Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Neft Fondu Azərbaycanın gələcək sürətli inkişafının təminatçısıdır

Bakı, 13 fevral (AzərTAc). Artıq fəaliyyətinin 11- ci ilinə qədəm qoymuş və fəaliyyət göstərdiyi müddətdə beynəlxalq səviyyədə tanınan təşkilata çevrilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) diqqətəlayiq nailiyyətləri ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli neft strategiyasının uğurlu nəticəsidir.


Ulu öndərimizin dahiyanə uzaqgörənliklə işləyib hazırladığı və reallaşdırmağa başladığı, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən neft strategiyasının əsası ölkənin daxili imkanlarının səfərbər olunması, zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsi prinsipindən ibarətdir. Bu strategiya xarici sərmayənin cəlb olunmasını, təcrübənin tətbiqini, çoxvariantlı ixrac sisteminin yaradılmasını, neft gəlirlərinin şəffaf idarə və istifadə edilməsini nəzərdə tutur.


Dövlət Neft Fondu 1999-cu ildə ulu öndər Heydər Əliyevin qərarı ilə yaradılmışdır. Ötən müddətdə xalqımızın milli sərvəti olan neft gəlirlərinin idarə olunması sahəsində uğurlar qazanılmışdır. Qurum yeni yaradılan zaman 271 milyon ABŞ dollarına bərabər olan büdcəsi bu gün təqribən 15 milyard ABŞ dollarına çatmışdır. Bu fakt ümummilli liderimizin adı ilə bağlı olan yeni neft strategiyasının Azərbaycanın gələcək sürətli inkişafına hesablandığını bir daha təsdiq edir.


Fondun Əsasnaməsinə uyğun olaraq, 2001-2009-cu illərdə ölkədə neft sektoru ilə yanaşı, infrastruktur sahələrinin, habelə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. ARDNF-nin vəsaiti hesabına mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsi təmin edilmişdir. 2001-2009-cu illərdə ARDNF tərəfindən dövlət büdcəsinə transfert, mühüm sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsinə 12 milyard 323 milyon 600 min manat vəsait yönəldilmişdir. Bu müddətdə neft gəlirlərindən əldə olunan vəsaitin 10 milyard 265 milyon manatı dövlət büdcəsinə transfert edilmiş, qalan 2 milyard 58 milyon 600 min manat isə sosial və infrasruktur layihələrinin maliyyələşdirilməsinə, o cümlədən 612,9 milyon manat qaçqınların və məcburi köçkünlərin məskunlaşmasına, 297,9 milyon manat Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinə, 547,4 milyon manat Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinə, 364,5 milyon manat Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, 48,1 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinə, 90 milyon manat Azərbaycan İnvestisiya Şirkətinin Nizamnamə kapitalının formalaşdırılmasına, 87,6 milyon manat Azəri-Çıraq-Günəşli yataqlarının birgə işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının tənzimlənməsinə, 10,2 milyon manat "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir.


2009-cu ildə bu istiqamətdə görülmüş işlər diqqəti xüsusi cəlb edir. Ötən il Neft Fondunun büdcə gəlirləri 8 milyard 176,7 milyon manat, büdcə xərcləri isə 5 milyard 294,5 milyon manat təşkil etmişdir. ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 870,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 702,6 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzrə dividendlərdən 156,8 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat, bonus ödənişləri 0,8 milyon manat və xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,6 milyon manat təşkil etmişdir. İl ərzində Neft Fondunun vəsaitlərinin idarə edilməsindən götürülən gəlir 305,9 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı büdcədənkənar gəlirlər 97,6 milyon manat olmuşdur.


Qurumun büdcəsinin icrası çərçivəsində 4 milyard 915 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. İl ərzində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsinə isə müvafiq olaraq 130 və 120 milyon manat vəsait sərf edilmişdir.


Ötən il fondun vəsaitindən 22,1 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Bundan əlavə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 7,9 milyon manat vəsait ayrılmışdır. İl ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 9,6 milyon manat olmuşdur.
2010-cu il yanvarın 1-nə Neft Fondunun aktivləri 2009-cu ilin əvvəlinə (11 milyard 219,2 milyon ABŞ dolları) nisbətən 32,8 faiz artaraq 11 milyard 966,5 milyon manata (14 milyard 900,4 milyon ABŞ dolları) çatmışdır.


Yaradıldığı gündən şəffaflıq Dövlət Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən biri olmuşdur. Xarici şirkətlərlə hasilatın pay bölgüsü sazişlərinin imzalanması və bu müqavilələrin açıq şəkildə həyata keçirilməsi neft sərvətlərinin idarə edilməsində şəffaflığın qurulmasına doğru ilk addım olmuşdur. Fondun dünya sisteminə uğurlu inteqrasiyası neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübənin tətbiqinə yol açmışdır.


Hazırda Dövlət Neft Fondu institusional cəhətdən və şəffaflığın təmin edilməsi baxımından inkişaf etmiş, müasir standartlara cavab verən beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilmiş, Azərbaycanın dünyada nüfuzunun artmasına xidmət edən nailiyyətlər qazanmışdır.


Yaranmasından bəri Dövlət Neft Fondunun ən böyük uğurlarından biri Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fəal iştirak etməsi ilə bağlıdır. 2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə 1-ci beynəlxalq konfransda Azərbaycan bu beynəlxalq təşəbbüsə qoşulduğunu bəyan etmişdir. 2007-ci il sentyabrın 27-də Norveçin paytaxtı Oslo şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 3-cü iclasında Azərbaycana namizəd statusu verilmişdir. Ötən ilin fevralında Qətərin paytaxtı Doha şəhərində MHŞT üzrə növbəti beynəlxalq konfransda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın MHŞT-nin tamhüquqlu üzv statusunu təsdiq etmişdir. Azərbaycan MHŞT-ni tətbiq edən və Norveç də daxil olmaqla namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv satusunu almış ilk ölkə olmuşdur. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olmasına və bu beynəlxalq təşəbbüsün tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.


Şəffaf fəaliyyətinin nəticəsi olaraq, 2007-ci ildə ARDNF "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə "BMT-nin Dövlət Qulluğu Mükafatı"na da layiq görülmüşdür. ARDNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafatı alan birinci dövlət qurumudur.


ARDNF-nin istər neft gəlirlərinin ölkənin ümummilli problemlərinin həllində, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasında və yenidən qurulmasında istifadə olunması, istərsə də idarə edilməsində şəffaflığın təmin edilməsi istiqəmətində qazandığı böyük uğurlara dünyanın digər neft ölkələrində fəaliyyət göstərən analoji qurumlar, sözün əsl mənasında, həsəd apara bilərlər. Yarandığı gündən Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edən Dövlət Neft Fondunun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurlar bu qurumun hələ uzun illər xalqımıza sədaqətlə xidmət edəcəyini deməyə bir daha əsas verir.

Əhməd MƏMMƏDOV

AzərTAc-ın müxbiri

Azərtac 13.02.2010