Bizi izləyin
      AZ  |  EN  |  Ana səhifə         

 

 
Xəbərlər arxivi

Neft Fondu Moskvada daşınmaz əmlak almışdır


26/12/2012


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16”ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor”ofis-ticarət mərkəzini satın almışdır. Binanın alqı-satqı prosesində satıcı qismində VTB Qrupa daxil olan “Metropoliten İnşurəns Qrup” (Metropolitan Insurance Group), Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimi ALRUD şirkəti, broker qismində isə Cons Lanq Lasal (Jones Lang LaSalle) şirkəti çıxış etmişdir. 

 

 “Qalereya Aktyor” Moskva şəhərinin  tarixi mərkəzində yerləşir. “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin təmərküzləşdiyi ərazidir. Bina “Tverskaya” küçəsi və “Strastnoy” bulvarın kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir.1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunmuşdur. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir. Əmlak illik icarə haqqı 9,6 milyon ABŞ dolları olmaqla, müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilmişdir. Binanın yerləşdiyi ərazinin müstəsnalığı, eləcə də Moskva ofis daşınmaz əmlak bazarının güclü fundamental əsasları bu investisiyadan daimi gəlirliliyin əldə edilməsinə şərait yaradan amillərdəndir ki, binanın ticarət obyektlərinə  icarəyə verilən hissəsi üçün nəzərdə tutulan yeniliklər nəticəsində də gələcəkdə bu gəlirliliyin daha da artırılması planlaşdırılır. Binanın alınması eyni zamanda  Fondun 2012-ci ildə Avropanın bir sıra böyük paytaxt şəhərlərinin əsas mərkəz-biznes ərazilərində həyata keçirməyə başladığı daşınmaz əmlak investisiya strategiyasına uyğun olaraq baş tutmuşdur.   

 

ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov binanın alınmasını şərh edərkən bildirmişdir ki: “Bu binanın alınması ilə Fond daşınmaz əmlak investisiya strategiyası çərçivəsində daha bir uğurlu addıma imza atmışdır. Bu hadisəni eyni zamanda uzun müddətdən bəri mövcud olan və ikitərəfli strateji tərəfdaşlığa söykənən, dərin tarixi-mədəni köklərə sahib Azərbaycan-Rusiya əlaqələrinin investisiya sahəsində yeni mərhələnin başlanğıcı kimi səciyyələndirmək olar. Belə ki, Fondun ilkin daşınmaz əmlak investisiyalarından birinin məhz Moskva şəhərində həyata keçirilməsi ARDNF-nin Rusiya Federasiyası üçün nəzərdə tutduğu investisiya strategiyasının daha uzunmüddətli dövrü əhatə edəcəyini nümayiş etdirir.”

 

 

 

Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. 01 dekabr 2012-ci il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 33 895 milyon ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilmişdir. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5 %-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.