Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Senator Riçard Luqar: «Azərbaycan Dövlət Neft Fondu fəaliyyətini şəffaf məcrada davam etdirir və gələcək nəsillər üçün sərmayə yatırır»

31.01.2008
 

«Bəzi ölkələrdə neft və qazın ixracından əldə olunan gəlirlər bəlaya çevrilir, korrupsiya və münaqişələrə səbəb olur. Ancaq iki il əvvəl Azərbaycan prezidenti İlham Əliyev məni əmin etdi ki, Azərbaycan neft və qaz gəlirlərinin idarə olunmasında Norveç modelindən istifadə edəcək». «APA-Economics»in məlumatına görə, bunu ABŞ-ın İndiana ştatından olan senatoru Richard Lugar Azərbaycan və Qazaxıstanla ticarət əlaqələrinin dərinləşdirilməsi və asanlaşdırılması və bu ölkələrə qarşı Cekson-Venik düzəlişinin ləğv olunması üçün Konqresdə keçirilən müzakirələr zamanı bildirib. 
 
R.Luqarın sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondu 2007-ci ildə şəffaflığın artırılması üzrə 2007-ci il üçün BMT-nin Dövlət Qulluğu Mükafatına (UN Public Service Award) layiq görülüb və bu gün Fond fəaliyyətini bu məcrada davam etdirir, bu günün inkişafı və gələcək nəsillər üçün kapital qoyuluşları həyata keçirir.
 
«Ümid edirəm ki, Azərbaycanda bu tərəqqi davam edəcək və bu, bir çox yeni iqtisadiyyatı olan ölkələr üçün nümunə olacaq», - deyə amerikalı senator vurğulayıb ki, ölkədə nəqliyyat infrastrukturunun inkişafı, Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatlarının Transxəzər marşrutu ilə daşınması beynəlxalq sabitliyə və təhlükəsizliyə müsbət təsir göstərəcək.
 
Azərbaycanın götürdüyü öhdəliklərə hörmətlə yanaşdığını və yerinə yetirdiyini, eyni zamanda enerji resurslarının hasilatı və ixracı sahəsində sadiq əməkdaşlıq nümayiş etdirdiyini deyən R.Luqar Azərbaycan ixracının Cekson-Venik düzəlişindən azad olunmasını vacib sayır. /APA-Economics/