|
Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi
(01.10.2011-ci il tarixinə) 2010-cu ilin 28 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Dövlət Neft Fondunun 2011-ci il büdcəsinə əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi layihəsinin maliyyələşdirilməsinə 33 446,0 min manat vəsaitin ayrılması nəzərdə tutulur.
Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması, əhaliyə yüksək keyfiyyətli suyun çatdırılması və Bakı şəhərinin 24 saat ərzində fasiləsiz olaraq su ilə təmin edilməsidir. Bunun üçün təxminən 150 metr dərinlikdə və 350 mm diametrində olan 75-ə qədər istismar quyusu tikilmişdir.
"Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsinin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42s nömrəli Sərancamına əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edilmişdir.
01 oktyabr 2011-ci il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə müqavilələr üzrə ümumilikdə 757,5 milyon manat, o cümlədən 2011-ci ilin üç rübü üzrə 10,5 milyon manat vəsait istifadə olunmuşdur.
2011-ci ildə ayrılacaq vəsaitləri nəzərə almaqla, layihənin ümumi dəyərinin 780,4 milyon manat təşkil etməsi nəzərdə tutulur.
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrası ümumilikdə "Azərsu" ASC-nin sifarişi əsasında aşağıdakı işlər çərçivəsində həyata keçirilməkdədir:
1. Texniki-iqtisadi əsaslandırma və məsləhətçi xidmətlərinin həyata keçirilməsi.
1.1. Texniki-iqtisadi əsaslandırma. Su kəməri layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair Almaniyanın "CES Consulting Engineers" şirkəti ilə 6 yanvar 2006-cı il tarixində 2,1 milyon avro məbləğində müqavilə imzalanmış və bu vəsait tam olaraq istifadə olunmuşdur.
1.2. Məsləhətçi xidmətlərinin həyata keçirilməsi. Layihə üçün idarəetmə və texniki nəzarət üzrə məsləhətçi xidmətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq qanunvericiliyə uyğun olaraq satınalma proseduru həyata keçirilmiş və "CES Consulting Engineers" şirkəti ilə 24 noyabr 2006-cı il tarixində 12,0 milyon avro məbləğində müqavilə imzalanmışdır. 02 mart 2009-cu ildə müqaviləyə 1 saylı düzəliş imzalanmış və müqavilənin dəyəri 19,9 milyon avroya qalxmışdır. Müqavilə üzrə ümumilikdə 21,8 milyon manat vəsait istifadə olunmuşdur. Lakin sonradan "CES Consulting Engineers" şirkətinin fəaliyəti qənaətbəxş hesab edilmədiyindən müqaviləyə xitam verilmiş və qeyd olunan işlərin davam etdirilməsi üçün ixtisaslaşmış şirkətlər araşdırılaraq 09 iyun 2011-ci il tarixində Kaspian Menecment Konsaltinq MMC şirkəti ilə 420 000 manat dəyərində yeni müqavilə imzalanmışdır.
2. Şüşəlifli poliestr boru və boru məmulatlarının təchizatı.
2.1. Şüşəlifli poliestr boru və boru məmulatlarının təchizatı. Şüşəlifli poliestr boru, dirsək və üçlüklərin satınalınması üçün müvafiq qanunvericiliyə uyğun olaraq keçirilmiş tender nəticəsində 266 km uzunluqda şüşəlifli poliestr boruların və boru məmulatlarının satınalınması üçün "Azkompozit" firması ilə 229,4 milyon manat məbləğində müqavilə imzalanmışdır. Sonradan su kəmərinin müəyyən hissəsində şüşəlifli poliestr borularının polad borularla əvəz edilməsinə yaranmış zərurətlə əlaqədar 53,2 km uzunluğunda şüşəlifli borular və boru məmulatlarının müqavilənin dəyərindən çıxarılması nəticəsində müqavilənin dəyəri 188,8 milyon manata qədər azaldılmışdır. Bundan başqa, enerji daşıyıcılarının qiymətinin artması ilə bağlı bu müqavilə üzrə 42,3 milyon manat dəyərində qiymət artımı hesablanmışdır ki, bunun 18,9 milyon manatı 11 noyabr 2008-ci il tarixli 2 nömrəli düzəlişlə və 23,4 milyon manatı isə 16 mart 2010-cu il tarixli 4 nömrəli düzəlişlə müqavilənin dəyərinə əlavə olunmuşdur. Yekun müqavilə dəyəri 230,6 milyon manat təşkil edir. Bu müqavilə üzrə ümumilikdə 229,8 milyon manat vəsait istifadə olunmuşdur.
2.2. Sugötürücülər üçün şüşəlifli boru və boru məmulatlarının təchizatı. Sugötürücülər üçün şüşəlifli poliestr boru, dirsək və üçlüklərin istehsalına dair müvafiq qanunvericiliyə uyğun olaraq satınalma proseduru həyata keçirilmiş və "Azkompozit" firması ilə 05 avqust 2009-cu il tarixli 15,8 milyon manat məbləğində müqavilə imzalanmışdır. Sonradan müqavilənin iş həcmlərində dəyişiklik baş vermiş və 08 iyul 2010-cu il 1 nömrəli düzəlişlə müqavilə dəyəri 22,2 milyon manata qədər artmışdır. Bu müqavilə üzrə ümumilikdə 21,0 milyon manat vəsait istifadə olunmuşdur.
3. Layihələndirmə, tikinti və polad boruların təchizatı.
3.1. Layihələndirmə, tikinti və polad boruların təchizatı. Su kəmərinin layihələndirilməsi və tikintisi üzrə müvafiq qanunvericiliyə uyğun olaraq satınalma proseduru həyata keçirilmiş və Türkiyənin "Turan Hazinadaroğlu İnşaat və Ticarət" Anonim şirkəti ilə 167,7 milyon ABŞ dolları məbləğində müqavilə imzalanmışdır. Sonradan su kəmərinin müəyyən hissəsində şüşəlifli poliestr boruların polad borularla əvəz edilməsinə yaranmış zərurətlə əlaqədar "Turan Hazinadaroğlu İnşaat və Ticarət" Anonim Şirkəti tərəfindən 20,2 km uzunluqda polad boru təchizatı (0,5 km ehtiyat üçün nəzərdə tutulur) və ümumilikdə 47,7 km uzunluqda polad boruların quraşdırılmasının müqavilənin dəyərinə əlavə olunması nəticəsində müqavilə qiyməti 264,9 milyon ABŞ dollarına qədər artmışdır. Bundan başqa, enerji daşıyıcılarının qiymətinin artması ilə bağlı müqavilənin dəyəri 291,4 milyon ABŞ dollarına və əlavə iş həcmlərinə görə 362,1 milyon ABŞ dollarına qədər artırılmışdır. Bu müqavilə üzrə ümumilikdə 274,9 milyon manat vəsait istifadə olunmuşdur.
3.2. Polad boru və boru məmulatlarının təchizatı. Əlavə polad borulara yaranmış zərurətlə əlaqədar polad boruların yerdə qalan hissəsinin (28 km uzunluğunda) təchizatına dair müvafiq qanunvericiliyə uyğun olaraq satınalma proseduru həyata keçirilmiş və Türkiyənin "Han Teknolojik İmalat Montaj Taahhüt San və TİC." Anonim şirkəti ilə 91,9 milyon ABŞ dolları məbləğində müqavilə imzalanmışdır. Müqavilə çərçivəsində 91,9 milyon ABŞ dolları, eləcə də bank komissiya xərcləri və gömrük rəsmiləşdirilməsi zamanı yaranmış məzənnə fərqinə görə əlavə olaraq 0,4 milyon manat istifadə olunmuşdur.
4. Quyuların qazılması və tikintisi.
Quyuların qazılması və tikintisinə dair müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş satınalma proseduru nəticəsində "Arsan Arıtma" şirkəti ilə 44,9 milyon ABŞ dolları məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə çərçivəsində ümumilikdə 24,3 milyon manat vəsait istifadə olunmuşdur. Hazırda bu müqaviləyə xitam verildiyindən quyuların qazılması işləri üç podratçı təşkilat tərəfindən həyata keçirilir.
4.1. Müvafiq qanunvericiliyə uyğun şəkildə satınalma proseduru həyata keçirilmiş və 25 iyun 2010-cu il tarixdə "Transvell Naxçıvan" MMC ilə 10,6 milyon manat dəyərində müqavilə imzalanmışdır. Müqaviləyə edilmiş düzəlişə əsasən müqavilə dəyəri 3,7 milyon manata qədər azaldılmışdır. Müqavilə çərçivəsində 3,2 milyon manat vəsait istifadə olumuşdur.
4.2. Müvafiq satınalma proseduruna uyğun olaraq 25 iyun 2010-cu il tarixdə "Qalf Drillinq Saplay Fze" şirkəti ilə 7,6 milyon manat dəyərində müqavilə imzalanmışdır. Müqaviləyə edilmiş düzəlişə əsasən müqavilə dəyəri 9,2 milyon manata qədər artırılmışdır. Müqavilə çərçivəsində ümumilikdə 8,2 milyon manat, o cümlədən 1,3 milyon manat 2011-ci ilin üç rübü ərzində istifadə olunmuşdur.
4.3. Müvafiq satınalma proseduruna uyğun olaraq 17 dekabr 2010-cu tarixdə "A+B Oyl Services" MMC ilə 1,3 milyon manat məbləğində müqavilə imzalanmışdır. Müqavilə üzrə 2011-ci ilin üç rübü üzrə 1,2 milyon manat vəsait istifadə olunmuşdur. 5. Elektrik şəbəkəsinin tikintisi.
5.1. Elektrik şəbəkəsinin tikintisi. Su kəməri layihəsi üçün elektrik şəbəkəsinin tikintisinə dair müvafiq qanunvericiliyə uyğun şəkildə satınalma proseduru həyata keçirilmiş və "Sumqayıt Elektrik Dəstləşdirmə" Açıq Tipli Səhmdar Cəmiyyəti ilə 15 iyul 2009-cu il tarixli 22,2 milyon manat məbləğində müqavilə imzalanmışdır. Sonradan müqavilənin iş həcmlərində dəyişiklik edilməsi zərurəti ilə əlaqədar olaraq müvafiq satınalınma proseduru həyata keçirilmiş və 18 may 2010-cu il tarixində müqaviləyə 1 saylı düzəliş imzalanmışdır. Yekun müqavilə dəyəri 23,2 milyon manat təşkil etmişdir. Müqavilə üzrə ümumilikdə 22,1 milyon manat vəsait ayrılmışdır.
|








