Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan Respublikası Dövlət Neft Fondu: Azərbaycan başqa yolla addımlayır

1logo_euromoney_large.JPG [AZ]

Dominic O'Neill

 

06 yanvar 2009-cu il, Çərşənbə axşamı

 

 

Bir çox dövlət vəsaitlərinin idarəedilməsi fondlarından fərqli olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondu hələ də davamlı inkişaf edir və xarici riskləri araşdırır. Ölkənin qlobal iqtisadi böhrana dair malik olduğu təcrübəsi beynəlxalq kapital bazarlarının yeni ümidlərinə təsir göstərəcəkmi? Dominic O'Neill Bakıdan xəbər verir.

 

19-cu əsrin sonunda Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın neft sahəsində sürətlə inkişaf edən ilk şəhərlərindən biri idi. Bu gün isə ön sıralarda yer almaqdadır. Bakı artıq Xəzər dənizinin Moskvasına çevrilir: yüksək təfəkkür, qaldırıcı kranlarla dolu mənzərə, qara rəngli Mercedes markalı avtomobillər, dəbdəbəli kafelər və İtalyan dizaynerlərinin geyim mağazaları.

 

Bütün bunlar yenicə başlayan neft sıçrayışının əlamətləridir. Buna baxmayaraq, Azərbaycanın son vaxtlar artan valyuta daxilolmalarının hamısı spekulyativ daşınmaz əmlak və istehlak mallarına sərf edilmir. Azərbaycan Respublikası Dövlət Neft Fondu daha çox öhdəlik, daha çox kapital və daha çox risk daşıyacaq yeni infrastruktur qurmağa çalışır. O, digər dövlət vəsaitlərinin idarəedilməsi fondları ilə müqayisədə əks istiqamətdə addımlayır.

 

Son 12 ayda Dövlət Neft Fondu (ARDNF) ölkənin mühüm təşkilatına çevrilmişdir. 2008-ci ilin yanvar-dekabr ayları ərzində Fondun aktivlərinin həcmi 2.5 milyard dollardan 11 milyard dollaradək artmışdır: dörd dəfə artım, təxminən ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) üçdə biri. Müqayisə üçün, Morqan Stenlinin (Morgan Stanley) təxminlərinə görə dövlət vəsaitlərinin idarəedilməsi fondlarının aktivlərinin həcmi 2008-ci ilin son 10 ayında bütün dünya üzrə 3 trillion dollardan 2.5 trillion dollara düşmüşdür.

 

Keçən ilin ikinci yarısında neftin qiymətinin düşməsindən sonra belə ARDNF-nin aktivlərinin artması davam etməkdədir. Sentyabrda neftin bir barelinin qiyməti 100$ olduqda, Fondun bir ayda əldə etdiyi gəlir 2.5 milyard dollar idi. Hətta neftin qiyməti 50$ olduqda belə, Fond hələ də bir ay üzrə 700 milyon dollar vəsait əldə edir. İki il əvvəl, neftin daha yüksək qiyməti bu gəlirin müəyyən hissəsini təşkil edirdi (məsələn, 2007-ci ilin əvvəlində Fondda yalnız 1.5 milyard dollar var idi).

 

Fondun icraçı direktoru Şahmar Mövsümov Euromoney jurnalına verdiyi müsahibəsində belə söyləmişdir: "Azərbaycanda neft hasilatının həcmi artırılmış və xarici şirkətlərlə bağlanmış istehsalın pay bölgüsü müqavilələri əsasında dövlətin mənfəət bölgüsündəki payı yüksəlmişdir". Xüsusilə, BP şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən işlənməsi həyata keçirilən 5 milyard barel hasilata malik Azəri-Çıraq-Günəşli neft yatağında qazma işləri gücləndirilmişdir. 2008-ci ilin ikinci rübündə hökumətin bu sahədə mənfəət bölgüsündəki payı 50%-dən 80%-ə yüksəlmişdir. Əldə ediləcək mənfəət birbaşa ARDNF-ə daxil olur.

 

2009-cu ildə Azərbaycan iki ildir istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə neft ixracatının bir gün üzrə bir milyon barelə çatdırılacağına ümid edir. Mövsümovun sözlərinə əsasən, nəticə etibari ilə, neftin bir barelinin qiyməti orta hesabla 50$ olduqda əvvəlcədən razılaşdırılmış hissə dövlət büdcəsinə köçürüldükdən sonra, 2009-cu ilin sonunda Fondda təqribən 20 milyard dollar vəsait olacaqdır. Neftin orta hesabla qiymətinin 40$ olacağını təxmin etsək, Mövsümov Fondun gələcək 15 ildə neftdən 200 milyard dollar vəsait əldə edəcəyini söyləyir. Qeyd olunan məbləğin çox hissəsinin növbəti dörd ildə, yəni Azərbaycanda neft hasilatının ən yüksək mərhələyə çatacağı zaman əldə edilməsi gözlənilir.

 

Son illərdə Fond illik gəlirinin 60%-ni yığıb saxlamışdır. Lakin, məntiqi baxımdan, hətta neftin kəskin axınının azalmasından sonra da, məsələn, orta hesabla 100 milyard dollar üzrə 5% gəlir hələ də dövlət büdcəsinə illik 5 milyard dolların köçürülməsinə imkan verəcək: yəni, 2009-cu il üzrə nəzərdə tutulan köçürüləcək 6 milyard dollardan 1 milyard dollar az.

 

Mövsümov deyir: "Çünki biz ehtiyatları tez bir zamanda toplaya biləcəyik və dövləti tükənməyən gəlir mənbəyi ilə təmin edəcəyimizə ümid edirik. Beləcə biz vəzifəmizin necə artdığının şahidi oluruq. Bu isə ölkənin gələcəyi üçün qoyulmuş əmanətdir".

 

Dövlət Neft Fondunun ümidləri belədir.

 

Yüksəliş və enmə

 

Ötən il dövlət vəsaitlərinin idarəedilməsi fondlarının bir imperiya kimi necə yüksəlib və necə enməsini, eləcə də, öz inkişaf yolunda müxtəlif mərhələlərdən keçməsini açıq şəkildə göstərdi.

 

"İlk mərhələ ehtiyatlılıq və kapitalın qorunmasına yönəlmişdir; sonra isə onlar daha da böyüyür və cəsarətlənir və daha riskli aktivlərə investisiya qoymağa başlayırlar", bu dövlət vəsaitlərinin idarəedilməsi fondlarına nəzarət edən Monitorinq Qrupunun məsləhətçisi Drosten Fischer-in fikridir.

 

Azərbaycanın Neft Fondu qeyri-adidir, çünki o hələ də göstərilən mərhələlərin birincisindədir, müəyyən mənada isə bunu Sovet İttifaqından ayrıldıqdan sonra ölkənin yaşadığı siyasi dəyişikliklərlə əlaqələndirmək olar. Bu proses Azərbaycanın neft sənayesinin inkişafını ləngitdi. Lakin ARDNF tezliklə Fisher-in qeyd etdiyi ikinci mərhələyə daxil olacaqdır. Həqiqətən də, Neft Fondunun ehtiyatlı davranmasının əvəzi 2008-ci ildə verildi, belə ki, icraçı direktor 2007-ci ildə əldə edilən 4.5% gəlirdən az olsa da kapital üzrə müsbət gəlirin əldə ediləcəyinə ümid edir (valyuta səbəti əsasında). Daha çox riskə gedən bir çox dövlət vəsaitlərinin idarəedilməsi fondları 2008-ci ildə dünya bazarlarında baş verən böhranla əlaqədar bu bazarlara qoyduqları investisiyalar nəticəsində aktivlərinin müəyyən hissəsini itirdilər.

 

s.movsumov-oslo conference.jpg [AZ]Şahmar Mövsümov Fondun maliyyə qurumlarının (və ya şirkətlərinin) qiymətli kağızlarına müəyyən təsirlərin hiss olunduğunu, lakin dövlət qiymətli kağızlarından böyük həcmdə gəlir götürüldüyündən 2008-ci ildə mənfəət əldə etməyə nail olduqlarını bildirdi. Öz ehtiyatlılığı ilə seçilən Norveçin dövlət vəsaitlərinin idarəedilməsi fondu ilə müqayisə etdikdə (lakin ARDNF-dən fərqli olaraq səhm portfelinə sahibdir) Norveç Fondunun 2008-ci ilin üçüncü rübündə 7.7% itki verdiyini qeyd edə bilərik - bu Fondun ümumilikdə göstərdiyi ən pis nəticədir.

 

Fischer 2008-ci ildə dövlət vəsaitlərinin idarəedilməsi fondlarının kapitalın arta biləcəyi kimi azala biləcəyinə dair məlumatlandırıldıqlarını bildirmişdir. Bu isə, öz növbəsində dövlət vəsaitlərinin idarəedilməsi fondlarının ümumi inkişafının üçüncü və son mərhələsinə doğru addımlamalarına səbəb olmuşdur: daha az riskli aktivlər və daha çox yerli investisiyanın qoyulması.

 

Daha çox konservativ olmağı bacarmayan, lakin bununla belə, inkişafının ilk və ən sürətli mərhələsində olan Azərbaycan fərqli istiqamətdə addımlamaqdadır. Uzunmüddətli sərmayədar olaraq, Fondun menecerləri qlobal maliyyə və iqtisadi böhranın sabit gəlirli investisiyalardan geri çəkilməyə əlverişli imkan yaradacağını düşünürlər. Yəni, nisbətən qısa müddətdə lazımi qədər beynəlxalq birjalarda kotirovka olunan aşağı qiymətli səhmlər, daşınmaz əmlak və güman ki, birjalarda kotirovka olunmayan xüsusi səhmlər və alternativlər üçün ideal mühit yaranacaqdır.

 

Şahmar Mövsümov Neft Fondunun dövlətin maliyyə qoruyucusu olmasının Fonda şərti öhdəliklər yaratdığını söyləyir. Mövsümov hal-hazırda Fondun aktivlərinin əhəmiyyətli dərəcədə artımı şərti öhdəliklərin azalmasını bildirir. Mövsümovun sözlərinə əsasən, bu onlara daha riskli investisiya etməyə imkan yaratmışdır.

 

Bu strategiyanın ilkin şərti daha böyük qüvvəyə sahib menecerlərin toplanması və maddi-texniki təminat bazası və infrastrukturun artırılmasıdır. Neftin gəlirinin artması səbəbi ilə, bunlar istənilən halda tələb edilirdi. ARDNF neft hasilatının artması və hökumətin mənfəət bölgüsündəki payının artmasından böyük həcmdə daxilolmalar gözləyirdi. Lakin 2008-ci ildə gəlirlərin idarəedilməsinə heç bir kənar qüvvə cəlb edilmədi və Fondun kapitalının 98%-i hələ də daxili qüvvələr hesabına idarə edilməkdədir. Üçüncü tərəflərin idarə etdiyi vəsaitlərin nisbəti 2008-ci ildə azaldı və bu, səhmlərin necə seçilməsi və daşınmaz əmlakı necə almağı öyrənmədən belə ARDNF menecerlərinə daha çox iş görməyə imkan yaratdı.

 

2006-cı ildən bəri ARDNF işçi qüvvəsinin sayını 40-dan 70-dək artırmış və eyni zamanda, əməkdaşlarını portfellərin idarə edilməsi, strateji aktivlərin yerləşdirilməsi və riskin idarə edilməsi sahəsində təlim keçmək üçün digər ölkələrə göndərmişdir. Lakin hələ də yeni əməkdaşları cəlb etməyə davam edir. Mövsümöv deyir: "Biz ölkədə yaşayan insanlar arasından ən istedadlı şəxsləri axtarıb tapmağa çalışırıq".

 

Transformasiya

 

ARDNF xüsusilə qərb universitetlərində təhsil almış şəxsləri axtarıb tapmağa çalışır. Prezidentin fərmanına əsasən təyin olunmuş Fondun İcraçı Direktoru bakalavr dərəcəsini Moskvada, magistr dərəcəsini isə 2003-2004-cü illərdə Azərbaycan mərkəzi bankında işlədiyi zaman götürdüyü illik məzuniyyət dövründə Harvard universitetində almışdır.

 

Belə bir təsir son iki ildə böyük həcmdə vəsaitlərin idarəedilməsinə hazırlaşaraq ARDNF-nin Uoll Strit (Wall Street) investisiya evi kimi bir müəssisəyə transformasiyasını şərtləndirdi. İndi Fondda artıq ön ofis, mərkəzi ofis və arxa ofis yaradılmışdır. Artıq Fond maraqların toqquşmasının qarşısının alınmasında sanki Çin səddi yaratmış və portfellərin idarə edilməsi üzrə ən son proqram təminatı alaraq yeni texnologiyalara sərmayə qoymuşdur.

 

Lakin aktivlərin yerləşdirilməsi sahəsində ARDNF maliyyə nazirliyi və ya mərkəzi bankda bir hesab olmaqdan kənarlaşaraq inkişaf etməyə yenicə başlamışdır. Fondda aktivlərin yerləşdirilməsində dəyişikliklərin müzakirə edilməsinə dair ayda bir dəfə toplaşan investisiya komitəsi fəaliyyət göstərir. Qlobal böhran Fondu daha tədbirli olmağa sövq etmişdir.

 

Şahmar Mövsümov: "2007-ci ilin yayından bu günədək biz mümkün qədər ən ehtiyatlı mövqedə dayanmağı və riskli olan hər bir əməliyyatdan kənarlaşmağı qərara almışıq".

 

2008-ci ilin əvvəlində ARDNF-nin qiymətli kağızlarının böyük hissəsi investisiya dərəcəli maliyyə təsisatları tərəfindən buraxılmış qiymətli kağızlarda olduğu halda, ilin sonunda bu göstərici ABŞ-da Fannie MAE (Federal Milli İpoteka Assosiasiyası) və Almaniyanın KfW misalında dövlət təşkilatlarının qiymətli kağızlarına yönəlmişdi.

 

Mövsümov Euromoney jurnalına verdiyi müsahibəsində qeyd edir ki, təşkilatların qiymətli kağızları digər dövlət qiymətli kağızları ilə müqayisədə lazımi qədər dəyərləndirilmir. Lakin 2007-ci ilin ortalarından ARDNF suveren qiymətli kağızlarda yerləşdirdiyi aktivlərinin həcmini artırmışdır.

 

Suveren təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlar ARDNF-nin sahib olduğu investisiyaların ən kiçik hissəsini təşkil edir. ARDNF birbaşa suveren təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla müqayisədə Dünya Bankı misalında çoxtərəfli müəssisələr tərəfindən buraxılmış qiymətli kağızların daha yüksək nisbətinə sahibdir. 2008-ci ilin sonunda Fond ən az vəsaitini qiymətinin şişirdildiyini fərz etdiyi ABŞ xəzinədarlığı tərəfindən buraxılmış qiymətli kağızlarda saxlayırdı (həqiqətən, əvvəllər Fondun ümumi qiymətli kağızlarının böyük hissəsi ABŞ-dan olduğu halda, 2008-ci ilin ikinci rübündən başlayaraq bu qiymətli kağızların əsas hissəsi Avropada idi).

 

Avropanın təşkilatları tərəfindən buraxılmış qiymətli kağızlarına üstünlüyün verilməsini ehtiyatlılığın bir əlaməti hesab etmək olar. Lakin bir çox hallarda ARDNF-nin daha konservativ mövqe alması çox çətindir. Həqiqətən, xarici menecerlər tərəfindən idarə edilən 1%-dən az cüzi nisbətdən başqa, Dövlət Neft Fondu səhm investisiyasına sahib deyildir. Fond heç bir zaman hər hansı növ struktur məhsullara və derivativlərə investisiya qoymamışdır və eyni zamanda, valyuta arbitrajında iştirak edə bilməz.

 

ARDNF kapitalının 50%-ni dolların, 40%-ni avronun, 5%-ni funt sterlinq and 5%-ni digər valyutaların üstünlük təşkil etdiyi investisiya dərəcəli qiymətli kağızlarda yerləşdirmişdir. Eyni zamanda, ARDNF həmin balansın qorunub saxlanılmasının uzun müddətdən sonra valyutanın enib-qalxmasına qarşı sığorta rolu oynayacağını güman edir. Fond qiymətlərində ciddi dəyişmənin olması səbəbi ilə daşınmaz əmlak, qızıla və ya digər qiymətli metallara və daşlara investisiya qoymamışdır. 2008-ci ilin birinci yarısında Fond hətta Rusiya və Qazaxıstanda kiçik investisiya dərəcəli portfelini sıfıra endirmişdir. Fondun inkişaf edən bazarlarda artıq nə investisiya dərəcəli, nə də digər yönlü qiymətli kağızları yoxdur.

 

Gözlənildiyi kimi, ARDNF səhmlərə, daşınmaz əmlak və alternativlərə son dərəcə ehtiyatla yanaşır.

 

Konservativ dəyişiklik

 

Nəticə etibarilə plan 15%-lik səhm portfelini yaratmaqdan ibarətdir. Hətta Norveç Fondu vəsaitlərinin təqribən yarısını səhmlərdə yerləşdirir. Lakin ARDNF-də "böyük partlayış" gözlənilmir. Fond ilk əvvəl 5% səhmlərlə başlayaraq növbəti ildə bu həcmi 10%-ə və daha sonrakı il isə 15%-ə çatdıra bilər.

 

Yeni aktiv növləri üzrə Neft Fondunun metodu ilk əvvəl Fondun əməkdaşlarına təlim keçəcək etibarlı üçüncü tərəf menecerlərinin cəlb edilməsi, daha sonra tədricən kənar qüvvələrin cəlb edilməsinin minimuma endirilməsidir. Belə bir addım əvvəllər də atılmışdı və ötən ilin ortalarınadək partnyorlarla həmin prosesin səhm və digər aktiv növləri üzrə həyata keçirilməsi müzakirə edilmişdir. Müzakirələr qlobal böhran səbəbi ilə dayandırılmışdır.

 

Şahmar Mövsümov deyir: "Haradasa böhranın səngiməsindən sonra biz yenə də müzakirələrə başlayacağıq. Hələ də maliyyə böhranının kəskin mərhələsindəyik və bu düşündüyüm kimi kifayət qədər uzun tənəzzül prosesi ilə davam edəcək".

 

Müəyyən mənada bu son dərəcədə ehtiyatlılıq ARDNF-nin planlarının həyata keçirilməsinin qeyri-mümkünlüyünə işarə edirmi? Qətər, Küveyt və ya Abu Dabi İnvestisiya Təşkilatlarından fərqli olaraq, ARDNF hər bir böyük investisiyaya tələsərək pul yatırmaq iqtidarında deyil. Başlanğıcda bir investisiya qoyuluşu Fondun aktivlərinin 15%-dən artığını təşkil edə bilməz. ARDNF-nin bütün dünya üzrə maliyyə ortaqları yaxşı bilirlər ki, fond hər hansı bir fəaliyyətə başlamaq istədikdə həmin qərarı tətbiq etməzdən öncə dəfələrlə təhlil edir- səhm işinin təxirə salınması bunu açıq-aydın göstərir.

 

ARDNF şəffaf və məsuliyyətlidir. Təfərrüatlı illik hesabatları Fondun internet ünvanından əldə etmək olar və Fond müntəzən olaraq mətbuat konfransları keçirir. Şəffaflıq, Fondun 2000-ci ildə keçmiş prezident Heydər Əliyev (hazırkı prezident İlham Əliyevin atası) tərəfindən təsis edilərkən əsaslanan prinsiplərini əks etdirir.

 

"Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur", Neft Fondunun internet səhifəsində yerləşdirilən Heydər Əliyevdən gətirilən sitat. İcraçı direktor da göstərilən prinsiplərə əməl etməlidir.

 

Mövsümov deyir: "Biz Azərbaycan xalqına məxsus pulları təkcə indiki nəsil üçün deyil, bütün nəsillər üçün idarə etməyə çalışırıq. Bu isə açıq olmağımızda vacib amildir ki, bütün insanlar Fondun idarə edilməsində sərbəst iştirak edə bilsinlər".

 

Lakin bu məsuliyyətlilik Fondun inkişafı və beynəlxalq kapital bazarlarının təcrübəsi və biliyinə əsaslanan mənfəətli əməliyyatları həyata keçirməsi işini çətinləşdirmirmi? Peşəkar menecerlər ARDNF-də digər fondlara nisbətən investisiya qərarlarını əhatəli müzakirələrdən sonra qəbul edirlər. Beynəlxalq kapital bazarlarından az məlumatlı olan əhali vacib istinad kimi dəyərləndirilir. Müəyyən dərəcədə bu demokratik yanaşmadır, lakin bunun da öz təhlükəli tərəfləri vardır. İcraçı direktor səhmlərin maksimum həcminin 15% ola biləcəyini söyləyir: "Əgər zərərlə qarşılaşsaq demək böyük siyasi risk daşımış oluruq. İnsanların bu sahədə təcrübəsi çox azdır. Onlar 2% zərər verməkdənsə ildə 30% gəlir qazanmamağı daha üstün tutarlar".

 


Vəsaitlərin qorunub saxlanılması

 

ARDNF-nin aşkarlığı qismən Norveçin dövlət vəsaitlərinin idarəedilməsi fondundan aldığı təsirin bir əlamətidir. Onların hər ikisi aktivləri xarici valyutada saxlamaqla və inflyasiyanı məhdudlaşdırmaqla dövlət büdcəsinin stabilləşdirilməsi və neftdən gələn valyuta daxilolmalarının mənfi təsirlərindən qorunmasını təmin edir. Onların hər ikisinin fəaliyyəti nəsillər arası bərabərliyin qorunması prinsipinə əsaslanır.

 

ARDNF-nin təsis edildiyi müddətdə Azərbaycanın yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti Norveçə göndərilmişdi. 5 milyon əhaliyə malik Norveçdə olduğu kimi Azərbaycanın da əhalisi Küveyt kimi Fars körfəzinin sahilində yerləşən varlı paytaxtların əhalisindən daha çoxdur. Küveytin 3 milyon ümumi əhalisindən 1 milyon paytaxt əhalisi ilə müqayisə edildikdə Azərbaycanda əhalinin sayı 8 milyona yaxındır.

 

Lakin Norveç və Azərbaycanın sənaye inkişafı həm neft və qaz sənayesində, həm də ondan kənar bir-birindən tamamilə fərqlənir. Daha varlı xarici ölkələrin şirkət və banklarına milyardlarla dolların etibar edilməsi Azərbaycan kimi bir ölkədə siyasi nöqteyi-nəzərdən daha problemli məsələdir. Norveçdə adambaşına düşən ÜDM (ümumi daxili məhsul) 50.000$ olduğu halda, Azərbaycanda bu göstərici 8.000$ təşkil edir. ARDNF-nin gələcəyi üçün bu müsbət faktordur ki, Norveçdən fərqli olaraq, hökumət yalnız milli məclis və prezident tərəfindən rəsmi illik dövlət büdcəsinin təsdiq edilməsindən sonra neftdən əldə edilən gəlirin müəyyən hissəsindən istifadə edə bilər.

 

Mövsümovun sözlərinə əsasən siyasətçilər hər zaman pul xərcləməyin yollarını tapırlar. Onun fikrincə, siyasətçiləri həvəsləndirməmək üçün pulu öncə büdcəyə göndərib və daha sonra hansı məbləğin Neft Fonduna yönəldiləcəyini müəyyən etməkdənsə, bütün məbləği Neft Fonduna yönəltməyi və daha sonra hansı ödənişlərin ediləcəyinə qərar verilmişdir.

 

Buna baxmayaraq, ARDNF-nin büdcəsindən nəzərdə tutulan köçürmələr Fondun gəlirinə mütənasib şəkildə artmışdır. İcraçı direktorun vurğuladığı kimi, bu məbləğ ötən illərdə Fondun gəlirinin 40%-dən çox olmamışdır. Lakin Fondun gəliri 2005-ci ildən bəri ilbəil gözlənilməz sürətlə artmaqdadır və həmin ildən etibarən dövlət büdcəsinə transfertin məbləğinin artırılması məqsədilə büdcəyə hər ilin ortasında dəyişikliklər edilir. Ötən il neftin qiyməti çox yüksəlmişdi, belə ki, iyul ayında nəzərdə tutulan illik köçürmə 1.4 milyard dollar yerli valyuta ekvivalentindən 4.5 milyard dollara qalxmışdı - Fondun 2008-ci ilin əvvəlindəki aktivlərinin ümumi həcmindən təqribən iki dəfə çox.

 

Maliyyə resurslarının xərclənməsi

 

2009-cu ildə Neft Fondundan dövlət büdcəsinə 6 milyard dolların köçürülməsi nəzərdə tutulmuşdur. İcraçı direktorun verdiyi məlumata əsasən, həmin köçürmələr əsaslı xərclər, məsələn, ölkənin infrastrukturunun inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur. Onun sözlərinə görə, əmək haqqı və təqaüdlər kimi cari xərclər vergilər hesabına ödənilir.

 

Şahmar Mövsümov söyləyir: "Biz düşünürük ki, neftin qiymətinin yüksək olduğu bir vaxt həmin xərclərin ödənilməsi üçün düzgün seçimdir. Su, elektrik təchizatı və yollar misalında əsas infrastruktur olmadığı halda özəl sektordan yeni iş yerlərinin yaradılması gözlənilməməlidir".

 

2009-cu ildə dövlət büdcəsinin digər neft gəlirlərinin hesabına formalaşan 15%-i, ARDNF-dən deyil, əsas hissəsi Dövlət Neft Şirkətindən daxilolmalardır, yəni 2009-cu ildə neftin qiyməti nisbətən aşağı səviyyədə qalarsa ARDNF-dən planlaşdırılan məbləğdən daha çox köçürmə tələb edilə bilər, yəni bu, 15% neftin qiymətinin 70$ olduğu zaman nəzərdə tutulur.

 

ARDNF-dən planlaşdırılan köçürmə 2009-cu ildə dövlət büdcəsinin yalnız 40%-ni maliyyələşdirir və həmin məbləğ yuxarıda qeyd edildiyi kimi 2009-cu ildə neftin bir barelinin qiymətinin orta hesabla 70$ olduğu vaxt üçün nəzərdə tutulmuşdur. Növbəti il ARDNF Dövlət Neft Şirkətinin kəsirinin əvəzini ödəməli olsa, bu zaman özü gözlənilən gəlirlərdən daha az məbləğlə kifayətlənməli olacaq.

 

Beləliklə Mövsümov neftin qiymətinin yenidən qalxmayacağı təqdirdə iki seçimin: xərcləri azaltmaq və ya köçürməni artırmaq seçimlərinin olacağını qeyd edir. İcraçı direktorun fikrincə, yalnız birinci seçim məqsədəuyğun hesab edilir və bu halda heç kimin daha böyük məbləğdə köçürmələrə imkan verəcəyini güman etmir.

 

Buna baxmayaraq, əgər ARDNF-nin vəsaitlərinin həcmi 100 milyard dollara çatdırılmalıdırsa, 2012-ci ilədək neftin bir barelinin qiyməti 40$-dan aşağı səviyyədə qaldığı halda büdcəyə ediləcək köçürmələr ciddi şəkildə azaldılmalıdır. Lakin Azərbaycan hökuməti neftin qiymətinin aşağı olduğu zaman, hətta ARDNF-nin gəlirlərinin aşağı düşdüyü vəziyyətdə belə planlaşdırdığı layihələrin həyata keçirilməsi cəhdlərinə davam etməlidir.

 

Ölkədəki mənbələrdən birinin verdiyi məlumata əsasən Azərbaycanın infrastrukturunda və özəl sektorda bir sıra çatışmazlıqlar vardır. Xüsusilə neft sənayesindən kənarda Azərbaycanın infrastruktur ehtiyacları hələ də çox böyükdür.

 

Gələcək varlı nəsillər üçün nəzərdə tutulan inkişaf

 

Dövlət Neft Fondunun göstərilən məqsədlərindən biri qeyri-neft sektorunun inkişafının stimullaşdırılmasıdır. Dövlət büdcəsinə edilən köçürmələr nəzərdə tutulan işləri həyata keçirir. Eyni zamanda, ARDNF 10 yerli sosial-iqtisadi layihələri maliyyələşdirmişdir. 2009-cu ildə Dövlət Neft Fondunun 7 milyard dollar dəyərində ümumi yerli xərclərindən 6 milyard dollarının dövlət büdcəsinə köçürülməsi, 1 milyard dolların isə birbaşa bu layihələrin maliyyələşdirilməsində istifadə edilməsi nəzərdə tutulmuşdur. Layihələr irriqasiya və su təchizatı sahələrini əhatə edir. Eyni zamanda, həmin layihələrə Türkiyəyə çəkiləcək dəmiryol xətti və eləcə də, qaçqınlar və məcburi köçkünlər üçün evlərin tikilməsi də aid edilir. Qeyd edilən layihələrə sərf olunacaq məbləğ ümumi illik dövlət büdcəsinin bir hissəsi olaraq milli məclis tərəfindən təsdiq edilməlidir; yenə də, ilin ortalarında düzəlişlərin edilməsi mümkün və normal hesab edilir.

 

Neftin qiyməti aşağı olarsa, hökumətin yenə Azərbaycanda gözlənilən başgicəlləndirici iqtisadi artımı qoruyub saxlamaq məqsədilə Dövlət Neft Fondunun yardımından istifadəsi davam edə bilər. 2009-cu ildə hökumət təqribən 20% artıma ümid edir. Lakin Azərbaycanın tezliklə daha çətin dövrə daxil olacağı gözlənilir, yəni gələcəkdə təkcə Dövlət Neft Şirkətinin əldə etdiyi gəlirlərin aşağı olması səbəbi ilə deyil həm də, neftin qiyməti aşağı olarsa Neft Fonduna olan tələblər arta bilər.

 

Əvvəla, beynəlxalq kapital bazarlarının hələ də durğun olduğu bir vaxtda Azərbaycanda bank sektorunun inkişafı hətta 2 milyard dollar xaricdən alınmış borcu nəzərə almadan çətin ola bilər. 5.2 milyard dollar ehtiyat fonduna sahib mərkəzi bank həmin banklara öz borclarını yeniləməkdə yardım göstərə bilər. Lakin Azərbaycan iqtisadiyyatında daha böyük problem daşınmaz əmlak məsələsi ola bilər.

 

Ötən illərdə beynəlxalq maliyyə dəstəyi (ümumi passivlərin təqribən 25%) Azərbaycan banklarında aktivlərin 100%-ədək artımına kömək etmişdir. Əmlakın qiyməti kəskin qalxmışdır, çünki bank hesablarına hələ də etibar etməyən insanlar pullarını daşınmaz əmlaka yatırmışlar. Unibank-ın (ölkədə ilk üçlükdə dayanan kreditorlardan biri) sədri Eldar Qəribovun fikrincə, bank sistemində borc portfelinin 70%-i daşınmaz əmlak hesabına təmin edilir. Qəribov öz bankı daxil olmaqla bank sisteminin 60%-ədək kredit/dəyər təminatı əmsalı götürdüyünü söyləyir.

 

Eldar Qəribov: "Hər bir kəs daşınmaz əmlakın qiymətinin enməsini gözləyir. Hətta qiymətlərin 25 və ya 30% düşməsi zamanı da həm biz, həm də bank sistemi yenə də özünü yaxşı hiss edəcək".

 

Buna baxmayaraq, bu kimi məsələlər sürətlə inkişaf edən ölkənin dövlət vəsaitlərinin idarəedilməsi fondlarının şərti öhdəliklərini aydın əks etdirir. Beynəlxalq böhran digər dövlət vəsaitlərinin idarəedilməsi fondlarına ölkədə bilavasitə iqtisadi inkişafın zəruri olduğunu xatırlatmışdır: məsələn, hətta Küveyt kimi nisbətən varlı ölkələrdə belə. Nəsillərarası bərabərlik idealı olduqca mükəmməl görünür. Lakin həmin ideala nail olmaq olduqca çətindir.