Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Trend-Şahmar Mövsümov: Azərbaycan neft gəlirlərinin idarə edilməsi təcrübəsini bölüşməyə hazırdır (02.09.2013)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) neft və qazın hasilatı, emalı və satışından əldə edilən böyük həcmdə vəsaitlərin rasional istifadəsi sahəsində xeyli təcrübə toplayıb və bu təcrübəni xarici həmkarları ilə bölüşməyə hazırdır.
 
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının II "Dəyişən dünyada Cənubi Qafqaz" forumunda deyib.
 
ARDNF-nin idarəçiliyində olan vəsaitlərin xərclənməsi istiqaməti hər il Milli Məclis və Prezident Administrasiyası tərəfindən təsdiq edilir.
 
Ş.Mövsümov bilidirib: "Biz ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələrini maliyyələşdiririk. Fondun resursları hesabına daha əvvəl çadır şəhərciklərində pis şəraitdə yaşamış qaçqın və məcburi köçkünlər üçün müvəqqəti qəsəbələrin tikintisi maliyyələşdirilir. Biz 150 mindən artıq insanı layiqli mənzil şəraiti ilə təmin edə bildik. Bundan başqa, Azərbaycanda heç bir çadır şəhərciyinin olmamasına müvəffəq olduq".
 
Onun sözlərinə görə, ARDNF-nin vacib investisiyaları neft kapitalının insan kapitalına çevrilməsidir.
 
İcraçı direktor deyib: "Tərəfimizdən hər il müəyyən qədər vəsait Azərbaycan vətəndaşlarının xaricdə dövlət xətti üzrə təhsilinin maliyyələşdirilməsinə ayrılır. Bu resurslar sayəsində hər il bir çox azərbaycanlı tələbə dünyanın ən yaxşı ali məktəblərində təhsil almaq imkanı əldə edir. Onlara qarşı irəli sürülən yeganə tələb təhsillərini başa vurduqdan sonra Vətənə qayıtmaları və Azərbaycanda beş il işləmələridir".
 
Onun sözlərinə görə, bu və ya digər nümunələr ARDNF-nin yaradılması ideyasının uğurlarından xəbər verir.
 

Ş.Mövsümov qeyd edib ki, Fond fəaliyyəti dövrü ərzində bir çox vacib infrastruktur və sosial layihələr həyata keçirib. 

 

http://az.trend.az/capital/energy/2185228.html