Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
APA İnformasiya Agentliyi - İsrafil Məmmədovla müsahibə 12 mart 2012

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) səhmlərə investisiyalar üçün hədəf kimi, əsasən inkişaf etmiş ölkələrin 1600-dən çox nüfuzlu şirkətlərin yer aldığı və nisbətən daha az qiymət dəyişkənliyi riskinə məruz qalan MSCI World indeksini seçib.


Bununla bağlı ARDNF-in Vəsaitlərin idarə edilməsi Müdiriyyətinin müdiri İsrafil Məmmədov «APA-Economics»ə müsahibə verib.

- Neft Fondunun İnvestisiya Siyasətinə əsasən, 2012-ci il ərzində ARDNF-in investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədəri qızıla, səhmlərə və daşınmaz əmlaka yatırıla bilər. Bu göstərici dəyər ifadəsində hansı məbləğ deməkdir? 

- Məlum olduğu kimi, ARDNF-in 2012-ci il üçün təsdiq edilmiş İnvestisiya Siyasətinə əsasən, Fondun investisiya portfelinə yeni maliyyə alətlərinin, o cümlədən səhmlərin, qızılın və daşınmaz əmlakın daxil edilməsi nəzərdə tutulur. Belə ki, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər. Lakin, qeyd olunduğu kimi, hər bir maliyyə aləti üzrə 5%-lik hədd bu növ investisiyalar üçün maksimal həddir. Adıçəkilən maliyyə alətlərinin spesifikliyini, eləcə də ARDNF üçün yeni olduğunu nəzərə alaraq, onların Fondun investisiya portfelinə mərhələli şəkildə daxil edilməsi planlaşdırılır. Başqa sözlə, ümumilikdə qeyd edilən maliyyə alətlərinin Fondun vəsaitlərindəki xüsusi çəkisi maksimum 15% təşkil edə bilər. Lakin onların investisiya portfelinə hissə-hissə əlavə edilməsi nəzərdə tutulduğundan, cari ilin yekununda bu alətlərin xüsusi çəkisinin yol verilə bilən maksimum səviyyədən daha aşağı olacağı gözlənilir.

- ARDNF-in rəsmi məlumatına görə, ilkin mərhələdə səhmlərə investisiyanın xarici menecerlər vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulur. Yəni, ARDNF-in özü bu zaman səhmlərlə bağlı hər hansı meyarlar irəli sürməyəcək? Yoxsa, istənilən halda bu proses Fondun səhmlərlə bağlı tələbləri çərçivəsində aparılacaq? 

- ARDNF-in səhmlərə investisiyalarının ilkin mərhələdə xarici menecerlər vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, vəsaitlərin idarə edilməsində xarici menecerlərin xidmətlərindən istifadə edilməsi beynəlxalq təcrübədə kifayət qədər yayılmış bir haldır. Lakin investisiyaların xarici menecerlər vasitəsilə həyata keçirilməsi həmin investisiyalar barədə bütün qərarların bilavasitə xarici menecerlər tərəfindən verilməsi anlamına gəlmir. Bu hal ARDNF-in səhm investisiyaları üçün də keçərlidir, yəni bu investisiyalar üçün xarici menecerlər seçilərkən onların səlahiyyətləri, investisiyalara dair tələblər, idarəetməyə verilmə müddəti və başqa müddəalar Fond tərəfindən müəyyən ediləcək və bütün bunlar bağlanan sazişdə əksini tapacaq. Ümumiyyətlə, xarici menecerlərin seçilməsi Xidmət Təklifləri Sorğusu (XTS) üsulu ilə həyata keçirilir və bununla bağlı elan artıq Fondun internet səhifəsində yerləşdirilərək ictimaiyyətə çatdırılıb. Eyni zamanda, həmin elanda Fondun səhm portfeli üçün tətbiq olunacaq bençmark (hədəf) və xarici menecerlərlə bağlı tələblər də yer alır. ARDNF tərəfindən ən yaxşı beynəlxalq standartlar əsasında və xarici məsləhətçilərin tövsiyələri də nəzərə alınmaqla hazırlanan XTS və xarici menecerlər barədə tələblər diqqətə alınaraq əminliklə söyləmək olar ki, Fondun səhm portfelini idarə edəcək menecerlər bu sahədə kifayət qədər təcrübəyə, yüksək səviyyəli ixtisaslı kadr potensialına malik və hər biri passiv idarəetmə əsasında ən azı 50 mlrd. ABŞ dolları həcmində səhm portfelini idarə edən dünyaca tanınmış maliyyə qurumları olacaq.

- Vəsaitlərin yatırılması üçün səhmlərin seçimi zamanı hansı meyarlar əsas götürüləcək? Bu sahədə səhmlərin buraxıldığı ölkələr və ya iqtisadiyyatın sahələri ilə bağlı prioritetlər mövcuddur? 

- Beynəlxalq təcrübədə səhm investisiyalarının idarə edilməsi bir sıra istiqamətlərdə, o cümlədən hər hansı bir nüfuzlu səhm bazarı indeksinin hədəf kimi seçilməsi və onun «replikasiya» edilməsi üsulu ilə (passiv idarəetmə əsasında - APA) həyata keçirilir. Bu cür idarəetmə seçilmiş səhm bazarı indeksinə daxil olan səhmlərin, yəni iri, nüfuzlu, tanınmış şirkətlərin səhmlərinin indeksdə olduğu xüsusi çəkidə portfelə daxil edilməsi yolu ilə həyata keçirilir və kifayət qədər mühafizəkar idarəetmə üsulu hesab edilir. ARDNF-in səhm investisiyaları da xarici menecerlər tərəfindən məhz bu üsulla aparılacaq. Bu investisiyalar üçün hədəf kimi ARDNF tərəfindən ilkin mərhələdə əsasən inkişaf etmiş ölkələrin 1600-dən çox nüfuzlu şirkətlərinin yer aldığı və nisbətən daha az qiymət dəyişkənliyi riskinə məruz qalan səhm bazarı indekslərindən olan MSCI World indeksi seçilib.

- Hansı müddətdən sonra Dövlət Neft Fondu səhmlərə investisiyaları birbaşa özü həyata keçirmək niyyətindədir? 

- Fondun səhm portfeli ilkin mərhələdə xarici menecerlər tərəfindən idarə ediləcək. Uzun zamandan bəri ARDNF-də səhm portfelinin gələcəkdə daxili idarə edilməsi məqsədilə bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, mövcud bilik və təcrübənin toplanılması və ixtisaslı işçi kadrlarının hazırlanması istiqamətində aparılan işlər xarici menecerlərə müvafiq mandatlar verildikdən sonra daha da sürətləndiriləcək. Nəticə etibarilə yaxın gələcəkdə bu investisiyaların böyük bir hissəsi daxili idarəetməyə keçəcək.

- Səhmlərə və qızıla investisiya qoyuluşundan əldə olunacaq illik gəlirin ehtimal olunan səviyyəsi nə qədərdir? 

- Bu günə qədər ARDNF-in investisiya portfelinin əsas hissəsini sabit gəlirli qiymətli kağızlar təşkil edib. Bu maliyyə alətləri, xüsusilə qısamüddətli sabit gəlirli qiymətli kağızlar, nisbətən daha az qiymət dəyişkənliyi riski ilə səciyyələnsələr də, uzunmüddətli dövr ərzində daha az gəlirlilik nümayiş etdirir. Fondun investisiya portfelinə yeni maliyyə alətlərinin, o cümlədən səhmlərin, daşınmaz əmlakın, qızılın daxil edilməsi portfelin diversifikasiyası, bir maliyyə alətinin qısamüddətli dövr ərzində portfelə mənfi təsirini minimuma endirmək və uzunmüddətli dövr ərzində vəsaitlərin ümumi gəlirliliyini daha da artırmaqdır. Məlum olduğu kimi, səhmlər hər hansı bir şirkətdə müəyyən paya sahiblik hüququnu təsdiqləyən maliyyə alətidir. Səhmin qiyməti əsasən iqtisadi tsiklin, onun aid olduğu şirkətin yer aldığı biznes sektorunun, eləcə də şirkətin özünün inkişaf trendi üzrə hərəkət edir. Səhmlər eyni zamanda sabit gəlirli qiymətli kağızlardan fərqli olaraq heç bir qaytarılma müddətinə malik deyil, bir çox hallarda alındıqdan sonra sabit gəlirlilik vəd etmir. Bu maliyyə aləti xüsusilə qısa müddət ərzində yüksək qiymət dəyişkənliyi ilə xarakterizə olunur ki, həmin müddət ərzində də o, müsbət gəlirlilik göstərməyə bilər. Lakin qeyd etmək lazımdır ki, statistikaya əsasən, uzunmüddətli dövr ərzində səhmlər sabit gəlirli qiymətli kağızlara nisbətən daha yüksək gəlirlilik nümayiş etdirir.
Qızıla investisiyalara gəldikdə isə qeyd etmək lazımdır ki, ənənəvi maliyyə alətləri hesab edilən səhmlər və sabit gəlirli qiymətli kağızlara nisbətən qızıla sərmayələrdə investorlar arasında müəyyən fikir ayrılığı mövcuddur və onlar bu investisiyalarda müxtəlif formada iştirak edirlər. Bir çox investorlar tərəfindən qızıla investisiyalar xüsusilə iqtisadi tənəzzül, məzənnə riskləri, inflyasiya kimi amillərə qarşı sığorta vasitəsi kimi böyük maraqla qarşılanır ki, bu da onu portfelin diversifikasiyası istiqamətində daha da cəlbedici edir. Bütün bunlarla bərabər, qızıl da səhmlər kimi qısa müddətdə yüksək qiymət dəyişkənliyi ilə səciyyələnir ki, bu səbəbdən də ARDNF bu investisiyaları mərhələli şəkildə investisiya portfelinə daxil etməyi nəzərdə tutur. ARDNF-in qızıla investisiyaları eyni zamanda daha mühafizəkar istiqamət olan qızıl külçələrə fiziki sahib olma yolu ilə aparılır. Fondun daxili təlimatına əsasən, bu külçələr eyni zamanda London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının müəyyən etdiyi standartlara uyğun olmalı və həmin təşkilatın üzvü olan tərəfdaş banklardan alınmalıdır. Yuxarıda da qeyd edildiyi kimi, qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan qızılın ümumi miqdarının (Fondun vəsaitlərinin 5%-ə qədəri) həftələr üzrə bərabər şəkildə bölüşdürülərək 2 il müddətində ARDNF-in investisiya portfelinə daxil edilməsi planlaşdırılır. Bu strategiya zamanı Fondun qızıl investisiyalarının iki ilin sonundakı dəyəri bu müddət ərzində təqribən qızılın orta bazar qiymətinə bərabər olacaq.

- ARDNF daşınmaz əmlaka investisiyalara nə vaxtdan başlamaq niyyətindədir? 

- Artıq uzun zamandır, ARDNF-də daşınmaz əmlak üzrə diversifikasiya olunmuş investisiya strategiyasının hazırlanması istiqamətində ciddi işlər görülür. Daşınmaz əmlak üzrə müvafiq bazarların öyrənilməsi istiqamətində müəyyən araşdırmalar aparılır, nüfuzlu bazar iştirakçılarının rəyləri ətraflı şəkildə dəyərləndirilir. Fondun artıq yaxın aylarda daşınmaz əmlaka ilk investisiyaları həyata keçirməsi nəzərdə tutulur.

- Bu investisiyalar birbaşa ARDNF-in özü tərəfindən, yoxsa xarici menecerlər vasitəsilə həyata keçiriləcək? 

- Daşınmaz əmlaka investisiyalar öz spesifikliyinə görə ənənəvi maliyyə alətləri olan səhmlər və sabit gəlirli qiymətli kağızlardan kifayət qədər fərqlənir. Bu investisiyaların həyata keçirilməsi və bu zaman xarici menecerlərin xidmətlərindən istifadə edilməsi də öz müxtəlifliyi ilə səciyyələnir. Ümumiyyətlə, daşınmaz əmlaka investisiyalar əsasən birbaşa - brokerlər və investisiya menecerləri, habelə dolayı yolla - Daşınmaz Əmlak İnvestisiya Trestlərinin səhmlərini almaqla və müştərək investisiya fondlarında iştirak vasitəsilə həyata keçirilir. ARDNF-də daşınmaz əmlak üzrə bir sıra investisiya istiqamətlərini özündə əks etdirən, coğrafi olaraq da yüksək diversifikasiya olunmuş investisiya strategiyasının hazırlanması üzrə hazırda müvafiq işlər görülür. İlkin mərhələdə ARDNF-in bu investisiyaları müəyyən qədər mühafizəkar istiqamət hesab edilən daha aşağı qiymət dəyişkənliyi, nisbətən daha sabit gəlirlilik (əsasən icarə haqqı hesabına) ilə xarakterizə olunan, mərkəz ərazilərdə kommersiya daşınmaz əmlakına birbaşa sahib olmaq yolu ilə həyata keçirməsi nəzərdə tutulur. Bu məqsədlə artıq şəffaf bazar mühitinə və yüksək likvidliyə malik bir sıra ölkələrin önəmli şəhərlərinin daşınmaz əmlak bazarları ətraflı təhlil edilib. Ümumiyyətlə, daşınmaz əmlaka birbaşa sahib olma yolu ilə həyata keçirilən investisiyalar çox mərhələli proses olub, öz mürəkkəbliyi ilə səciyyələnir. Bu investisiyalar zamanı ilk öncə daşınmaz əmlak bazarının əsas iştirakçıları düzgün müəyyən edilməli, onların fikir və tövsiyələri diqqətə alınmalıdır. Bununla bağlı ARDNF tərəfindən artıq investisiyaların həyata keçirilməsi planlaşdırılan daşınmaz əmlak bazarlarında fəaliyyət göstərən nüfuzlu brokerlər, əsas investisiya menecerləri, iri daşınmaz əmlak sahibləri, hüquq və s. şirkətlərlə müvafiq görüşlər keçirilib, onların müvafiq təklifləri dəyərləndirilib. Sonrakı mərhələdə təklif edilən hədəf investisiyaların ARDNF tərəfindən tətbiq olunan əsas meyarlara uyğun olub-olmadığı yoxlanılıb. İnvestisiyalardan öncə Fondun kommersiya maraqlarını yüksək səviyyədə təmin edən, alqı-satqı prosesinin lazımi səviyyədə şəffaf həyata keçirilməsinə imkan verən, eyni zamanda daşınmaz əmlakdan əldə ediləcək gəlirlərdən ödəniləcək vergilərin minimuma endirilməsinə şərait yaradan səmərəli strukturun təşkili də kifayət qədər önəmlidir ki, hazırda Fondda bu sahədə aidiyyəti xarici şirkət və qurumlarla birgə ciddi işlər görülür. Qeyd edilənlərlə bərabər, daşınmaz əmlakın qiymətləndirilməsi, yüksək texniki təchizata malik olmasının yoxlanılması və hüquq məsələləri də xüsusi əhəmiyyət kəsb edir ki, bu istiqamətlər də hazırda ciddi təhlil olunur. ARDNF tərəfindən daşınmaz əmlakın alınması zamanı bu sahədə kifayət qədər təcrübəyə malik nüfuzlu brokerlərin xidmətlərindən istifadəsi nəzərdə tutulur ki, onların seçilməsi zamanı da yüksək tələblər irəli sürüləcək. Bütün qeyd edilənləri nəzərə alaraq, ARDNF-in daşınmaz əmlaka ilkin investisiyasının gələcək 3-4 ay ərzində baş tutacağı söylənilə bilər. Fondun ilkin investisiyalar üçün nəzərdə tutduğu kommersiya daşınmaz əmlakı obyektləri kifayət qədər böyük sahəyə, çoxsaylı icarəçilərə, yüksək səviyyədə maddi-texniki təchizata malik olacağından, alqı-satqı prosesindən sonra da onların peşəkar idarə edilməsi Fondun ciddi nəzarəti altında bu sahədə ixtisaslaşmış nüfuzlu şirkətlərə həvalə olunacaq.

- Daşınmaz əmlaka investisiyalar zamanı hansı prioritetlər və meyarlar tətbiq olunacaq? 

- ARDNF ilkin mərhələdə bu investisiyaları şəffaf bazar mühitinə və yüksək likvidliyə malik olan bəzi ölkələrin əsas şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarında həyata keçirməyi nəzərdə tutur. ARDNF-in bu investisiyalar zamanı əsas prioritetlər kimi onların eyni zamanda uzunmüddətli icarə müqaviləsinə sahib olması, əsas mərkəz-biznes ərazilərində yerləşməsi, istifadə üçün əla vəziyyətdə olması, müasir texniki təchizata malik olması kimi şərtləri saymaq olar. Fond üçün eyni zamanda daşınmaz əmlakın düzgün və şəffaf qiymətləndirilməsi, səmərəli hüquq-vergi strukturunun təmin edilməsi, icarəçilərin maliyyə stabilliyi, alış zamanı nüfuzlu brokerlərin xidmətlərindən istifadə məsələləri də xüsusi önəm daşıyır. Bundan başqa, nəzərdən keçirilən ölkələrdə mülkiyyət toxunulmazlığı, hüquq sisteminin şəffaflığı, daşınmaz əmlak bazarının inkişaf səviyyəsi amilləri də ciddi təhlil olunur. 

 

 http://az.apa.az/news/253978