Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
İnformasiya siyasəti

Azərbaycan Respublikası Dövlət Neft Fondunun
İcraçı Direktoru Ş. A. Mövsümov tərəfindən
                                                                         20 Aprel 2007-ci il tarixində təsdiq edilmişdir.
 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra "Fond") İnformasiya siyasəti (bundan sonra "İnformasiya siyasəti") "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Fondun ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya edilməsini, effektli idarə edilməsini, ictimaiyyətin Fondla bağlı informasiya ehtiyaclarının ödənməsini və Fondun şəffaf dövlət təşkilatı imicinin qorunmasını və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.

 
1. ÜMUMİ MÜDDƏALAR
 
1.1.
İnformasiya siyasəti Fondun informasiya təminatına yönəldilən uzlaşdırılmış hüquqi, təşkilati, iqtisadi və sosial tədbirlər kompleksidir.
 
1.2.İnformasiya siyasətinin məqsədi zəruri informasiyanın formalaşdırılması və Fonda həvalə edilmiş vəzifələrin həlli üzrə informasiyanın çatdırılmasının təmin edilməsidir.

1.3.
İnformasiya siyasətinin məqsədinə uyğun olaraq Fondun əsas vəzifələri aşağıdakılardır:
  • Fondun fəaliyyətinə dair informasiyanın verilməsinin təmin edilməsi;
  • Fondun mətbuat xidməti strukturunun optimallaşdırılması;
  • ictimaiyyətin Fond haqqında məlumat alması üçün şəraitin təmin edilməsi.

1.4.
İnformasiya siyasətinin əsas prinsipləri aşağıdakılardır:
  • Azərbaycan Respublikasının qanunlarının tələblərinə, məlumat azadlığını tənzimləyən müəyyən olunmuş norma və qaydalara ciddi əməl edilməsi;
  • Fondun şəffaflığı təmin etmək maraqlarının qorunması;
  • informasiyanın ictimaiyyətə müntəzəm və kütləvi informasiya vasitələrinə münasibətdə ədalət prinsipinin qorunması şərti ilə çatdırılması;
  • açıqlanan informasiyanın dəqiqliyinin təmin olunması;
  • Fondun sahibi olmadığı informasiyanın konfidensiallığının qorunması.
 
1.5.Fondun mətbuat xidmətinin fəaliyyətinin nəticələri informasiya siyasətinin səmərəliliyinin qiymətləndirilməsinin başlıca meyarıdır.
 
1.6.İnformasiya siyasətinin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının müddəaları, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında" Əsasnamə, Azərbaycan Respublikası Prezidentinin Fonda aid digər normativ aktları təşkil edir.

  
 
2. İNFORMASİYA SİYASƏTİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ ONUN APARILMASINA RƏHBƏRLİK
 
2.1.Fondda informasiya siyasətinin müəyyən edilməsinə və onun aparılmasına ümumi rəhbərliyi Fondun İcraçı Direktoru həyata keçirir.
  
2.2.Fondun rəhbərliyi tərəfindən müəyyən edilmiş informasiya siyasətinin işlənməsi, metodologiyası və aparılması üzrə vəzifəli şəxs Fondun Mətbuat katibidir.
 
2.3.Fondun struktur bölmələrinin rəhbərləri Mətbuat katibinin sorğusuna əsasən informasiya siyasətinin həyata keçirilməsi üçün tələb olunan məlumatları Mətbuat katibinə təqdim etməlidirlər.
  
 
 
3. İNFORMASİYA SİYASƏTİNİN TƏLƏBLƏRİ
 
3.1.  Fond ictimaiyyəti öz fəaliyyətinə dair aşağıdakı informasiyalarla təmin etməlidir:
 
  • Gəlir və xərcləri barədə rüblük məlumatlar;
  • İllik hesabatlar;
  • Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair hesabatlar;
  • audit hesabatları;
  • Müşahidə Şurasının iclaslarına dair məlumatlar;
  • təşkilati strukturu;
  • büdcəsinə dair məlumatlar;
  • aldığı qrantlar, onların şərtləri və istifadəsi haqqında məlumatlar;
  • fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar;
  • maliyyələşdirdiyi layihələrə dair ümumi məlumatlar;
  • investisiya portfeli ilə bağlı konfidensial olmayan məlumatlar;
  • rəhbərliyin xarici işgüzar səfərləri barədə məlumatlar;
  • vakant vəzifələrlə bağlı elanlar.

3.2.Fond mövcud qanunvericiliyə və Əsasnaməsinə uyğun olaraq ictimaiyyətə açıq hesab etdiyi və öz fəaliyyətində şəffaflığı təmin etmək naminə yaydığı informasiya və sənədləri hər bir maraqlı tərəfin əldə etməsini təmin etməlidir.
  
3.3.Fond şəffaf dövlət təşkilatı imicinin qorunması üçün hesabatlarının Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və diplomatik korpusa ötürülməsini təmin etməlidir.

3.4.Fond, haqqında kütləvi informasiya vasitələrinin yaydığı yanlış informasiyaları təkzib etməli və bu barədə lazımi hallarda kütləvi informasiya vasitələrində təkzib verilməsinə nail olmalıdır.
 
3.5.
 Fond maliyyə fəaliyyəti barədə məlumatlarını rübdə bir dəfə və hər ilin əvvəlində açıqlamalıdır.
 
3.6.Fondun rüblük və illik hesabatları kütləvi informasiya vasitələrinə ilk olaraq Fondun İcraçı Direktorunun mətbuat konfransında açıqlanmalı, Fondun İnternet səhifəsində (www.oilfund.az) (bundan sonra "Sayt") yerləşdirilməli və elektron poçt vasitəsilə jurnalistlərə ötürülməlidir.
 
3.7.Fond qanunvericiliklə tələb edilməyən informasiyaları öz mülahizəsinə uyğun olaraq açıqlayır.
 
3.8. Fond sahibi olmadığı informasiyanın konfidensiallığının qorunmasını təmin etməlidir.
 
3.9.Fondun struktur bölmələrinin rəhbərləri Mətbuat katibinə konfidensiallığı qorunmalı olan informasiyalar haqqında məlumat verməlidirlər.
 
3.10.Fond bu bölmədə təsnif edilmiş informasiyaları Saytda yerləşdirməli, mövcud qanunvericiliyin tələb etdiyi qaydada açıqlamalı, kütləvi informasiya vasitələrində yaymalıdır.

 
 
4. İNFORMASİYA SİYASƏTİNİN TƏMİNATI
 
4.1.İnformasiya siyasətinin analitik təminatını, Fondun sahibi olduğu informasiyanın toplanmasının, işlənməsinin və təhlilinin daim təkmilləşdirilməsini, kütləvi informasiya vasitələri ilə işin vəziyyətinin hərtərəfli qiymətləndirilməsini Fondun Mətbuat katibi həyata keçirir.
 
4.2.Fond haqqında məlumatların yığılması, işlənməsinin və yayılmasının əsas vasitəsi ixtisaslaşdırılmış informasiya sistemləridir. Fondun informasiya xidmətlərində müasir texniki vasitələr tətbiq edilir.

4.3.İnformasiya siyasətinin maddi-texniki və maliyyə təminatı Azərbaycan Respublikasının Dövlət Neft Fondunun büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.