İsveçrənin Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin (HES-SO) tələbələri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq çərçivəsində intensiv təlim-təcrübə proqramı zamanı Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) səfər ediblər.
ARDNF-nin inzibati binası və muzeyi ilə tanışlıqdan sonra tələbələr üçün infosessiya keçirilib. İnfosessiya zamanı ARDNF-nin Strateji kommunikasiyalar şöbəsinin mütəxəssisi Aytac Hüseynli tələbələrə Fondun fəaliyyəti, missiyası və ölkənin iqtisadi inkişafındakı rolu barədə məlumat verib.
Daha sonra İnvestisiya departamentinin baş treyderi Fuad İsgəndərov aktivlərin idarə edilməsinə ARDNF-nin yanaşması barədə təqdimatla çıxış edib. Strateji layihələr departamentinin aparıcı təhlilçisi Rüfət İsmayılov hasilatın pay bölgüsü sazişləri (HPBS) və strateji layihələrdə Fondun rolundan, həmin departamentin baş mütəxəssisi Aysel Sadıqlı isə Fondunmaliyyələşdirdiyi təhsil layihələrindən və layihələrin insan kapitalının inkişafına verdiyi töhfələrdən danışıb.
Görüşün sonunda tələbələri maraqlandıran suallar Fond əməkdaşları tərəfindən cavablandırılıb.








