Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Neft Fondunun İcraçı Direktoru 2008-ci ilin birinci rübünün yekunlarına dair mətbuat konfransı keçirib



DSC099999 [AZ]2008-ci il aprelin 17-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov mətbuat konfransı keçirmişdir. O, Fondun 2008-ci ilin birinci rübündə investisiya fəaliyyətinə dair təqdimatla çıxış etmiş və kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışdır.

Ş. Mövsümov mətbuat konfransında Neft Fondunun 2008-ci ilin birinci rübündə gəlir və xərcləri barədə hesabatını açıqlamışdır:

2008-ci ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 1 116,4 milyon manat, büdcə xərcləri isə 438,4 milyon manat təşkil etmişdir.

2008-ci ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1094,0 milyon manat, o cümlədən mənfəət neftinin satışından 1 079,2 milyon manat, akrhesabı ödənişlərdən 0,8 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən 14,0 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,04 milyon manat təşkil etmişdir.

Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 22,4 milyon manata, Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar gəlirlər isə 20,2 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində Neft Fondunun 2008-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 7,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 11,4 milyon manat və 29,0 milyon manat vəsait ayrılmışdır. 390,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. 2008-ci ilin birinci rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 0,7 milyon manat olmuşdur. 

Fond 15,6 milyon manat məbləğində mənfəət vergisi ödəmişdir. 

2008-ci il aprelin 1-ə Fondun aktivləri 860,4 milyon ABŞ dolları artaraq 2 775,0 mln. manata (3 335,8 milyon ABŞ dolları) bərabər olmuşdur.