oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Mükafatlar

Mükafatlar

ARDNF-nin şəffaf fəaliyyəti daim dünyanın nüfuzlu qurumları tərəfindən yüksək qiymətləndirilir.

BMT-nin dövlət qulluğu mükafatı

2007-ci ildə ARDNF BMT-nin "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə mükafata layiq görülüb. Mükafat BMT-nin 7-ci Qlobal Forumu çərçivəsində keçirilmiş mükafatların təqdimetmə mərasimində ARDNF-yə təqdim edilib. ARDNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən birinci dövlət qurumudur.

Qeyd edilən mükafat dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafatlardan hesab olunur. Bu mükafat BMT tərəfindən 2003-cü ildə təsis olunub. Mükafatın təsis edilməsində əsas məqsəd müxtəlif dövlət qurumlarının ölkələrin inkişafına verdiyi töhfələrinin və əldə etdikləri uğurların qiymətləndirilməsidir.

BMT Baş Assambleyasının 2003-cü il martın 7-də təsdiq etdiyi Qətnaməyə əsasən hər il iyunun 23-ü BMT Dövlət Qulluğu Günü kimi qeyd olunur.

2009-cu il MHŞT Mükafatı

2003-cü ildə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulan Azərbaycan bu sahədə bir çox “ilk”ləri həyata keçirən ölkə olub. MHŞT-dəki fəaliyyəti dövründə Azərbaycan mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə audit olunmuş məlumatları müntəzəm olaraq ictimaiyyətə açıqlayıb, MHŞT-nin qiymətləndirmə prosesindən keçən ilk ölkə olub. Bunları nəzərə alaraq 2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş MHŞT üzrə 4-cü beynəlxalq konfransda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusu təsdiq edildi. Bununla da Azərbaycan MHŞT-ni tətbiq edən və namizəd statusu almış ölkələr arasında tamhüquqlu üzv satusunu almış ilk ölkə oldu. Kofransda Azərbaycana MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə “2009-cu il MHŞT mükafatı” təqdim edilib.