oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

İnvestisiya siyasəti

İnvestisiya siyasəti

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra – Fond) vəsaitinin xərc istiqamətləri

1.1. Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi;

1.2. “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.

2. Fondun 2021-ci il üçün investisiya siyasəti

2.1. Fondun investisiya siyasətinin məqsədi

2021-ci ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.

2.2. Fondun investisiya portfeli

2.2.1. İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi

2021-ci il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 41,1 milyard ABŞ dollarına bərabər götürülür.

2.2.2. İnvestisiya portfelinin valyuta tərkibi

Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Fondun investisiya portfelinin məcmu dəyərinin:

1. 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;

2. 20 faizi avroda ifadə olunan aktivlərə;

3. 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;

4. qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

2.2.3.İnvestisiya portfelinin altportfelləri

Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir:

1. borc öhdəlikləri və pul bazarları alətləri alt portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 50 faizi;

2. səhm (pay) alt portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları, o cümlədən səhm (pay) üzrə müştərək investisiyalarda iştirak payları olmaqla);

3. daşınmaz əmlak alt portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri (daşınmaz əmlaka və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları və daşınmaz əmlak daxil olmaqla);

4. qızıl alt portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 15 faizə qədəri.

2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi

1. Fondun borc öhdəlikləri və pul bazarları alətləri alt portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə ”ICE BofA Fixed Income Indices” əsas götürülür.

2. Səhm (pay) alt portfelinin hədəf gəlirliliyi (bençmark) kimi “MSCI Stock Market Indexes” əsas götürülür.

3. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın (bundan sonra Qaydalar) 4.2-ci bəndinə əsasən qızıl alt portfelinə hədəf gəlirliliyi (bençmark) tətbiq edilmir.

2.3.İnvestisiya portfelinin risklərinin idarə olunması üzrə tələblər

2.3.1.Faiz dərəcəsi riski

Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət müvafiq bençmarkın ortaçəkili investisiya müddətindən artıq olmamalıdır.

2.3.2.Kredit riski

1. Depozitar banklar və bençmarka daxil olan dövlətlərin borc öhdəlikləri istisna olmaqla, bir maliyyə qurumunun və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.

2. Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi Qaydaların 3.3-cü bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir.

2.3.3. Likvidlik üzrə tələblər

Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 (yeddi) iş günündən çox davam etməməlidir.

2.3.4.Xarici menecerlər üzrə tələblər

1. Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.

2. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.

3. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla bu menecerlər arasında bağlanan sazişdə göstərilməlidir.