Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Neft Fondu aktivlərinin əsas hissəsi dollar və avroda – Perspektiv risqlərin qarşısı alına bilərmi? Bakı Xəbər 30.12.2017

“Görünən odur ki, növbəti ildə də Neft Fondunun gəlirlərindən son dərəcə düzgün və optimal istifadə ediləcək”
 
Rəsul Cahangirli: “Vaxt gələcək, bəzi layihələrə qoyulan vəsait ciddi iqtisadi səmərə verəcək”
 
Məlum olduğu kimi, Prezident İlham Əliyev Neft Fondunun 2018-ci il büdcəsinin gəlir və xərclərini təsdiq edib. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinin gəlirləri 11 milyard 559 milyon 956,2 min manat, xərcləri isə 9 milyard 730 milyon 221,8 min manat məbləğində təsdiq edilib.
 
Prezidentin imzaladığı Fərmana görə, gələn il ARDNF-in gəlirlərinin 9 milyard 723 milyon 786,1 min manatının Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin, 3 milyon 612 min manatının karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişlərinin, 16 milyon 340 min manatının neftin və qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin, 1 milyard 42 milyon 46,1 min manatının fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin, 774 milyon 172 min manatının isə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar hesabına formalaşacaq.
 
2018-ci ildə NF-dən 200 milyon manat qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin, 9 milyard 216 milyon manatı 2018-ci il dövlət büdcəsinə transferin yuxarı həddinə, 90 milyon manatı Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin, 176 milyon 128 min manatı Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin, 16 milyon 218 min manatı “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 31 milyon 875,8 min manatı isə fondun idarə edilməsi ilə bağlı xərclərinə sərf olunacaq.
 
Ümumilikdə, bununla bağlı qərarı ekspertlər necə dəyərləndirirlər?
 
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, fondun gəlirləri optimal səviyyədə istifadə olunacaq: “Görünən odur ki, növbəti ildə də Neft Fondunun gəlirlərindən son dərəcə düzgün və optimal istifadə ediləcək. Neft gəlirlərinin idarə olunması strategiyasına baxsaq görərik ki, bu kimi məqamlar son dərəcə ətraflı nəzərə alınıb. Müşahidələr göstərir ki, ilbəil bu sahədə irəliləyiş var. Azərbaycan mümkün qədər bu gəlirlərdən səmərəli istifadə etmək siyasəti yeridir. Diqqətçəkən və təqdir olunası məqamlardan biri də ondan ibarətdir ki, son illər Neft Fondundan dövlət büdcəsinə transferlərin həcminin azaldılması siyasətinə önəm verilir. Fikrimcə, bu tamamilə düzgün yanaşmadır. Ona görə ki, bunun sayəsində strareji valyuta ehtiyatları gələcək nəsillərə qalacaq. Eyni zamanda, Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən diqqət getdikcə güclənir. Müsbət məqamlardan biri də ondan ibarətdir ki, növbəti ildə də Neft Fondundan bir sıra vacib sosial, eyni zamanda iqtisadi layihələrin maliyyələşdirilməsinə vəsait ayrılacaq. Məsələ ondadır ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması vacibdir. Ona görə də bununla bağlı vəsaitin ayrılması düzgündür. Eyni zamanda, Azərbaycan üçün strateji önəm kəsb edən layihələrə də vəsaitin ayrılması tamamilə doğru yanaşmadır. Çünki vaxt gələcək, bəzi layihələrə qoyulan vəsait ciddi iqtisadi səmərə verəcək. Bütün hallarda, həyata keçirilən strategiya düzgündür və reallığa uyğundur. Hesab edirəm ki, bu tamamilə dövlət maraqlarına uyğun siyasətdir”.