oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Sual-cavab

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur.

ARDNF-nin vəsaiti:

1. hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər,

2. bonuslar,

3. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən ödənilən akrhesabı ödənişlər,

4. dividendlər,

5. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər,

6. sərmayəçilər tərəfindən təhvil verilən aktivlərdən əldə edilən gəlirlər,

7. ARDNF-nin aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər,

8. qrantlar və digər təmənnasız yardımlar,

9. qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar hesabına formalaşır.


ARDNF-nin Əsasnaməsinə uyğun olaraq, Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına və bərpasına istifadə oluna bilər.

Bundan başqa, ARDNF dövlət büdcəsinə transfertlər edir. ARDNF-nin xərclərinin müəyyən hissəsi isə onun idarə edilməsinə yönəldilir.

ARDNF-nin əməliyyat və idarə edilməsi ilə bağlı xərcləri istisna olmaqla, bütün xərcləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığı vasitəsilə həyata keçirilir.

ARDNF aşağıdakı ümummilli əhəmiyyətə malik layihələrin maliyyələşdirilməsini həyata keçirir:

1) Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (tamamlanıb),

2) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli layihəsi,

3) Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsi (tamamlanıb),

4) Samur-Abşeron suvarma kanalının rekonstruksiya edilməsi layihəsi,

5) Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi (tamamlanıb),

6) “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsi,

7) “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.

2013-cü ildən etibarən ARDNF aşağıdakı yeni layihələrin maliyyələşdirilməsini həyata keçirməyə başlamışdır:

- Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi,

- Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (tamamlanıb),

- "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi,

- Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.


Xeyr. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2001-ci il tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»na əsasən ARDNF-nin vəsaiti hesabına Neft Fondunun büdcəsindən kənar hər hansı xərclərin ARDNF tərəfindən həyata keçirilməsi yolverilməzdir.

“Büdcə Sistemi haqqında” Qanunda nəzərdə tutulduğu kimi, ARDNF-nin xərcləri icmal dövlət büdcəsinin, yəni dövlət büdcəsinə daxil olan və dövlət büdcəsindən kənar fondların birgə büdcəsinin tərkib hissəsidir. İcmal dövlət büdcəsinin xərcləri isə hər il ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir. Beləliklə hər bir vətəndaş öz seçdiyi millət vəkili vasitəsilə ARDNF-nin büdcəsinin müzakirəsində iştirak edir. Bu Qanuna uyğun olaraq, ARDNF yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə bilər.

ARDNF Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq yaradılmış hüquqi şəxsdir. ARDNF Azərbaycan Respublikasının qanunvericiliyi, ARDNF haqqında Əsasnamə və digər normativ-hüquqi sənədlərlə müəyyən edilən səlahiyyətləri həyata keçirərək müstəqil fəaliyyət göstərir. ARDNF Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır. ARDNF eləcə də, özünün nəzarətedici orqanı olan Müşahidə Şurasına və Milli Məclis tərəfindən yaradılmış Hesablama Palatasına hesabat verir.

ARDNF-nin yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həyata keçirilir.


ARDNF-nin fəaliyyətinə ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının başlıca vəzifəsi ARDNF-nin icraçı direktoru tərəfindən hazırlanan ARDNF-nin illik büdcə layihəsinə və büdcəsinin icrası barədə hesabatlara, illik hesabatlara, maliyyə fəaliyyətinin auditinin nəticələrinə rəy verməkdir. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə Müşahidə Şurasının 6 nəfərdən ibarət tərkibi təsdiq edilmişdir.

ARDNF-yə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən icraçı direktor rəhbərlik edir. ARDNF-nin icraçı direktoruna ARDNF-ni qanuni olaraq təmsil etmək, işçiləri vəzifəyə təyin və vəzifədən azad etmək, ARDNF-nin işini təşkil etmək, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq ARDNF-nin vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək səlahiyyətləri verilmişdir. İcraçı direktor ARDNF-nin illik büdcəsini, Fondun vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir.

ARDNF-nin büdcəsinin icrası Müşahidə Şurası tərəfindən verilmiş rəy əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş ARDNF-nin büdcəsinə, o cümlədən vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramına) və illik xərclər smetasına uyğun olaraq həyata keçirilir.

ARDNF-nin valyuta vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar»a uyğun olaraq həyata keçirilir.

ARDNF-nin gündəlik idarə edilməsi, habelə vəsaitlərinin yerləşdirilməsi üçün ARDNF-nin vəzifəli şəxslərindən ibarət icraedici komitə və investisiya şurası yaradılıb.

Azərbaycan Respublikasının “Büdcə Sistemi haqqında” Qanununa uyğun olaraq, ARDNF-nin gəlir və xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsi olaraq hər il ölkə parlamenti tərəfindən dövlət büdcəsi layihəsi ilə birlikdə müzakirə edilir və təsdiq edilir. Dövlət büdcəsi layihəsinin təsdiqi prosesində icmal büdcənin kəsirinin (icmal büdcənin gəlir və xərcləri arasındakı fərq), habelə icmal büdcənin xərclərinin yuxarı həddinin məbləğlərinə baxılır və bütün bu göstəricilər dövlət büdcə layihəsi ilə bərabər təsdiq edilir. ARDNF-nin xərcləri isə yalnız Fondun təsdiq olunmuş büdcəsi çərçivəsində həyata keçirilə bilər. Digər tərəfdən “Büdcə Sistemi Haqqında” Qanuna uyğun olaraq, birbaşa Parlamentin nəzarətində olan və ona hesabat verən Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən ARDNF audit oluna bilər.

Eyni zamanda ARDNF-nin fəaliyyətinə ümumi nəzarət yüksək səviyyəli hökumət və parlament nümayəndələrindən ibarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.

Bütün bu faktlar ARDNF-nin Parlamentin nəzarətindən kənarda olması barədə iddiaların əsassız olduğunu sübut edir.

ARDNF-nin vəsaitlərinin idarə edilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş investisiya qaydaları əsasında həyata keçirilir. ARDNF-nin vəsaiti nüfuzlu və beynəlxalq miqyasda tanınmış maliyyə qurumlarının hesablarında saxlanılır, yüksək reytinqli qiymətli kağızlarda yerləşdirilir.

ARDNF-nin vəsaitləri:

  • inkişaf etmiş xarici ölkələrin dövlət istiqrazlarında,
  • borc kağızlarında,
  • depozitlərdə,
  • pul bazarı alətlərində,
  • beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlər,
  • daşınmaz əmlakda,
  • və qızılda yerləşdirilmişdir.

ARDNF fəaliyyətində daim şəffaflıq sahəsinə xüsusi diqqət göstərir. ARDNF-nin hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Neft Fondunun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir.

ARDNF təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunması üçün gəlir və xərcləri, investisiya fəaliyyəti haqqında rüblük, ARDNF-nin fəaliyyəti barədə illik hesabatları mətbuatda və ARDNF-nin rəsmi internet səhifəsində (www.oilfund.az), sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq dərc edir.

ARDNF-nin fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media nümayəndələri üçün vaxtaşırı mətbuat konfransları təşkil edilir.

2007-ci ilin mayında ARDNF şəffaf fəaliyyətinə görə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir.

2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə “2009-cu il MHŞT mükafatı” təqdim edilmişdir.

ARDNF-nin rəsmi internet səhifəsi müntəzəm olaraq yenilənir. Saytda ARDNF-nin tarixi, məqsəd və fəlsəfəsi, onun idarəetmə strukturu, beynəlxalq əlaqələri, maliyyələşdirdiyi layihələr, vəsaitlərinin idarə edilməsi haqqında məlumatı, eləcə də ARDNF-nin fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədləri əldə etmək mümkündür. Saytda ARDNF-nin vəsaitlərinin xərclənməsi istiqamətləri, gəlir və xərclər barədə rüblük hesabatları, ARDNF-nin büdcəsi ilə əlaqədar məlumatları, ARDNF-nin fəaliyyəti barədə illik hesabatları, müxtəlif mühüm tədbirlərdə təqdim olunmuş Fondun fəaliyyətinə dair təqdimatları əldə etmək olar. İnternet səhifədə mətbuat guşəsi mövcuddur ki, burada da ARDNF-nin ictimaiyyətlə əlaqələri, informasiya siyasəti, xəbərlər, mətbuatda ARDNF barədə dərc edilən materiallar və s. yerləşdirilmişdir.

ARDNF-nin internet səhifəsi ilə bağlı təklif və fikirlərinizi pr@oilfund.az ünvanına göndərə bilərsiniz.