Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
İSTANBULDA "ŞƏRQ QƏRBLƏ QARŞILAŞIR: ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ YENİ HÜDUDLAR" MÖVZUSUNDA 10-CU İLLİK KONFRANS

 

İyunun 26-da İstanbulun "Ceylan İnterkontinental" mehmanxanasında "Şərqlə Qərb qarşılaşır: enerji təhlükəsizliyində yeni hüdudlar" mövzusunda 10-cu illik konfrans keçirilmişdir.

 

Konfransda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Ukrayna Prezidenti Viktor Yuşşenko, Gürcüstan Prezidenti Mixail Saakaşvili, habelə ABŞ-ın, Böyük Britaniyanın, Almaniyanın, eləcə də Avropa İttifaqının, OPEK-in və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.


Azərbaycan Prezidenti İlham Əliyev konfransda çıxış etdi.
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
 
- Hörmətli cənab prezidentlər!
 
Hörmətli xanımlar və cənablar!
 

İlk növbədə, mən son iki gün ərzində hamımızın duyduğu qonaqpərvərliyə görə Prezident Sezərə minnətdarlığımızı bildirmək istəyirəm. Biz dünən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində birgə iştirak etdik. Bu gün isə biz bu cür vacib konfransda iştirak etmək üçün buraya toplaşmışıq. Hesab edirəm, bu iki tədbir bir-biri ilə bağlıdır. Çünki gördüyümüz bütün işlər və planlaşdırdığımız bütün məsələlər regional əməkdaşlığa, xalqlarımızın və dövlətlərimizin rifahına xidmət edir.

 

Mən, eyni zamanda, burada bütün prezidentləri, rəsmi şəxsləri və dostlarımızı salamlamaq istəyirəm. Biz bu gün nailiyyətlərimizi nəzərdən keçiririk və eyni zamanda, gələcəyə nəzər salırıq ki, hələ nəyə nail olmalıyıq. Mən keçmişdə prosesin başlanğıcına nəzər salaraq, 1990-cı illərin ortalarında baş vermiş iki mühüm hadisəyə diqqətinizi cəlb etmək istərdim. 1994-cü ilin sentyabr ayı və 1996-cı ilin iyun ayı. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı və bu, ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının başlanğıcı idi. 1996-cı ilin iyun ayında regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində daha vacib rol oynayacaq "Şahdəniz" qaz yatağının işlənilməsinə dair müqavilə imzalandı. Həmin vaxtdan etibarən biz nəyə nail olduq?! Bütün bunlar çox çətin geosiyasi şəraitdə Azərbaycanın ümummilli liderinin cəsarətli, müdrik qərarlarının nəticələri idi.

 

Bu gün Azərbaycan 1990-cı illərin əvvəllərində olduğundan tamamilə fərqli vəziyyətdədir. Həmin vaxt bizim çoxsaylı iqtisadi və sosial problemlərimiz var idi. Siyasi sabitlik hələ təmin olunmamışdı. Azərbaycan sərmayələr üçün çox riskli ölkə hesab edilirdi. Bizimlə işləmək üçün xarici şirkətləri cəlb etməli, Azərbaycanın etibarlı tərəfdaş və dost olmasını nümayiş etdirməli idik. Ölkəmiz xarici sərmayələri qorumalı idi. Mən bu gün böyük məmnunluq hissi ilə qeyd edirəm ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə birgə səylər, Azərbaycanın rəhbərliyinin qətiyyəti və sadiqliyi, bu gün müzakirə etdiyimiz bütün layihələrdə əsas sərmayədarlar olan xarici neft şirkətləri ilə möhkəm tərəfdaşlıq nəticəsində nail olduq. Biz bunlara beynəlxalq maliyyə qurumlarının dəstəyi, ABŞ hökumətinin çox güclü dəstəyi və bütün regional ölkələrin iştirakı ilə nail olduq. Bu dəstək olmadan bu gün danışdığımız layihələrdən heç biri həyata keçirilə bilməzdi. Bu, regional əməkdaşlığın çox yaxşı nümunəsidir, tərəfdaşlığımızın və dostluğumuzun çox müsbət misalıdır.

 

Bu gün mənim dostum Mixail çətin qış şəraiti və Gürcüstan ilə Azərbaycan arasındakı əməkdaşlıq haqqında danışdı. O, tamamilə haqlıdır. Biz başqa cür addım ata bilməzdik. Çünki qonşumuzun və tərəfdaşımızın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Biz dostuq və tərəfdaşıq, bir-birimizə kömək etməliyik və dəstək verməliyik.

 

Dünənki görüş zamanı mən xatırlatdım ki, QİƏT-ə üzv olan 12 dövlət arasında 6-sı bu təşkilatın yaradılmasından bir neçə ay öncə öz müstəqilliyini qazanmışdı. Biz müstəqil dövlət kimi yaşamağa qadir olduğumuzu sübuta yetirməliydik. Müstəqilliyimizi qorumalı və onu möhkəmləndirməli idik. Böyük siyasi və iqtisadi çətinliklərə, bəzən sosial problemlərə, vətəndaş müharibəsinə, xaricdən təcavüzə baxmayaraq, 15 illik müddət ərzində ölkələrimiz öz müstəqilliyini möhkəmləndirə bildi və bir çox uğurlar qazandı. O cümlədən, çox gözəl perspektivlərə malik olan ölkələrə çevrildi.

 

Bu gün isə enerji təhlükəsizliyi nəinki region, həm də bütün dünya üçün ümumi təhlükəsizlik məsələsinə çevrilir. Təsadüfi deyil ki, bu gün biz enerji məsələsi haqqında təhlükəsizlik çərçivəsində danışırıq. Mən bunu tamamilə düzgün hesab edirəm. Çünki bir çox işlər, nəinki iqtisadi, o cümlədən siyasi inkişaf artıq enerji gündəliyindən asılıdır. Azərbaycan böyük enerji resurslarına malik olan ölkədir və artıq bu baxımdan mühüm rol oynayır.

 

Yeri gəlmişkən, dünyada sənaye üsulu ilə ilk neft XIX əsrdə Azərbaycanda hasil olunmuşdur. Dəniz yataqlarından da ilk neft Azərbaycanda çıxarılmışdır və bu, XX əsrin ortalarında baş vermişdir. Bu gün Azərbaycan yenidən enerji təhlükəsizliyi və təchizatın şaxələndirilməsində olduqca vacib rol oynayır. Biz bütün mühüm daşıma layihələrini həyata keçirmişik. Bu gün təqdimat zamanı nümayiş etdirilmiş, Bakıdan başlayan və müxtəlif istiqamətlərə gedən bütün boru kəmərləri istismar olunur. Azərbaycanda üç boru kəməri var. Onlardan ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Türkiyəyə çəkilmiş qaz boru kəməri mövcuddur. Həmin boru kəmərləri müasirdir. Ona görə də biz təchizatımızı şaxələndirə bildik.

 

Cari hasilat və sərmayələrin qoyulmasından əlavə, neft strategiyamızın vacib aspektlərindən biri də çoxlu kəmərlərin çəkilməsi siyasətidir. Keçmişdə, 1990-cı illərin ortalarında biz enerji təchizatının şaxələndirilməsi barədə çox eşitmişdik. Ölkəmiz təchizatın şaxələndirilməsinə qadir olmaq üçün strategiyasını planlaşdırdı. Bu gün isə bizim neftimiz müxtəlif istiqamətlərdə ixrac olunur. Azərbaycanda neft hasilatının həcmi artmaqdadır. Gələn il bu, gündə 1 milyon barrelə bərabər olacaqdır. 2008-ci ildən sonrakı müddət ərzində hasilat daha da artacaqdır. Biz istismar etdiyimiz bütün boru kəmərlərini doldura biləcəyik. 

 

Bakı-Tbilisi-Ceyhan haqqında şayiələr hamımızın yadındadır. Yataqlarımızda nefti hasil etməyə başlayarkən Azərbaycanda neftin kifayət dərəcədə olmaması, Azərbaycanın oyun oynadığı haqqında yayılan şayiələr hamımızın yadındadır. Müqavilələrimizə qarşı təzyiq və müqavimət xatirimizdədir. Biz bu yaxınlara qədər eşidirdik ki, bir çox hallarda üçüncü tərəfin nefti olmadan Bakı-Tbilisi-Ceyhan tam gücü ilə işləməyəcəkdir. Bu boru xətti artıq gələn ildən tam gücü ilə işləyəcəkdir. Son məlumatlara əsasən, hazırda nefti hasil etdiyimiz "Azəri-Çıraq-Günəşli" yataqlarında 9 milyard barrel neft var. Bu, bizim üçün gələcək onilliklərə kifayət edəcəkdir. Başqa sözlə desək, biz bu gün mühüm daşıma layihələrini artıq həyata keçirmişik. Biz artıq neftin nəqli ilə bağlı, hansı növbəti addımların atılması ilə bağlı müxtəlif planlar üzərində işləyirik.

 

Biz Odessa-Brodı boru kəməri barədə geniş müzakirələr aparırıq. Bunu ukraynalı və gürcüstanlı həmkarlarımızla müzakirə edirik və bu yaxınlarda Bakıda və Krakovda daha geniş şəkildə nəzərdən keçirmişik. Biz bunun üzərində işləyirik və birgə işçi qrupu yaratmışıq. Əminəm ki, onlar yaxşı təkliflərlə çıxış edəcəklər. Mən fərəh hissi ilə sizə deyə bilərəm ki, qarşıya qoyduğumuz bütün layihələri həyata keçirmişik. Biz heç bir səhv addım atmamışıq və vahid heyət kimi işləyirik. Bu, uğurumuzun əsas meyarıdır.

 

Biz bu gün Avropa bazarının qaz təchizatı haqqında yenidən danışdıq və yenə də Azərbaycan qazı xatırlandı. Söhbət "Şahdəniz" qazından gedir. Artıq o, Gürcüstan bazarına çıxarılıb, bu yaxınlarda Türkiyəyə və daha sonra Avropa ölkələrinə çatdırılacaqdır. "Şahdəniz" qaz yatağında nəhəng qaz ehtiyatları - 1,3 trilyon kubmetr qaz var.

 

Bu gün Azərbaycanda mövcud olan digər yataqlarda bizim, ən azı, 300 milyard kubmetr qaz ehtiyatımız var. Bu, gələn 150 il ərzində bizim daxili tələbatımız üçün kifayət olacaqdır. Lakin, əlbəttə, biz onu ixrac etməyi də planlaşdırırıq. Bizim artıq müasir nəqletmə qurğularımız var və qazımız dostlarımızın bazarlarına çıxarılacaqdır. Əlbəttə, biz qaz layihələrimizi başlayanda, Avropa bazarı bizim üçün prioritet hesab edilmirdi. Eynilə, bizim qazımız da Avropa İttifaqının gündəliyində durmurdu. Bu gün isə, vəziyyət dəyişibdir. İndi tələbat artmaqdadır və biz həmin tələbatı ödəməyə hazır olmalıyıq. Bu səbəbdən biz ötən ilin noyabr ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma memorandumu imzalamışıq. Eyni zamanda, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair sənəd imzalanıbdır. Bunlar gələcək əməkdaşlıq və fəaliyyət üçün yaxşı çərçivədir. Azərbaycandakı neft və qaz xalqımızın və dövlətimizin rifahına xidmət edəcəkdir. Biz qeyri-neft sektoruna böyük sərmayələr qoyuruq, qeyri-neft məhsullarının istehsalını artırırıq.

 

Azərbaycanda son üç il ərzində ən dinamik iqtisadi artım müşahidə olunubdur. İqtisadiyyatımız son üç ildə dünyada ən böyük sürətlə inkişaf edən iqtisadiyyatdır və demək olar ki, bu, 100 faiz, yəni iki dəfə artacaqdır. Eyni vəziyyəti sənaye istehsalı sahəsində də görürük. Gələn üç il ərzində buradakı həcm iki dəfə artacaqdır. Bu, bizə insan kapitalına - təhsilə, səhiyyəyə, infrastruktura, regional inkişafa sərmayə qoymaq imkanı yaradır.

 

Biz şəffaflıq məsələsi üzərində beynəlxalq təşkilatlarla çox fəal işləyirik. Bu, xüsusən də neft hasil edən ölkələrdə çox vacibdir. Mən böyük məmnunluq və fərəh hissi ilə demək istəyirəm ki, bu gün, iyunun 26-da Azərbaycan Dövlət Neft Fondu yüksək səviyyəli şəffaflığa görə Vyanada Birləşmiş Millətlər Təşkilatının mükafatını alır.

 

Bunlar yeni siyasətimizin elementləridir. Biz ölkəmizi müasirləşdiririk, onu dünya iqtisadiyyatına inteqrasiya edirik, regional miqyasda çox fəalıq. Regionumuzdakı dostlarımızla və digər ölkələr ilə tərəfdaşlıqda çox açıq və səmimiyik. Bu, uğurun əsasıdır.

 

Bu gün isə başladığımız anlara nəzər salsaq, təbii ki, biz görərik ki, olduqca böyük nailiyyətlər qazanılmışdır. Əlbəttə, bu, artıq əfsanə deyil, reallıqdır. Həmin reallıq həmçinin digər ölkələri bizim nümunəmizi nəzərdən keçirməyə, bunun mümkünlüyünü görməyə sövq edə bilər. Siyasi iradə, siyasi müdriklik, cəsarət, möhkəm tərəfdaşlıq və ölkənin milli maraqlarına qəti sadiqlik olduğu təqdirdə, hər şeyə nail olmaq mümkündür. Bizim nümunəmiz, Türkiyə, Gürcüstan, Ukrayna, Azərbaycan və bu prosesdə iştirak edən digər ölkələr dediklərimin aydın göstəricisidir.

 

Əminəm ki, gələn illərdə biz uğurlu enerji əməkdaşlığımızı davam etdirəcəyik. Dörd neft və qaz boru kəmərini çəkməklə, Azərbaycan bu mərhələdə qarşıya qoyulmuş bütün proqramları yerinə yetirib və hazırda biz yeni istiqamətlərdə işləyirik. Biz indi Xəzər dənizi-Qara dəniz-Baltik dənizi arasında regional əməkdaşlıq üzərində çalışırıq. Digər ölkələrin və həmin ölkələrdən olan şirkətlərin marağı olarsa, onlar tərəfindən istifadə edilə biləcək kifayət dərəcədə müasir infrastrukturumuz var. Biz Enerji Xartiyasını imzalamışıq. Beləliklə, əgər belə bir tələbat olarsa, biz tranzit ölkəyə çevrilməyə çox açığıq.

 

Başqa sözlə, biz bugünkü nailiyyəti enerji strategiyamızın, sadəcə, birinci mərhələsi kimi qəbul edirik. Mən Sizə deyə bilərəm ki, bu cür inkişaf regiondakı geosiyasi vəziyyəti artıq dəyişir. Bu gün regionu Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri olmadan təsəvvür etmək çox çətindir. Bu əfsanə reallığa çevrildi. Əminəm ki, bundan sonra bir daha əfsanələr olmayacaq və işlədiyimiz hər bir layihəni həyata keçirəcəyik, çünki biz vahid heyət, tərəfdaşlar kimi işləyirik. Bugünkü konfrans və dünənki Qara dəniz sammiti bu cür vacib strateji qərarların sübutudur.

 
Çox sağ olun. 
 
BAKI. 26.06.2007. AzərTAc.