Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Azərbaycan həqiqətlərinin təbliğində tələbələr böyük qüvvədir


Azərbaycan Dövlət Teleqraf Agentliyi

08.02.2008

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanlı Tələbələrin Avropa Forumunun fevralın 7-də keçirilmiş yığıncağında Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun "Azərbaycan iqtisadiyyatının inkişafında neft strategiyasının rolu" və Milli Məclisin deputatı Azər Əmiraslanovun "Neft strategiyası - siyasi, iqtisadi və ekoloji aspektlər" mövzularında çıxışları dinlənilmişdir. 

 

Azərbaycanın iqtisadi inkişafında neft strategiyasının mühüm roluna toxunan Ş.Mövsümov, ölkəmizin zəngin neft və qaz ehtiyatlarına malik olduğunu diqqətə çatdırmış, milli neft strategiyasının digər cəhətləri ilə bərabər çoxvariantlı ixrac sisteminin əhəmiyyətini və neft gəlirlərinin şəffaf və səmərəli idarə olunduğunu qeyd etmişdir. Aparılmış düzgün siyasət sayəsində 1995-ci ildən başlayaraq, Azərbaycanın iqtisadi inkişafında böyük uğurlar əldə edildiyini vurğulayan Ş.Mövsümov, neft strategiyasının sırf iqtisadi nəticələri ilə yanaşı, böyük siyasi əhəmiyyət daşıdığını da diqqətə çatdırmışdır. Natiq bunun sayəsində dünya siyasətində Azərbaycanın imicinin yüksəldiyini və Cənubi Qafqaz bölgəsində lider dövlətə çevrildiyini bildirmişdir. 

 

Neft gəlirlərindən səmərəli istifadə olunması məqsədi ilə ulu öndərimiz Heydər Əliyev tərəfindən 1999-cu ildə Dövlət Neft Fondunun yaradıldığını qeyd edən Şahmar Mövsümov, Fondun gəlirləri ilə əlaqədar yaranacaq mənfi halların qarşısını almaq, neftdən əldə edilən gəlirləri qoruyub saxlamaq və cari sosial-iqtisadi inkişafın maliyyələşdirilməsini təmin etmək və s. məqsədlər daşıdığını göstərmiş, Neft Fonduna daxil olan vəsaitlər hesabına müxtəlif layihələrin maliyyələşdirildiyini vurğulamış, toplanmış vəsaitdən istifadə edilməsində şəffaflığa xüsusi diqqət yetirildiyini bildirmişdir. 

 

Görüşdə Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini xüsusi vurğulayan Azər Əmiraslanov, iqtisadiyyatın liberallaşmasının geniş vüsət aldığını, iqtisadi inkişafın sosial inkişaf meyilləri ilə tamamlandığını qeyd etmişdir. Milli Məclisin deputatı ölkəmizdə dinamik inkişaf tempinin qorunub saxlandığını və bu sahədə neft amilinin mühüm rol oynadığını, neftin əslində məqsəd deyil, iqtisadi və sosial inkişafın təmin edilməsi sahəsində vasitə olduğunu göstərmişdir. 

 

A.Əmiraslanov iqtisadi inkişaf istiqamətlərinin müəyyən edilməsi və onun planlı şəkildə həyata keçirilməsinin əhəmiyyətindən danışmış, ölkəmizdə qeyri-neft sektorunın və müxtəlif infrastrukturların inkişaf etdirilməsi, yoxsulluğun aradan qaldırılması sahəsində görülən işlər və həyata keçirilən layihələr, ekoloji problemin həlli barədə ətraflı söhbət açmışdır. 

 

Görüşdə çıxış edən senator Jan-Fransua Leqran dünyanın ən vacib məsələlərindən biri olan ətraf mühitlə bağlı problemdən söhbət açmış, bu məsələ ilə əlaqədar Fransada beynəlxalq konfransın keçirildiyini, insanların ətraf mühitə etinasızlığının bəşəriyyətin məhvi ilə nəticələnə biləcəyinə diqqəti yönəltmiş, artıq bəzi heyvanların nəslinin kəsildiyini, iqlim dəyişikliyinin böyük fəsadlar törədə biləcəyini qeyd etmişdir. 

 

Senator gəncləri bu işdə fəal olmağa, ətraf mühitin qorunmasını özlərinin gündəlik işləri hesab etməyə çağırmış, Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşlərini xatırlatmış, ətraf mühit tarazlığının pozulmasının qarşısını almaq sahəsində ölkəmizdə səmərəli işlər görüldüyünü qeyd etmişdir. 

 

Müstəqil tədqiqatçı Xuraman Mustafayeva Azərbaycanın faunasının və dərman bitkiləri ilə zənginliyindən, Marsel Tibb Universiteti ilə birgə Azərbaycanda dərman bitkilərindən istifadə edilməsi və onların məhv olmasının qarşısını almaq məqsədi ilə xüsusi layihənin həyata keçirilməsindən ətraflı bəhs etmişdir. 

 

Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Mirvari Fətəliyeva, Azərbaycanlı Tələbələrin Avropa Forumunun Fransa üzrə əlaqələndiricisi Elnur Məcidli, Fransadakı Azərbaycan Diaspor Mərkəzinin gənclər üzrə müşaviri Əminə Turabi və Nant Universitetinin vitse-prezidenti, "La Pech" Gənclik Assosiasiyasının sədri Ulriş Huyjeveld təmsil etdikləri cəmiyyətlərin fəaliyyətindən danışmış, Azərbaycanın tarixi, mədəniyyəti barədə təhsil aldıqları ölkələrin ictimaiyyətinə ətraflı məlumat verməyi özlərinin əsas vətəndaşlıq borcları hesab etdiklərini, Gənclər və İdman Nazirliyinin, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin bəzi layihələrin həyata keçirilməsinə kömək göstərdiklərini bildirmişlər. Natiqlər eyni zamanda fransız gənclərin Cənubi Qafqaz bölgəsindəki həmyaşıdları ilə münasibətlər yaratmasının əhəmiyyətindən söhbət açmış və bu sahədə birgə layihələrin həyata keçirilməsinin zəruriliyini bildirmişlər. 

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanlı Tələbələrin Avropa Forumunun uğurlu fəaliyyətinə görə nazirliyin fəxri diplomuna və pul mükafatına layiq görüldüyünü bildirmiş və onları qurumun baş katibi Vüsal Məmmədova təqdim etmişdir. 


Sonda Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert verilmişdir. 

Bununla da forumun ikigünlük yığıncağı başa çatmışdır.