdirmə" Açıq Tipli Səhmdar Cəmiyyəti ilə 15 iyul 2009-cu il tarixli 22,2 milyon manat məbləğində müqavilə imzalanmışdır. Sonradan müqavilənin iş həcmlərində dəyişiklik edilməsi zərurəti ilə əlaqədar olaraq müvafiq satınalınma proseduru həyata keçirilmiş və 18 may 2010-cu il tarixində müqaviləyə 1 saylı düzəliş imzalanmışdır. Yekun müqavilə dəyəri 23,2 milyon manat təşkil etmişdir. Müqavilə üzrə ümumilikdə 23,2 milyon manat vəsait ayrılmış, o cümlədən 1,1 milyon manat qalıq vəsait son ödəniş olaraq 2011-ci ilin sonunda "Azərsu" ASC-yə ödənilmişdir.

5.2. Yuvanın tikintisi. Su kəməri layihəsi çərçivəsində sugötürücü qovşağın tikintisi üçün 3 ədəd yuvanın tikintisinə dair müvafiq satınalma proseduruna uyğun olaraq “Azenco” ASC ilə 14 iyun  2010-cu ildə 1,8 milyon manat dəyərində müqavilə imzalanmışdır. Müqavilə çərçivəsində ümumilikdə 1,7 milyon manat vəsait ayrılmış, o cümlədən 88,2 min manat qalıq vəsait son ödəniş olaraq 2011-ci ilin sonunda "Azərsu" ASC-yə ödənilmişdir.

6. Sugötürücü qovşağın tikintisi.

Su kəməri layihəsi üçün sugötürücü qovşağın tikintisinə dair  müvafiq qanunvericiliyə uyğun şəkildə satınalma proseduru həyata keçirilmiş və "T.T.Ş." MMC ilə 05 avqust  2009-cu il tarixli 68,0 milyon manat dəyərində müqavilə imzalanmış, işlər başa çatmış və ayrılması nəzərdə tutulan vəsait tam ödənilmişdir.

BELƏLİKLƏ OĞUZ-QƏBƏLƏ-BAKI SU KƏMƏRİ LAYİHƏSİ ÜZRƏ DÖVLƏT NEFT FONDU TƏRƏFİNDƏN ÜMUMİLİKDƏ 779,6 MLN. MANAT VƏSAİT AYRILMIŞ VƏ LAYİHƏNİN MALİYYƏLƏŞDİRİLMƏSİ BAŞA ÇATMIŞDIR.