“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə 31.03.2023 tarixinə məlumat
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın (Dövlət Proqramı) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il 711 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən Dövlət Proqramının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti, beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları, kreditlər və qrantlar, xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi müəyyən edilmişdir.
Sərəncama əsasən Dövlət Proqramının icrası Azərbaycan Respublikası Təhsil Nazirliyinin (Nazirlik) nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu (İdarəetmə Qrupu) tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə Dövlət Proqramının Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 444 nömrəli Qərarıilə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim qaydaları təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarıilə Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 450 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 451 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının va təhsil səviyyələrinin seçim qaydaları təsdiq edilmişdir.
Dövlət Proqramı çərçivəsində 31.03.2023-cü il tarixinə AR Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Xəzinədarləq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsindəki müvafiq hesablara ARDNF tərəfindən ümümilikdə 37,752.4 min manat vəsait ayrılmışdır, o cümlədən
• İdarəetmə Qrupunun 2020-2023-cü illərdə təsdiq edilmiş xərclər smetaları üzrə ümumilikdə 1,072.5 min manat (cari ilin 1-ci rübü üzrə 310.7 min manat);
• Azərbaycan vətəndaşlarının xaricdə doktorantura üzrə təhsilinin maliyyələşdirilməsi üçün 2020-2023-cü illərdə 12,323.9 min manat (cari ilin 1-ci rübü üzrə 539.7 min manat, ayrılmış vəsaitlər təhsil alanların yaşayış, təhsil, viza, sığorta, qeydiyyat, yol və bank xərclərinin ödənilməsinə yönəldilmişdir);
• Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə 2020-2023-cü illərdə 24,356.6 min manat (cari ilin 1-ci rübü üzrə 387.2 min manat).
Qeyd edilməlidir ki, Layihə üzrə ARDNF-nin 2023-cü il üzrə büdcəsində 38.5 mln. manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.