Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə daxil edilən digər bir layihə altıncı nəsil yarımbatan qazma qurğusunun tikintisinin maliyyələşdirilməsi layihəsidir. Son vaxtlar Xəzər dənizində işləyən şirkətlər kəşfiyyat və hasilat quyularının qazılması üçün üzən qurğuların çatışmazlığı ilə üzləşiblər. Belə qurğuların həm mövcud, həm də imzalanması planlaşdırılan Hasilatın Pay Bölgüsü Sazişləri üzrə yataqların irimiqyaslı və dərin hissələrində işlənməsinə ehtiyac var. Görüləcək bütün iş həcmini yerinə yetirmək (və yeni kəşfiyyat quyuların qazılması) üçün mövcud qurğuların kifayət etməməsi səbəbindən, yeni kəşfiyyat quyularının qazılması üçün ən yeni və müasir qazma qurğularına ehtiyac duyulur.

Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikintisi layihəsində Azərbaycan Respublikasının (AR) iştirak payının ARDNF tərəfindən maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2012-ci il tarixli 803 saylı Fərmanına (Fərman) uyğun olaraq həyata keçirilir.

Üzən qazma qurğusunun tikintisi məqsədilə səhmlərinin 10 faizi Dövlət Neft Şirkətinə, 90 faizi "Caspian Drilling Company LLC"yə (“Xəzər Qazma Şirkəti MMC") məxsus "Socar Rig Assets" MMC yaradılmışdır. Dövlət Neft Fondu ilə “Caspian Drilling Company LLC" arasında  5 iyul 2013-cü il tarixində imzalanmış nizamnamə paylarının alqı-satqısı müqaviləsinə əsasən "Socar Rig Assets" MMC-nin 90 faizlik payı üzərində sahiblik hüququ ARDNF-ə keçmişdir. 

"Socar Rig Assets" MMC-nin fəaliyyətinə nəzarət Dövlət Neft Fondu və Dövlət Neft Şirkətinin hərəsindən bir nəfər olmaqla ümumilikdə iki nəfərdən ibarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının Qərarına əsasən "Socar Rig Assets" MMC-nin adı dəyişilərək “Azerbaijan Rigs” MMC adlandırılmışdır. “Azerbaijan Rigs” MMC-nin nizamnamə kapitalının alınması investisiya layihəsi olaraq  Neft Fondunun investisiya portfelinə daxil edilir.

Layihə büdcəsinin maksimum həddi 1 116,7 milyon ABŞ dolları təşkil edir. Qazma qurğusunun tikintisinin 41 aya başa çatdırılması nəzərdə tutulur. Fond tərəfindən 2016-ci ilin dördüncü rübü ərzində sözügedən layihəyə vəsait ayrılmamış, layinənin əvvəlindən bu günə qədər isə ümumilikdə 793,7 milyon ABŞ dolları vəsaiti ayrılmışdır.