Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Yeni konsepsiya hazırlanıb

 

20.02.2004

 

Beynəlxalq Valyuta Fondunun qarşısında götürülən öhdəliklərdən biri də reallaşacaq Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə olunmasına dair yeni konsepsiya hazırlanıb. Bu barədə məlumat Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilib. Yeni konsepsiyanın bu ilin sonuna qədər qəbul olunması mümkündür. Sənəd təsdiqini taparsa, Dövlət Neft Fondunda (DNF) toplanan vəsaitlər bu konsepsiyaya uyğun xərclənəcək. Xatırladaq ki, sözügedən konsepsiyanın hazırlanması Azərbaycanın Beynəlxalq Valyuta Fondunun qarşısında götürdüyü öhdəliklərdən biridir.

 

Digər öhdəliklər isə xam neftin, neft məhsullarının və təbii qazın qiymətlərini dünya qiymətləri ilə eyniləşdirmək üçün qrafiklərin qəbul edilməsindən, Azərbaycan Beynəlxalq Bankının tam özəlləşdirilməsindən ibarətdir. Bura Birləşmiş Universal Səhmdar Bankının (BUSBank) özəlləşdirilmə üçün hazırlanması, ARDNŞ-ə rüblük əsasda vergi zaçotlarının verilməsi də daxildir. Bu dəfə isə Azərbaycan Fonda neft gəlirlərindən səmərəli istifadə olunmasına dair yeni konsepsiya təqdim edəcək. Amma hələ ki, Dövlət Neft Fondunun vəsaitləri əvvəlki qayda ilə istifadə olunur. Qeyd edək ki, bu ilin yanvarın 1-də DNF vəsaitlərinin ümumi həcmi 815 milyon dollara çatdırılıb.

 

Fəaliyyətə başladığı vaxtdan, yəni 2001-ci ilin yanvarından isə DNF-nun hesabına 1 milyard 200 milyon dollar vəsait daxil olub, bunun 285 milyonu xərclənib. Fonda daxil olan vəsaitlərin əsas hissəsi "Bakı-Tbilisi-Ceyhan"ın çəkilişində ARDNŞ-nin payının maliyyələşdirilməsinə, qaçqın və məcburi köçkünlərin sosial mənzil şəraitinin yaxşılaşdırılmasına və digər işlərə xərclənib. Proqnozlara görə, DNF-nin gəlirləri bu il əvvəlki illərə nisbətən daha az olacaq. Xatırladaq ki, bu barədə DNF-nin icraçı direktoru Samir Şərifov bildirmişdi. Onun sözələrinə görə, bu hal il ərzində fondun gəlirlərinin xərclərini çox cüzi üstələməsi ilə bağlıdır. Neft gəlirlərindən səmərəli istifadə yollarını özündə əks etdirən yeni konsepsiya isə cari ilin martında dövlətin müvafiq strukturlarında müzakirəyə çıxarılacaq.

   
www.525ci.com