Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilmişdir. ARDNF-nin İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədəri qızıla investisiya edilə bilər.
1 fevral 2012-ci il tarixindən etibarən ARDNF London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının (LQMBİA) market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlamışdır. 1987-ci ildən fəaliyyət göstərən LQMBİA Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində ARDNF-nin investisiya portfelinə daxil edilməsi həyata keçirilmişdir.
ARDNF 2018-ci ilin ikinci rübündən 2020-ci ilin ikinci rübünədək qızılın alışını davam etdirmiş, nəticədə ARDNF-nin investisiya portfelində qızılın həcmi 101,8 tona (3 272 975 troya unsiyası) çatdırılmışdır və ötən rübün sonuna eyni həcmdə qalmaqdadır.
Alınmış qızılın Azərbaycana gətirilməsi Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən həyata keçirilir.
Gətirilmiş qızıl ARDNF-nin yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün nəzərdə tutulmuş xəzinədə yerləşdirilmişdir.