Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
APA - Azərbaycan Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə dəyişiklik edilməsi planlaşdırılır (12.03.2014)

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il üçün büdcəsinə dəyişiklik edilməsi barədə Müşahidə Şurası qarşısında vəsatət qaldırılıb. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, dəyişiklik Azərbaycan prezidentinin fərmanı ilə qaz layihələrinin idarə olunması üçün yeni yaradılan şirkətin 51 mln. ABŞ dolları məbləğində kapitalının formalaşdırılması üçün vəsaitin ayrılmasını nəzərdə tutur: «Düzdür, büdcədə bu vəsaitlər nəzərdə tutulmayıb. Lakin bu vəsait ARDNF-dən bilavasitə investisiya kimi təqdim edilir və uzunmüddətli investisiyadır».

Ş.Mövsümov bildirib ki, Cənub Qaz Dəhlizinə daxil olan layihələrin maliyyələşdirilməsinə bu ildən başlanacaq və 2018-2019-cu ilədək davam edəcək: «Ondan sonra isə artıq bu layihələrdən gəlir əldə olunmağa başlanılacaq. Bu gəlir yeni yaradılan şirkətə yönəldiləcək və bu şirkət ARDNF-ə həmin vəsaitləri qaytaracaq».

Fondun icraçı direktoru qeyd edib ki, bu il yeni yaradalan bu operator şirkətinə 51 mln. dollar yönəldiləcək: «Bu layihələrin maliyyələşməsinə 2-2,5 mlrd. dollara qədər vəsait tələb olunacaq. Bu vəsaitlərin qaytarılma dövrü də müxtəlifdir. Ümid edirik ki, 2023-2024-cü ilə qədər bu vəsaitlər artıq Fonda qaytarılacaq».

http://az.apa.az/news/335037