Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

Neft Fondunun İcraçı direktoru növbəti müddətə Bank VTB ASC-nin Müşahidə Şurasına üzv seçilib


27/04/2017


2017-ci il aprelin 26-da Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi illik yığıncağı keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov Bankın Müşahidə Şurasının üzvü kimi iclasda iştirak edib.

Yığıncaqda Bankın 2016-cı il üçün illik maliyyə hesabatlarının təsdiqi, 2016-cı ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi, dividendlərin həcmi, ödənilmə tarixləri və forması, eləcə də Bankın Müşahidə Şurasının və Audit Komissiyasının yeni tərkibi, xarici audit yoxlamasının aparılması üçün audit şirkətinin seçilməsi və Bankın nizamnaməsinə və idarə edilməsi haqqında qaydalara dəyişikliklər edilməsi barədə məsələlər müzakirə olunub.

İclasda ARDNF-nin İcraçı direktoru Ş.Mövsümov növbəti dövr üçün Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü seçilib.

2013-cü ildə ARDNF Bank VTB ASC tərəfindən emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,95%-lik paya sahib olmuşdur.