Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

Neft Fondu Parisdə daşınmaz əmlaka investisiyaya dair razılıq əldə etmişdir


20/12/2012


 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin satın alınmasına dair razılıq əldə etmişdir. Daşınmaz əmlak obyektinin satıcısı qismində daşınmaz əmlak üzrə investisiya meneceri kimi fəaliyyət göstərən “AXA Real Estate Investment Managers” şirkəti, ARDNF-nin hüquq məsləhətçisi kimi “Allen&Overry” və broker olaraq “Cushman Wakefield” şirkətləri çıxış etmişdir. 

 

Bu investisiya Fondun dünyanın bir sıra önəmli  şəhərlərinin əsas mərkəz-biznes ərazilərində yerləşən kommersiya daşınmaz əmlakı üzrə yüksək diversifikasiya olunmuş investisiya strategiyasına uyğun olaraq həyata keçirilmişdir. Paris şəhərinin Avropanın ən böyük ofis daşınmaz əmlak bazarına malik olması, ARDNF-nin ilkin daşınmaz əmlak investisiyalarından birinin məhz bu şəhərdə həyata keçirilməsində mühüm rol oynamışdır.  

 

 Vandom meydanı Parisin ən görkəmli yerlərindən biri olub, şəhərin əsas mərkəz-biznes ərazisi hesab olunur. Yüksək biznes profilinə malik şirkətlərin ofislərinin və lüks mağazaların təmərküzləşdiyi bu ərazi həm daxili, həm də xarici investorlar tərəfindən ciddi maraqla qarşılanır və yüksək icarə haqqları ilə səciyyələnir. Özünəməxsus və zəngin memarlıq üslubuna malik olan bu meydan fransız klassikasının önəmli arxitekturalarından biri hesab olunur.

 

Bina XVIII əsrdə inşa edilmiş və hal-hazırda əsasən ofis, eləcə də ticarət və yaşayış məqsədlərilə istifadə edilən görkəmli tikilidən, eləcə də 1950-ci illərdə tikilmiş ofis binasından ibarətdir. 1712-ci ildə klassik fransız barokko üslubunda tikilmiş bina Kral XIV Luinin şərəfinə inşa edilmiş məşhur Vandom meydanının bir hissəsidir. Binanın ümumi sahəsi 5400 kv. metr olub, ofis, ticarət və yaşayış sahələri kimi bir sıra nüfuzlu şirkətlərə, o cümlədən bir sıra maliyyə və hüquq xidməti şirkətlərinə, eləcə də zərgərlik məmulatları istehsal edən məhşur şirkətlərə icarəyə verilmişdir.

  

ARDNF-nin Vəsaitlərin idarə edilməsi müdiriyyətinin müdiri İsrafil Məmmədov binanın alınmasını şərh edərkən bildirmişdir ki: “ARDNF son iki daşınmaz əmlak investisiyası ilə artıq Avropanın iki əsas iqtisadi mərkəzlərində - London və Paris şəhərlərinin daşınmaz əmlak bazarlarında təmsil olunmuşdur. Gələn ildə də ARDNF güclü fundamental bazar əsaslarına söykənən dünyanın önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində yüksək icarə haqqları ilə səciyyələnən, müasir maddi-texniki təchizatla təmin olunmuş ofis binalarının alınmasını həyata keçirərək kifayət qədər diversifikasiya olunmuş daşınmaz əmlak portfelinin yaradılması istiqamətindəki işlərinə davam edəcəkdir”.   

Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. 01 dekabr 2012-ci il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 33 895 mln. ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilmişdir. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5 %-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.