Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycanın Neft Fondu dünyanın 100 ən güclü investorları sırasına necə düşdü Baki-Xəbər (12.10.2018)

“Məsələ ondadır ki, Neft Fondu heç vaxt öz aktivlərini risqli əməliyyatlara yönəltmir”
İlham Şaban: “Neft Fondunun aktivləri 38 milyard dollardan çoxdur”
 
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünyanın ən nüfuzlu 100 investoru siyahısında ilk onluğa düşüb. Belə ki, Azərbaycanın suveren fondu olan ARDNF 2018-ci il dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib. Qlobal miqyasda tanınan siyahıda ARDNF 10-cu yerdə qərarlaşıb.
 
Fonddan verilən məlumata görə, siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, mərkəzi bankları və s. təşkilatlar arasından seçilmiş 100 ən nüfuzlu investor daxil edilib.
 
“Renkinq” Suveren Fondlar İnstitutu tərəfindən qurumların fəaliyyətində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait, həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınmaqla siyahı tərtib edilib.
 
Məlumat üçün qeyd edək ki, 2018-ci il iyunun 30-na ARDNF-in aktivləri 38 mlrd. 36,06 mln. dollar, investisiya portfeli 37 mlrd. 770,43 min dollar təşkil edib. 2018-ci ilin birinci yarısı ərzində fondun investisiya portfelinin 76,4%-i istiqrazlarda və pul bazarı alətlərində, 14,1%-i səhmlərdə, 6%-i daşınmaz əmlakda, 3,5%-i qızılda yerləşdirilib.
 
ARDNF-in dünyanın ən nüfuzlu 100 investoru siyahısında onluqda yer alması çox yüksək göstəricidir. Bu onu göstərir ki, sözügedən məsələdə Fond son dərəcə düşünülmüş siyasət yeridir. Ümumilikdə, Neft Fondu öz investisiya siyasətini necə qurub?
 
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Neft Fondu heç vaxt öz aktivlərini risqli əməliyyatlara yönəltmir: “Ona görə də siyahıda çox yaxşı mövqedə qərarlaşıb. Bu gün Neft Fondunun aktivləri 38 milyard dollardan çoxdur. Bunun təqribən 5 faizi qiymətli metallara yatırılıb. Bir milyard 500 milyon dollar isə daşınmaz əmlaka yatırılıb. Yerdə qalan aktivlər isə idarə edilir. Yəni vəsaitlər bu və digər şəkildə müxtəlif sahələrə investisiya edilib. Bura qiymətli kağızlardan tutmuş, digər məsələlər daxildir. Əlbəttə, bu böyük bir yatırımdır. Ona görə də dünyanın ən nüfuzlu 100 investoru siyahısında ARDNF 10-cu yerdədir. Məsələ ondadır ki, Neft Fondu heç vaxt öz aktivlərini risqli əməliyyatlara yönəltmir. Neft Fondu öz aktivlərini 2001-ci ildən idarə etməklə məşğuldur. Ötən dövrdə dünya iqtisadiyyatında bir neçə kataklizm olub. Yəni bu dövrdə enmələr, çökmələr, böhranlar yaşanıb. Ancaq, bütün hallarda, Neft Fondu bunlardan yan keçə bilib. Ona görə ki, aktivlərini risqli əməliyyatlara yönəltmir. Belə ki, Neft Fondu faizlərini kiçik saxlayır və ümumilikdə, 1 faiz ətrafında gəlirliyi var. Ancaq bütün bunlara baxmayaraq, stabil, qorunan, yüksək sığortalanma mənbəyinə malikdir. Hesab edirəm ki, bu kimi faktorlar ARDNF-in siyahıda yaxşı yerdə qərarlaşmasına öz təsirini göstərib”.
 
Vidadi Ordahallı